Məhkəmə qərarları › İş №3(012)-260/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-260/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-260/2021 18.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X3 barəsində Abşeron RPİ-nin xx.xx.2021-ci il tarixli, MN0978176 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X4 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş Abşeron RPİ-nin xx.xx.2021-ci il tarixli, MN0978176 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X6 oğlu ərizəsini onunla əsaslandırdı ki, o, Abşeron rayon Polis şöbəsinin polis baş leytenantı X5 xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən barəmdə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmişdir. Həmin qərardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə elektron şikayət etmiş, lakin onun müraciətinə orada qərarla deyil məktubla cavab verilmiş, hal-hazırda o, “xxxx” ASC-də məsul aktuari vəzifəsində işləyir, xx xxxxxx 2021-ci il tarixdə saat 11:27-də Abşeron rayonu Masazır qəsəbəsi, Ə.Vahid küçəsində hərəkətdə olub işə gedərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Qərarının tələblərinə əsasən həmin ərazidə qurulmuş yoxlama postunda polis əməkdaşları tərəfindən saxlanılmış, yuxarıda qeyd olunan qərara əsasən Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına sığorta təşkilatları da daxildir. Nazirlər Kabinetinin sözügedən qərarına əsasən “xxxx” ASC ona iş yerinə sərbəst gedib-gəlməyi üçün icaze.e-gov.az portalında əvvəlcədən icazə almış, həmin icazə barədə elektron çıxarışda onun xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə ölkə ərazisi üzrə hərəkətimə icazə verildiyi qeyd edilmişdir. Həmin vaxt polis əməkdaşı icazə olmadan şəhər ərazisində hərəkət etməklə karantin rejiminin tələblərini pozduğu bildirmiş, o isə “e-təbib” icazə portalından icazəsi olduğunu, həmin icazə əsasında işə getdiyini bildirsə də, polis baş leytenantı Orxan İsmayılov icazənin “statusunun” elektron portalda “dayandırılmış” olduğunu bildirərək, barəsində xx.xx.2021-ci il tarixli, MN ******* saylı protokol tərtib edərək Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən məni 200 manat məbləğində cərimələyib inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, polis əməkdaşına işlədiyi “xxxx” ASC-nin ona iş yerinə sərbəst gedib-gəlməyi üçün icaze.e-gov.az portalında əvvəlcədən icazə aldığını, həmin icazə barədə elektron çıxarışa əsasən onun xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə Bakı-Abşeron ərazisi üzrə hərəkətinə icazə verildiyini bildirsə də, polis əməkdaşı elektron sistemdə onun hərəkət etməyinə icazəsinin olmadığını bildirdi. Halbuki evdən çıxanda e-təbib icazə portalında icazəsinin olduğunu yoxladıqdan sonra işə getmək üçün yola çıxmışdır. İcazəsinin dayandırılması barədə nə ona, nə də iş yerinə heç bir məlumat verilmişdir. Ona görə onun hüquqları kobud şəkildə pozularaq qanunsuz cərimələnmişdir. O, barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokoldan xx.xx.2020-ci il tarixdə DİN-nin BDYPİ-nə elektron qaydada şikayət ünvanlayıb həmin protokolun ləğv edilməsini xahiş etsə də, lakin şikayətinə heç bir cavab verilməmişdir. Sonda o, məhkəmədən Abşeron RPİ-nin xx.xx.2021-ci il tarixli, MN0978176 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Abşeron RPİ-nin xx.xx.2021-ci il tarixli, MN0978176 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2021-ci il tarixdə saat 11:27 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində müvafiq icazə almayaraq karantin rejimi qaydalarını pozmuş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün onun barəsində 200 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X3 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman X6 oğlunun protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamışdır. Bundan əlavə, iş materiallarında olan çıxarışdan görünür ki, X1 xx.xx.2021-ci il tarixədək Bakı, Abşeron rayonu zonası üzrə daimi icazəsi mövcud olduğu üçün Abşeron RPİ-nin xx.xx.2021-ci il tarixli, MN0978176 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X6 qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 200 manat məbləğində cərimə tətbiq edilməsinə dair Abşeron RPİ-nin xx.xx.2021ci il tarixli, MN0978176 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar