Məhkəmə qərarları › İş №3(012)-2541/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2541/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2541/2024 10.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 15 oktyabr 2024-cü il tarixdə Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilən inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X5 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, 08 dekabr 2024-cü il tarixdə Abşeron RPİ-nin DYPŞ-nin YPX-nin inspektorları Emin Məmmədzadə və Əlizamin Heydərov **-YP-*** nömrə nişanlı avtopatrulla, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Masazır-Novxanı yolunda xidmət apararkən yolla hərəkət edən “Khazar” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin konstruksiya dəyişikliyi olması səbəbindən avtomobilə saxla əmri vermişlər. Saxla əmri verdikdən sonra vətəndaş qəsdən əmrdən yayınaraq hərəkətini davam etdirmişdir. Bununla bağlı dərhal həmin avtomobil saxlanılmış, sürücü özünü qeyri-adekvat aparmaqla polis əməkdaşlarını hədələmiş və ünvansız söyüşlər söymüşdür. Həmin şəxs şəxsiyyəti barədə yayındırıcı məlumatlar verməklə və sənədlərini təqdim etməməklə polisin qanuni tələblərinə məhəl qoymamışdır. Həmin şəxsin etdiyi əməli alkoqolun və ya narkotik vasitənin təsiri altında etməsi şübhəsi olduğundan və polisin qanuni tələbinə məhəl qoymadığından Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, Abşeron Rayon Polis İdarəsində həmin şəxsin xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş Şəxs olduğu müəyyən olundu müəyyən olunmuşdur.Şəxs hərəkətlərində sərxoşluq əlamətləri olduğu üçün Narkoloji Dispanserə göndərilmiş və tibbi müayinədən keçirilmişdir. Nəticədə Şəxs narkotik vasitədən istifadə etməsi aşkar olunmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, “Khazar LX” markalı, **-YG-*** dövlət qeydiyyat niçanlı avtomobili idarə edir və həmin avtomobillə bəzən taksi fəaliyyəti ilə də məşğul olur. 08 dekabr 2024-cü il tarixdə gündüz saatlarında yaşadığı Masazır qəsəbəsi, Ə.Vahid küçəsindən çıxaraq Duz gölünün yanında yerləşən “Azpetrol” X6 gəlmiş, daha sonra həmin yerdən çıxanda X11 Şöbəsinin əməkdaşları ona saxla əmri vermişlər. O, avtomobili saxlamış, polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmişdir. O, avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün cərimə olunacağından narahat olmuş və buna görə də avtomobili sürərək ərazidən uzaqlaşmışdır. Daha sonra isə avtomobildə olan sərnişini düşürmüş və yolda tıxac olduğu üçün ehtiyatsızlıqdan iki avtomobili əzmişdir. Bundan sonra əraziyə gələn polis əməkdaşları onu saxlamışdır. O, avtomobildə konstuksiya dəyişikliyi etdiyi üçün avtomobilinin cərimə meydançasına aparılmamasına görə polis əməkdaşlarının əmrinə tabe olmasa da, lakin o,polis əməkdaşlarını hədələməmiş, nalayiq ifadələr işlətməmişdir. Həmçinin,o təxminən bir neçə gün əvvəl narkotik vasitədən istifadə etsə də, saxlanılan zaman narkotik vasitələrin təsiri altında olmamışdır. Etdiyi əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ona yüngül inzibati tənbeh təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin səmimi peşmançılığını əsas gətirərək sonuncu barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru Emin Məmmədzadə ifadə verərək bildirmişdir ki, 08 dekabr 2024-cü il tarixdə **-YP-*** nömrə nişanlı avtopatrulla, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Masazır-Novxanı yolunda xidmət apararkən yolda hərəkət edən “Khazar” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin konstruksiya dəyişikliyi olması səbəbindən avtomobilə saxla əmri vermişdir. Saxla əmri verdikdən sonra vətəndaş qəsdən əmrdən yayınaraq hərəkətini davam etdirmişdir. Bununla bağlı dərhal məruzə edilmiş və ərazidə xidmət aparan 9729 çağırışlı ƏÇPA-nm əməkdaşlarının iştirakı ilə qarşıda, Abşeron rayonu Masazır qəsəsəbi, İ.Abbasov küçəsində **-YP-*** nömrə nişanlı DYP avtomobilini və digər iki mülki avtomobili zədələyən avtomobili saxlamışlar. Sürücü özünü qeyri-adekvat aparmaqla polis əməkdaşlarını hədələmiş və ünvansız söyüşlər söymüşdür. Həmin şəxs şəxsiyyəti barədə yayındırıcı məlumatlar verməklə və sənədlərini təqdim etməməklə onların qanuni tələblərinə məhəl qoymamışdır. Həmin şəxsin etdiyi əməli alkoqolun və ya narkotik vasitənin təsiri altında etməsi şübhəsi olduğundan və polisin qanuni tələbinə məhəl qoymadığından Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. Abşeron Rayon Polis İdarəsində həmin şəxsin xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş Şəxs olduğu müəyyən olundu müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X10 X1 xx.xx.2024-cü il tarixli, 7718 nömrəli rəyindən görünür ki, Şəxs Opioidlərin, Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Abşeron RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Emin Məmmədzadənin raportu əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Vət. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı, 510-cu və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il, saat 22:00-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 206-cı 510 və 535-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokollar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə -iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddələrin dispozisiyasından göründüyü kimi, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi, eləcə də polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsin törətdiyi xətanı etiraf edib səmimi peşman olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 04 saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən ona 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 22:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar