Məhkəmə qərarları › İş №3(012)-258/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-258/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-258/2021 23.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, X2nun və 04 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri Nümayəndə və X4 iştirakı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 11.12.2020-ci il tarixli, ******* saylı protokola əsasən qəbul edilmiş 08.01.2021-ci il tarixli, MN ******* saylı qərardan X5 şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X8 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə tənbeh edilərək 6600 manat məbləğində cərimə edilməsinə dair 08.01.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 11 dekabr 2020-ci il tarixdə Masazır kəndi, Əliağa Vahid küçəsi, “Dream Park” yaşayış kompleksi ilə üzbəüz ərazidə xüsusi mülkiyyətdə olan torpaq sahəsində aparılan ərazidə tikinti işlərinə nəzarət edərkən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 3 əməkdaşı ona yaxınlaşaraq yolun kənarında ağacların və qazon örtüyünün olduğunu və ağacların kəsildiyini, örtüyün isə onlar tərəfindən məhv edildiyini bildirmişdir. Bununla bağlı olaraq yaranan mübahisə zamanı icra nümayəndəsi yaxınlaşaraq əməkdaşlara yolun kənarında olan ağacların Masazır bələdiyyəsi tərəfindən əkildiyini, lakin vaxtında sulanmadığı üçün quruduğunu və bütün quru ağacların icra nümayəndələrinin işçiləri və bələdiyyə işçiləri tərəfindən yenisi ilə əvəz olunması üçün kəsildiyini bildirmişdir. Buna baxmayaraq Ekologiyanın əməkdaşı şəxsiyyət vəsiqəsini tələb edərək burada ağac olduğunu və tikinti üçün kəsildiyini iddia etmişdir. Lakin həmin vaxt protokol tərtib olunmamışdır. Sonradan qeydiyyatda olduğu ünvana cərimə edilməsi ilə bağlı bildiriş göndərilmişdir. Sonradan 11 dekabr 2020-ci il tarixdə protokol tərtib olunduğu məlum olmuşdur. Protokol tərtib olunarkən heç bir rəsmi müraciət, xəbərdarlıq edilməmişdir. Protokolun kim tərəfindən, nə vaxt tərtib olunduğu məlum deyildir. Beləliklə, X8 barəsində Abşeron rayon, Masazır kəndi, Əliağa Vahid küçəsi, “Dream Park” yaşayış kompleksi ilə üzbəüz xüsusi mülkiyyətdə olan torpaq sahəsinin qarşısındakı yolların ərazisinin hasara alınması, ərazidə 3 ədəd ağac və 20 kv.metr qazon qatının məhv edilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə 8 yanvar 2021-ci il tarixli MN ******* saylı qərar qəbul olunaraq 6600 manat məbləğində cərimə edilmişdir. Belə ki, qeyd edilən torpaq sahəsi X6 mülkiyyətindədir və 2017-ci il tarixdən tikinti işləri aparılır. Tikinti işləri aparılmazdan qabaq mülkiyyətçi müvafiq qurumlardan icazə almışdır. Bununla bağlı Azərbaycan Resublikası Ekologiya və Təbii Sərvətlər NazirliyiDövlət Ekspertiza İdarəsinin 2 sentyabr 2015-ci il tarixli ER-15/1223 saylı Ekoloji Ekspertiza rəyi vardır. Tikinti işləri yol kənarından daha uzaq məsafədə həyata keçirilir. Onun barəsində tərtib etdilən protokolda göstərilən qayda pozuntusuna yol verməmişdir. Heç bir sübut olmadığı halda barəsində inzibati protokol tərtib edilməsini və həmin protokol əsasında inzibati cərimə edilməsini əsassız hesab edir. Araşdırılma aparılmadan, heç bir sübut olmadığı halda barəsində tərtib edilmiş protokol əsasında 08.01.2021-ci il tarixli qərar qəbul edilmişdir. Buna görə Azərbaycan Respublikasının Ekolojiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokol əsasında qəbul edilmiş 08.01.2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahatında göstərmişdir ki, X8 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08.01.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarına əsasən 6600 manat məbləğində inzibati cərimə edilmişdir. Onun barəsində olan qərar qanuni və əsaslı olmuşdur. Belə ki, X8 tərəfindən Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi, "Dream Park" yaşayış kompleksi ilə üzbəüz, xüsusi mülkiyyətdə olan yaşıllıq ərazi hasara alınmış, ərazidə 3 ədəd ağac və 20 kvadrat metr qazon qatı məhv edilmişdir. Buna görə də şikayət əsassızdır. Şikayət əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekolojiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 Könül Rövşən qızının ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə altı yüz manat cərimə nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edilmişdir ki, inzibati protokol tərtib edildiyi zaman X8 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. Buna baxmayaraq X5 inzibati xəta törətməsi barədə işdə heç bir sübuta istinad olunmamışdır. Məhkəmədə X5 inzibati xəta törətməkdə təqsirli olması sübut olunmamışdır. Bundan əlavə Azərbaycan Respublikası İXM-in 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əraziyə baxış keçirərkən inzibati xəta törətmiş şəxsi yəni, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, "Dream Park" yaşayış kompleksi ilə üzbəüz xüsusi mülkiyyətdə olan torpaq sahəsinin qarşısındakı yolların ərazisinin hasara alınması, ərazidə 3 ədəd ağac və 20 kv.metr qazon qatının məhv edən şəxsi müəyyən etməmiş, həmin inzibati xətanı X5 tərəfindən törətməsi qənaətinə gəldiyinə görə onun barəsində qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmədə X5 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X8 Azərbaycan Respublikası İXM-in 253.3.1-ci maddəsi ilə təqsirli bilinib, 6600 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Ekolojiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 11.12.2020-ci il tarixli, MN ******* saylı protokola əsasən qəbul edilmiş 08.01.2021-ci il tarixli MN ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İXM-in 253.3.1-ci maddəsi ilə təqsirli bilinib 6600 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin. X8 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar