Məhkəmə qərarları › İş №3(012)-26/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-26/2024

09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-26/2024 09.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Abşeron DYP-nin polis leytenantı Farizxan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı X5 haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Abşeron DYP-nin polis leytenantı Farizxan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı X5 haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023 tarixdə, saat 21:20 radələrində mülkiyyətində olan **-OL-*** dövlət qeydiyyat nişanlı Honda markalı nəqliyyat vasitəsilə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə. Vahid küçəsində hərəkətdə olduğu zaman qarşısında hərəkətdə olan ** EO *** nişanlı, Mercedes markalı nəqliyyat vasitəsinin sürücüsünün kəskin tormozlama etməsi nəticəsində idarə etdiyi nəqliyyat vasitəsi qarşıdakı nəqliyyat vasitəsinə dəymişdir. Avtomobildən endikdən sonra qarşı tərəf ona yaxınlaşaraq təqsirin onun qarşısında hərəkətdə olan avtomobilin sürücüsündə olduğunu, həmin sürücünün qəfil əyləci sıxıb sonra hərəkəti davam etdirdiyini bildirmiş, bir neçə dəqiqə orada gözlədikdən sonra hadisə yerini tərk etmişdir. Qeyd etmişdir ki, ona məxsus nəqliyyat vasitəsinin digər nəqliyyat vasitəsi ilə arasındakı məsafə kifayət qədər olmuşdur. Hadisənin ardınca tərəfindən sığorta şirkətinə və polisin qaynar xəttinə məlumat verilmişdir. Daha sonra, qaynar xətdən yönləndirilmiş məlumat nəticəsində ona zəng vurmuş yol polisi əməkdaşları artıq gecə olduğunu, hadisə yerinə baxış keçirilməyəcəyini, sabah səhər saatlarında izahat yazmaq üçün polis idarəsinə gəlməli olduğunu bildirmişdirlər. Lakin qanunun qəza hadisəsinin ardınca sürücülər və DYP əməkdaşları tərəfindən icra edilməli olan tələblərini israrla xatırlatmağı nəticəsində Abşeron rayon polis idarəsində növbətçi hissəyə yaxınlaşmalı olduğunu bildirilmişdir. Növbətçi hissədən isə izahat üçün sabah gəlməyini istədilər. Bir gün sonra xx.xx.2023 tarixdə rayon polis idarəsinə yaxınlaşmış və Fariz adlı polis əməkdaşının qəbulunda olaraq izahat yazmışdır. Hadisə barəsində qəzanın ardınca tərəfindən çəkilmiş fotoşəkilləri tələb etmədən, onlara baxış keçirmədən, hadisə yerini tərk etmiş qəzanın digər iştirakçısını taparaq izahatını almadan, hadisə yerinə əyani baxış keçirilmədən qəza zamanı arxada onun nəqliyyat vasitəsi olduğu üçün təqsirli tərəfin o olduğu qənaətinə gəlmişdir. Polis əməkdaşının bu qənaəti heç bir hüquqi savadı olmayan, hadisələrə təsadüfi fikirlərlə yanaşan, qeyripeşəkar şəxslərin qənaətindən fərqli deyildir. Dəfələrlə ətraflı araşdırma tələbi yerinə yetirilməmişdir. Qoşmada öz əksini tapan fotoşəkildən də görünür ki, onun nəqliyyat vasitəsinin qarşıdakı avtomobilə çırpılması nəticəsində, o, bir neçə metr irəli sürüşmüşdür. Bu görüntü bir neçə faktı aydınlaşdırır. Əvvəla, yolda nəqliyyat axımında hərəkətin sürəti yüksək olmuşdur. İkincisi, qarşıdakı nəqliyyat vasitəsi ilə arasındakı məsafə kifayət qədər olmuşdur ki, onun qəfil dayanması və onun nəqliyyat vasitəsinin ona çırpılması təsiri nəticəsində həmin nəqliyyat vasitəsi bir neçə metr irəli sürüşmüşdür. Digər tərəfdən önündəki nəqliyyat vasitəsinin sürücüsünün hadisə yerindən yayınması onun özünü təqsirli bilməsinə dair əsaslı şübhələr meydana gətirir. Odur ki, X6 Polis şöbəsinin barəsində tətbiq etdiyi xx.xx.2023-cü il tarixli, TP ******* saylı X5 Haqqında Qərar qeyriqanuni və əsassızdır. Bu səbəblə, sözügedən qərarın ləğvi və həmin qərara əsasən barəsində tətbiq edilmiş 40 (qırx) manat məbləğində cərimənin silinməsi tələbi ilə məhkəməyə müraciət elmək qərarına gəlmişdir. Ona görə də qeyd olunan protokol və onun əsasında qəbul edilən qərarın ləğv olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, artıq avtomaşını təmir etdirmişdir. Hadisənin foto-şəkillərini isə məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin materiallarında olan hadisənin foto-şəkillərindən görünür ki, X2 məxsus qabaq hissəsi zədələnmiş avtomobillə, ** EO *** nişanlı, Mercedes markalı nəqliyyat vasitəsi eyni hərəkət istiqamətində bir-birindən aralı məsafədədirlər. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron DYP-nin polis leytenantı Farizxan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, **-OL-*** dövlət qeydiyyat nişanlı Honda markalı nəqliyyat vasitəsini idarə edən X3 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Abşeron RPİ-in DYP-Nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati qaydada 40 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, hadisə xx.xx.2023-cü il tarixdə, saat 21:20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində nəqliyyat vasitələri hərəkətdə olduğu zaman baş vermişdir. Hadisə yerin YP-nin əməkdaşları gəlməmiş, hadisə yerinin protokolu və plan-sxemi tərtib edilməmişdir. Şikayət verənin izahatına görə Pİ-ə hadisə barədə məlumat vermiş, artıq gecə olduğunu, hadisə yerinə baxış keçirilməyəcəyini, sabah səhər saatlarında izahat yazmaq üçün polis idarəsinə gəlməli olduğunu bildirmişdirlər. Bir gün sonra xx.xx.2023 tarixdə rayon polis idarəsinə yaxınlaşmış və Fariz adlı polis əməkdaşının qəbulunda olaraq izahat yazmışdır. Şikayətdən göründüyü kimi şikayət verən hadisənin qarşıdakı avtomobilin anidən tormoz etməsi səbəbindən düzgün ara məsafəsi seçə bilməməsi ilə izah edir. Hadisə yerini müayinə etmədən isə bu halı aydınlaşdırmaq mümkün deyildir. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə, məhkəmə hesab edir ki, hadisənin baş verməsində şikayət verənin təqsirinin müəyyən edilməsi hər hansı mötəbər sübutla təsdiq edilmir. Protokol və qərar hadisə yerinin müayinəsi belə aparılmadan formal mülahizələr əsasında tərtib edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, bu əsasda şikayət təmin edilməli, Abşeron RPİ-in DYPnin xx.xx.2023-cü il tarixli, TP ******* saylı X5 haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Abşeron RPİ-in DYP-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı X5 haqqında qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar