Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2508/2024 04.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil, tələbkar Zərərçəkmiş şəxs vərəsəsi - X3 iştirakları ilə, xx.xx.1990-cıl il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-8329/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 2930 manat borcu ödəməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra Şöbəsinin icra məmuru X5 bildirdi ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-8329/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra vərəqəsi dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində qətnaməni icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs icra vərəqəsi icraya yönəldiyi vaxtdan bu günədək tələbkara olan borcunu tələbkarın vərəsəsinə ödəməmişdir. Tələbkarın vərəsəsi borcun ödənilməsini tələb etsə də, borclu borcunu ödəməkdən imtina edir. Borclu isə borcu ancaq hissə-hissə qaytara biləcəyini bildirmişdir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, 1000 borc pul almış, həmin məbləği də vaxtı ilə tələbkar Zərərçəkmiş şəxs özünə ödəmişdir. Lakin borcun ödənilməsini təsdiq edən sənəd olmadığı üçün borcunun olmamasını sübut edə bilmir. Məhkəmə iclasında tələbkarın vərəsəsi X6 bildirdi ki, iş üzrə borclu Şəxs tərəfindən borc hal-hazırkı vaxta qədər ödənilməmişdir. Mərhum oğlu Zərərçəkmiş şəxs sağlığında borcun Şəxs tərəfindən qaytarılması barədə ona heç bir məlumat verilməmişdir. Əgər borc borclu tərəfindən oğlunun sağlığında qaytarılsaydı hər bir halda onun məlumatı olardı. Borclu müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınır. Borclu şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, Şəxs borc aldığını etiraf etsə də, həmin borcu qaytardığını da bildirir. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər məhkəməsinin 2(060)-8329/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 2900 (iki min doqquz yüz) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 2930 (iki min doqquz yüz otuz) manat tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşin materiallarında olan qanun üzrə vərəsəlik şəhadətnaməsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs vərəsələrindən biri də X4r. İşin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)- 960/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək araşdırma zamanı belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş, nəticədə onun tələbkara Sumqayıt şəhər məhkəməsinin 2(060)-8329/2019 saylı, xx.xx.2019-cu saylı icra sənədinə əsasən 2930 manat məbləğində pul vəsaiti borcu yaranmışdır. O, xx.xx.2019-cu il tarixli icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Borcunu vaxtilə sağlığında tələbkara ödədiyini bildirsə də bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, Şəxs eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri icra məmurunun izahatı və özünün izahatı, habelə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bu əsasda məhkəmə hesab edir ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən düzgün olaraq onun barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, tətbiq edilən inzibati tənbehin məqsədlərinə nail olmanın mümkünlüyünü, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425-426 və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin və və ona 20 (iyirmi) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il, saat 17:45-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-2508/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2508/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver