Məhkəmə qərarları › İş №3(012)-2598/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2598/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2598/2024 23.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1959-cu ildə Ağdam rayonu, Sarıhacılı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqaüdçü, Ağdam rayonu, Seydili kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2097/2023 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 10.000 manat əsas borc məbləği olaraq, 3.500 manat əldən çıxan fayda, 675 manat gecikdrilmiş vaxt üçün faiz qaydasında ümumilikdə 14.175 manat pul və 134 manat dövlət rüsumu alınaraq, iddiaçı X2 xeyrinə ödənilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədi üzrə hazıradək yaranmış borcunu icra etməkdən və icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2097/2023 nömrəli icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində icra vərəqəsini icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs icra vərəqəsini icra etməkdən boyun qaçırmışdır. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, qeyd edilən borcun yığılmasına səbəb işləməməsidir. Belə ki, heç yerdə işləmir. İmkanı olduqca təlbkara olan borcunu ödəyəcəyinə söz verir. Tələbkara olan borcunu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmə qətnaməsinə hörmətlə yanaşdığını, yaşını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin, Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlardan müəyyən edilmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2097/2023 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 10.000 manat əsas borc məbləği olaraq, 3.500 manat əldən çıxan fayda, 675 manat gecikdrilmiş vaxt üçün faiz qaydasında ümumilikdə 14.175 manat pul və 134 manat dövlət rüsumu alınaraq, iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmiş, icraata başlamaq haqqında qərar ilə sözügedən icra sənədi üzrə icraata başlanılmışdır. Buna baxmayaraq, məhkəmə qeyd edir ki, keçən müddət ərzində yuxarıda sadalanan sənədin icra edilməsi üçün bəhanə olmaqla dövlətin adından qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə etinasız yanaşmanın göstəricisidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, inzibati tənbeh tətbiq etdiyi zaman Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən icra məmurunun Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, törədilmiş inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini nəzərə alaraq, xüsusilə hazırda 65 yaşı olduğundan, altmış yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilməsinin yolverilməzliyinə görə, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayonu İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar