Məhkəmə qərarları › İş №3(012)-255/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-255/2021

03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-255/2021 03.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, X1nun iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-si tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Bakı şəhər DYPİsi tərəfindən xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol üzrə qəbul olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə özünə məxsus minik avtomobil ilə hərəkətdə olan zaman Bakı şəhəri DYPİ-nin əməkdaşı onu saxlayaraq “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin tələblərini pozduğunu və buna görə də barəsində İXM-nin 342.6-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmasını bildirmişdir. Polis əməkdaşına, telefonla danışmadığını bildirmişdir. Polis əməkdaşı ondan müvafiq sənədləri istəmiş, ona məxsus olan sənədləri özü ilə aparıb inzibati tənbeh haqqında qərar qəbul etdikdən sonra gətirib yenidən ona qaytarmışdır. Qərar qəbul edilən zaman hər hansı protokol tərtib olunmamış, ona hüquq və vəzifələri belə izah olunmamış, həmçinin protokolda izahat yazması üçün ona şərait yaradılmamışdır. Halbuki, DYPİ-in əməkdaşına öz etirazını bildirmişdir. Heç bir pozuntuya yol verməmişdir. İnzibati Xətalar Məcəlləsinin 342.6-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə edilməsi inzibati tənbeh verilməsi üçün əsasdır. Telefonu əlində saxlamamış və ondan da istifadə etməmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq Bakı şəhər Dövlət X6 əməkdaşı tərəfindən barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilmiş Bakı şəhər DYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, qərarından şikayət verilmiş şəxsin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ-si tərəfindən xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhər DYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi faktı aşkar edilmiş və nəticədə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 50 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Şikayətə əlavə edilmiş inzibati xəta haqqında qərardan görünür ki, inzibati xəta haqqında işə xx.xx.2020-ci il tarixdə baxılmışdır. X2 iştirakı olmadan və ona bu barədə məlumat verilmədən qərar qəbul edilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, X3 iştirakı olmadan barəsində Azərbaycan Respublikası İXM-in 342.6-cı maddəsi ilə təqsirli bilinib 50 manat inzibati cərimə tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Bundan əlavə Bakı şəhər DYPİ-si X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmiş, sonuncunun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, xx.xx.2020-ci il tarixdə 50 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Həmçinin sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. X3 nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamadığını və ondan istifadə etmədiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarda hər hansı sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Məhkəmədə X2 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İXM-in 342.6-cı maddəsi ilə təqsirli bilinib, 50 manat inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhər DYPİ-nin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İXM-in 342.6-cı maddəsi ilə təqsirli bilinib 50 manat inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhər DYPİ-nin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar