Məhkəmə qərarları › İş №3(012)-25/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-25/2020

19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-25/2020 19.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkən Mövlamova Ruqiyə Hüseyn qızının iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tətbiq olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-1116/2018 saylı, xx.xx.2018ci il tarixli qərarını tam şəkildə icra etməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1116/2018 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin xx.xx.2018-ci il tarixdə icraatına başlanılmış, borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Borclu yaşadığı yer haqqında düzgün məlumatlar vermir, bu da icra hərəkətlərini aparmaqda problemlər yaradır. Borclu Şəxs aliment borcunu ödəməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1116/2018 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(0120)-2755/2017 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə xx.xx.2007-ci il təvəllüdlü Mövlamlı Emin Eldar oğlunun və xx.xx.2010-cu il təvəllüdlü Mövlamlı Kənan Eldar oğlunun yetkinlik yaşınadək saxlanmaları üçün Şəxs hər uşağa görə 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Mövlamova Ruqiyə Hüseyn qızına verilməsi qət edilmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilmir və aliment borcunu ödəməkdən boyun qaçırır və onun 2-ci qrup əlil və müharibə veteranı kimi aldığı pensiyadan başqa gəliri yoxdur, həmin məbləğin də 70 faizi borculunun xeyrinə tutulur. Onun yerdə qalan borcu ödəməyə imkanı yoxdur. Ona görə də məhkəmədə qanuna uyğun cəza verilməsinə etiraz etmir. Məhkəmə iclasında dindirilmiş tələbkar Mövlamova Ruqiyə Hüseyn qızı uşaqlarının saxlanmasında əziyyət çəkdiyini, borclunun onunla birgə nikahda yaşadığı dövrdə kombi ustası olmaqla fərdi əməklə məşğul olduğunu, əvvəllər borcunu mütəmadi olmaqla ödəsə də son vaxtlar borcunu ödəməkdən boyun qaçırdığını və borcunu inzibati xəta haqqında iş üzrə aparılan şəxs Şəxs tələb etdiyini bildirdi və borcluya ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan Dövlət Sosial X4 rayon şöbəsi tərəfindən Abşeron rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli, 20/7346 saylı məktubun surətindən görünür ki, Şəxs pensiya alan şəxslər siyahısında vardır. İş materiallarında olan Dövlət Sosial X4 Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2921 saylı arayışın surətindən görünür ki, Şəxs Əmək və Əhalinin sosial X4 Rayon şöbəsindən 2-ci qrup ümumi müddətsiz 160 manat pensiya alır. Həmin pensiyadan xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixdək hər ay 105,04 manat xx.xx.2019-cu il tarixdən hər ay 108,19 manat aliment borcuna görə tutulur. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 3(012)-25/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnizibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati icraata xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apelyasiya Məhkəməsinin qərarına əsasən Mövlamomav Eldar Daxil oğlunun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsilə başlanılmış inzibati icraata xitam verilməsi barədə 3(012)-25/2020 saylı qərarı ləğv edilməsi və işə yenidən baxılması üçün material Abşeron Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə aliment və xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsininəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə araşdırması zamanı tələbkar qeyd etdi ki, birgə nikah dövründə yaşadıqları zaman Şəxs kombi ustası kimi fərdi əməklə məşğul olmuş və əlavə qazanc əldə edirdi. Borclu məhkəmədə kombi ustası olmasını inkar etsə də, məhkəmə tələbkar Ruqiyə Mövlamovanın dediklərini daha inandırıcı hesab edir və borcluya inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə zamanı müəyyən edildi ki, borclu hətta yaşayış yerini də icra məmurundan gizlədir və məsuliyyətdən yayınmağa çalışır. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar