Məhkəmə qərarları › İş №3(012)-254/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-254/2022

04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-254/2022 04.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, X1nun iştirakı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 117883 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 117883 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis idarəsi istintaq Təhqiqat Şöbəsinin xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İnzibati Xətalar Məcəlləsi) 211.1-ci maddəsinə əsasən, barəsində inzibati tənbeh tətbiq edilmiş, cərimə olunmuşdur. Qeyd olunan qərar və inzibati xətanın törədilməsinə dair xx.xx.2022-ci il tarixli ******* saylı protokol tamamilə əsassızdır və qanunvericiliyə və işin faktiki hallarına zidd olaraq tərtib edilmişdirAbşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “VİP Çay Evi” fəaliyyət göstərməkdədir. xx.xx.2022-ci il tarixində polis əməkdaşları obyektə daxil oldular və burada qəlyan istifadə edildiyini və buna görə cərimə yazacaqlarını bildirdirlər. Öz növbəsində cərimə ilə razılaşmayaraq karantin rejimi ilə bağlı heç bir tələbi pozmadığını polis əməkdaşlarının diqqətinə çatdırmışdır. Lakin polislər cərimə tətbiq etməkdə israrlı idilər. Məsələni izah etməyə belə imkan vermədən protokol tərtib etdilər və getdilər. Halbuki çayxanada heç bir qəlyan avadanlığından istifadə edilməmişdir. Bunu orda olan şəxslər də təsdiq edə bilər. Karantindən əvvəl bu obyekt həm çay evi, həm də qəlyanxana kimi istifadə edilirdi. Bir vətəndaş kimi mən də karantin rejimi ilə əlaqədar qaydalardan xəbərdardır. Bu səbəbdən də hazırda sözügedən obyekt sadəcə çay evi kimi müştərilərə xidmət göstərir. Bir sözlə, törədilməmiş hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən 4000 manat məbləğində cərimə olunmasını tam qanunsuz və əsassız hesab edir. Buna görə Abşeron rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 117883 saylı qərarın ləğv edilməsi xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Abşeron rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Qərarından şikayət verilən orqana - Abşeron rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Xızı Rayon Məhkəməsinin 3(068)-6/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərardadı ilə X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron RPİ-nin İTŞ tərəfindən tərtib edilmiş 07 yanvar 2022-ci il tarixli, MN 117883 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətin aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 3(012)-254/2022 saylı, 27 aprel 2022-ci il tarixli qərarı ilə X3 Abşeron rayon Polis İdarəsinin İTŞnin rəis müavini Elçin Rəcəbov tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinin təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(105)-299/2022 saylı qərarı ilə Abşeron Rayon Məhkəməsinin 3(012)-254/2022 saylı, 27 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati tənbehvermə haqqında qərarın ləğvinə dair şikayət üzrə materiala yenidən baxılması üçün material Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılması qərar alınmışdır. Abşeron RPİ-in xx.xx.2022-ci il tarixli 128-10069 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə, Xızı rayonu, Giləzi Masazır qəsəbəsində qeydiyyatda olan X5 Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş karantin rejimi dövründə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri qaydalarını pozmuşdur. Bununla da onun, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələblərini pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunması haqqında qərar qəbul edilmişdir. Abşeron RPİ-in xx.xx.2022-ci il tarixli, MN serialı, ******* nömrəli qərarı ilə Xızı rayonu, Giləzi Masazır qəsəbəsində qeydiyyatda olan X5 Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş karantin rejimi dövründə epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimləri qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunması qərara alınmışdır. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2022-ci il tarixli, 117883 saylı qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncam verici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. 124.2-cü maddəsində qeyd olunur ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsində qeyd olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Qərarının 1,2.2-ci bəndinə əsasən, ictimai iaşə obyektlərində, eləcədə restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi müəyyən edilmişdir. Şikayətə əlavə edilmiş inzibati xəta haqqında qərardan görünür ki, inzibati xəta haqqında işə xx.xx.2022-ci il tarixdə baxılmışdır. X3 iştirakı olmadan və ona bu barədə məlumat verilmədən qərar qəbul edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hüquq nəzəriyyəsinə görə hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs dedik də, hüquqi şəxsin nizamnaməsinə (əsasnaməsinə, yaxud əmək müqaviləsinə) uyğun olaraq hüquqi şəxs üçün hüquq və vəzifələr yaradan qərarlar qəbul etmək, təşkilati-sərəncamverici və inzibatitəsərrüfat məzmunlu digər hərəkətlər etmək, məsələn hüquqi şəxsin adından müqavilə bağlamaq, işçini işə qəbul etmək və işdən azad etmək, hüquqi şəxsin əmlakına sərəncam vermək və s. səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə onun fəaliyyətinə bütövlükdə və ya onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə və sahələrinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin eyni vəzifəli şəxsi bəzən sadalanan səlahiyyətlərin birinə, ikisinə və ya bir neçəsinə eyni anda malik ola bilər. Hazırki işin faktiki hallarından göründüyü kimi, X5 ehtimal edilən hüquq pozuntusu aşkar edilmiş “VİP Çay Evi” çayxanaya münasibətdə vəzifəli şəxs statusunda deyildir. Həmçinin sözügedən qərarın qəbul edilməsi zamanı həmin ictimai iaşə obyektində işləməsi göstərilən şəxslərin izahatlarına istinad edilsə də inzibati xəta haqqında protokoldan göründüyü kimi protokolda inzibati xətanın törədildiyi vaxt göstərilməmişdir. Qeyd olunmalıdır ki, qanunvericilikdə vaxt dedikdə il, ay, gün, saat nəzərdə tutulur. X2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində xx.xx.2022-ci il tarixdə hansı saatda (“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Qərarının 1,2.2-ci bəndində qeyd edilən saat) karantin qaydalarının pozulmaqla, yəni “VİP Çay Evi” obyektində qəlyandan istifadə edilməsi müəyyən edilmir. Bundan başqa X5 iştirakı olmadan barəsində tərtib edilmiş protokol əsasında Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib, (vəzifəli şəxs kimi) 4000 manat inzibati cərimə tətbiq edilməsinə dair birbaşa qərar qəbul etmişdir. Halbu ki, Abşeron rayon Polis İdarəsi X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmiş, sonuncunun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, xx.xx.2022-ci il tarixdə 4000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Eyni zamanda X5 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığına görə səlahiyyətli vəzifəli şəxs Abşeron RPİ-in əməkdaşı inzibati xəta haqqında protokol tərtib etməli və protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməli idi. X3 izahatından və şikayət ərizəsindən görünür ki, o, hadisənin mövcudluğu ilə razılaşmamış, tərtib edilmiş protokola etirazını bildirmişdir. Yəni səlahiyyətli şəxs tərəfindən İXM-nin tələbləri ciddi şəkildə pozulmuşdur. Mübahisələndirilən qərar yalnız İXM-nin tələblərinə zidd olaraq tərtib edilmiş inzibati xəta haqqında protokola istinad edilərək qəbul edilmişdir. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Qanunverici yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilə bilməsinə hüquqi imkan verir. Hazırkı işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılmasına hər hansı zərurət olmamışdır. Məhkəmədə X3 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 manat inzibati cərimə tətbiq edilməsinə dair Abşeron rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 4000 manat məbləğində cərimə tətbiq edilməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar