Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2606/2024 24.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin X8 sahə rəisi, polis leytenantı X11 oğlunun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 2000-ci il tarixdə Laçın rayonunun, Arduşlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Laçın rayonunun, Arduşlu kəndində qeydiyyatda olan və Abşeron rayonu, Pirəkəşkül kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi Qobu Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş 24 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin X8 sahə rəisi, polis leytenantı Elxan Əlizadə izahat verərək bildirdi ki, 23 dekabr 2024-cü il tarixdə, vətəndaş Şəxs Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində olarkən ictimai qaydanı pozaraq ətrafda olan insanlara laqeyid münasibət göstərərərk onların rahatlığını pozmuş, bununla bağlı polis əməkdaşlarının qanuni tələblərinı tabe olmamaqla inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı özünü təqsirli bilir. Belə ki, 23 dekabr 2024-cü il tarixdə Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində olarkən telefonla dostu ilə danışan zaman aralarında yaranan mübahisə zamanı o, ona yüksək səslə söyüş söymüşdür. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş və X10 dəvət etmişlər. O, isə onlara məhəl qoymaraq, dostu ilə mübahisəni davam etdirərək, ona telefonda yüksək səslə söyüş döyüşməyə davam etmişdir. Daha sonra onlar onu X10 gətirmiş və yol boyu polis əməkdaşlarının qanuni tələbldərinə tabe olmamışdır. Olanlardan peşman olduğu üçün barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Abşeron RPİ-nin, Qobu PB-nin əməliyyat müvəkkili, polis leytenantı X5 ifadəsində bildirdi ki, Qobu ərazisində xidmətdə olarkən bir nəfər tanımadıqları şəxsin insanların olduğu yerdə telefonla ucadan danışaraq qeyri etik ifadələr işlədərək insanları narahat etdiyini görüb ona yaxınlaşmışlar, onu intizama dəvət edərək əməlinə son qoymasını tələb etsələr də o, onlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Belə olan halda sonuncunun şəxsiyyətini müəyyən etmək üçün onu bölməyə dəvət etsələr də o, yenə də tabesizlik göstərərək bölməyə getməkdən imtina etmişdir. Belə olan halda əlavə dəstək dəvət edildikdən sonra onu bölməyə gətirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Abşeron RPİ-nin, Qobu PB-nin polis nəfəri, polis serjantı X1 Əvəz Bayram oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. İnzibati xəta haqqında 24 dekabr 2024-cü il tarixli, MN №1963227 saylı protokoldan görünür ki, 23 dekabr 2024-cü il tarixdə, vətəndaş Şəxs Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində olarkən polis əməkdaşlarının qanuni tələblərinı tabe olmamaqla inzibati xəta törətmişdir.
2. “İnzibati qaydada tutma haqqında” 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 17:00-dan məhdudlaşdırılmışdır.
Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı ilə yanaşı şahidlərin izahatlarında həmçinin məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Qanunun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ-ci hissəsinin 1-ci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə məhkəmə Şəxs ictimai yerdə, heç bir əsaslı səbəb olmadan, mübahisə yaradıb ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarına qarşı tabesizlik göstərməsini, həmçinin törədilmiş xətanın birbaşa cəmiyyətin mənafeyi ilə bağlı, həmçinin ictimai qaydanı əsaslı səbəb olmadan pozaraq nəlayiq və təhqiredici ifadələr işlədərək, xırda xuliqanlıq etməsi ilə bağlı əməl olmasını nəzərə alaraq, sonuncu tərəfindən yenidən eyni xarakterli inzibati xətaların törədilməsinin qarşısını almaq məqsədi ilə təqsirli bilindiyi maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 dekabr 2024-cü il tarixdə, saat 17:00-dan tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 23 dekabr 2024-cü il saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Abusət Qasımov