Məhkəmə qərarları › İş №3(012)-2607/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2607/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2607/2024 24.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X1 Zərərçəkmiş Şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta Şəxs haqqında icraat aparılan şəxs: iştirakları ilə xx xxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 24 dekabr 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı Nuhbala Cavadov protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs 01 avqust 2024-cü il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Zərərçəkmiş şəxs avtomobillərinin sığorta olunması adı ilə aldadaraq 238 manat pulunu ələ keçirmişdir. 12 dekabr 2024-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, 2021-ci il tarixdən 2024-cü il tarixədək online olaraq avtomobilllərin sığorta olunması ilə məşğul olmuşdur. O, rəsmi olaraq heç bir sığorta şirkətinin işçisi olmamış, yalnız online şəkildə avtomobilləri sığorta edirmişdir. Gülçöhrə Quluyevanı 2021-ci il tarixdən tanıyır və hər dəfə onun vasitəsi ilə avtomobillərini sığorta etdirmişdir. 2024-cü ilin əvvəlləri o, işdən ayrılmış və başqa işlə məşğul olmağa başlamışdır. 2024-cü ilin iyun ayında Gülçöhrə ona zəng edərək avtomobilləri sığorta etdirmək istədiyini demişdir. O, işdən çıxması ilə bağlı məlumat verməmiş və sığorta edəcəyini bildirmişdir. Gülçöhrə müxtəlil vaxtlarda olmaqla 5 ədəd avtomobilin sənədlərini ona göndərməklə sığorta etməyini xahiş etmişdir. O, avtomobillərdən 3 ədədini sığorta etdirmiş, 2 ədədini isə biri 40 manat digəri isə 48 manat olmaqla sığorta etdirməmişdir. Sığorta etdirməməsinin səbəbi isə texniki problemlər olmuşdur. Sonra Gülçöhrə ona zəng edərək avtomobillərin sığorta olunmadığını dedikdə o, həmin avtomobillərin dövlət qeydiyyat nişanlarını xüsusi sistem vasitəsi ilə yoxladqda avtomobillərdən 3 ədədinin sığortalandığını, 2 ədədinin sığortalanmadığını görmüşdür. O, sığorta olunmayan avtomobillərin pullarını, yəni 88 manat pulu birbank mobil tətbiq vasitəsi ilə kontakt köçürmə yolu ilə Gülçöhrəyə göndərsə də Gülçöhrə pulu qəbul etməmişdir. Səbəb isə onun Gülçöhrəyə 750 manat pul verməli olduğunu bildirmişdir. O, həmin məbləğin nəyə əsasən istədiyini soruşduqda Gülçöhrə cərimələndiyini bəhanə gətirmişdir. Hazırki məhkəmə iclasında zərərçəkmiş şəxsə vurduğu zərəri tam şəkildə ödədiyini, onunla barışıq əldə etdiyini bildirərək, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkkəmə iclasında iştirak edərək, verdiyi izahatında bildirmişdir ki, Xanım Muradova adlı qadını 5 ildir sığorta işçisi kimi tanıyır. Belə ki, o, hər il Xanımın kartına pul göndərərək avtomobilllərini sığorta etdirirmiş. 2024-cü ilin iyun ayında o, xanımın istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrəsinə zəng edərək ondan avtomobillərini sığorta etməsini xahiş etmişdir. Xanım hər avtomobil üçün müxtəlif məbləğlərdə olmaqla ümumilikdə ondan 800 manat pul almış, lakin heç bir avtomobili sığorta etdirməmişdir. Belə ki, Xanımın sığorta etdirdiyini dediyi avtomobilləri idarə etdikdə cərimələrin gəlməsindən aydın oldu ki, heç bir avtomobil sığorta edilməyib. O, həmin qadına zəng edərək bu barədə dedikdə hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamış və sonradan isə ümumiyyətlə telefon zənglərinə cavab verməmişdir. Hazırda Şəxs tərəfindən zərərin tam şəkildə ödənildiyini və onunla barışdığını, həmçinin şikayətinin olmadığını bildirməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/10932 saylı araşdırma materialı üzrə cinayət işinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs aldadan Şəxs İsgəndər qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır;

2. “İnzibati xəta haqqında protokol” tərtib edilmiş 24 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 01 avqust 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Zərərçəkmiş şəxs avtomobillərinin sığorta olunması adı ilə aldadaraq 238 manat pulunu ələ keçirmişdir;

3. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs İsgəndər qızı tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini və onunla barışdığını, həmçinin şikayətinin olmadığını bildirməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi.

Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs İsgəndər qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Lakin ziyan tam ödənildiyi və zərərçəkmiş şəxslə barışması ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 39.2. Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokol tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək, Şəxs İsgəndər qızının zərərçəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəyərək, onunla barışdığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsi tətbiq edilərək, inzibati məsuliyyətdən azad edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şəxs İsgəndər qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin məcəllənin 39.2-ci maddəsi tətbiq edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar