Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2609/2025 28.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, X1nun iştirakı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Baş Dövlət Yol Polis İdarəsinin 09.10.205-ci il tarixli, EQ seriyalı, 31189641 nömrəli qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X5 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsinin onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə edilməsinə dair 09.10.205-ci il tarixli, EQ seriyalı, 31189641 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi onunla əsaslandırmışdır ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 09.10.205-ci il tarixli EQ seriyalı, 31189641 saylı qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilmişdir. Onun ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməyə icazəsi vardır. Barəsində qəbul edilmiş 09.10.205-ci il tarixli EQ seriyalı, 31189641 saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz qəbul edilmişdir. Ona görə də həmin qərarlar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Buna görə Baş Dövlət Yol Polis İdarəsinin inzibati protokolu əsasında qəbul edilmiş 09.10.205-ci il tarixli EQ seriyalı, 31189641 nömrəli qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Qərarından şikayət verilən orqana - Baş Dövlət Yol Polis İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada (artıq 4 dəfə təyin olunmaqla) dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində olan və tədqiq edilmiş: Baş Dövlət Yol Polis İdarəsinin 09.10.205-ci il tarixli, EQ seriyalı, 31189641 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara dair xx.xx.2025-ci il tarixli buraxılış vərəqəsindən görünür ki, Ford-Mikroavto markalı ** GS *** dövlət qeydiyyat nişanlı avtobusla ölkədaxili sifarişli sərnişin daşımasına icazə verilmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayətə əlavə edilmiş sənədləri və qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 09.10.205-ci il tarixli, EQ seriyalı, 31189641 nömrəli qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolaqlarında rejimin qaydaları "Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsində nəzərdə tutulur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin İV bəndinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Həmin Qanunun 69-cu maddəsinin 11-ci bəndinə əsasən 1.11 — yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir; Göründüyü kimi, zolaq 1.1 bütöv nişanlanma xətti ilə digər hərəkət zolaqlarından ayrılmışdırsa, həmin zolağa heç bir halda keçmək olmaz. Yalnız yoldan çıxış və yola giriş yerlərində 1.11 nişanlanma xətti ilə işarələnən yerlərdə bu zolağa qismən daxil olub oradan müvafiq manevri etməyə icazə verilir. Giriş-çıxış yerlərində digər nəqliyyat vasitələrinin sürücüləri 1.11 xətti ilə işarələnməyən yerlərdə bu zolağa keçərlərsə, yaxud bu zolaqdan çıxarlarsa, onlar İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, həm nişanlanma xəttinin tələbini pozduqlarına, həm də nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarını pozduqlarına görə cərimə edilməsi qanunidir. Digər nəqliyyat vasitələrinin sürücüləri giriş-çıxış yerlərində tətbiq edilmiş 1.11 xəttini kəsərək həmin zolağa daxil olduqda mütləq yoldan çıxmalıdırlar. Həmin zolağa daxil olub giriş-çıxış yerini düz keçərək bu zolaqla hərəkəti davam etdirmək, o cümlədən növbəti 1.11 xətti olan yerdə həmin zolağı tərk edənədək davam etdirmək qadağandır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müyyən edilmişdir ki, X3 idarə etdiyi Ford-Mikroavto markalı ** GS *** dövlət qeydiyyat nişanlı mikro avtobusla xx.xx.2025-ci il tarixdən xx.xx.2032-ci il tarixədək verilmiş buraxılış vərəqəsi əsasında ölkədaxili sifarişli sərnişin daşımasına icazəsi vardır. Müvafiq normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. X3 inzibati xəta törətməsi barədə işdə heç bir sübuta istinad olunmamışdır. Həmçinin dəfələrlə təklif edilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmədə X3 inzibati xəta törətməkdə təqsirli olması sübut olunmamışdır. “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Qanunverici yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilə bilməsinə hüquqi imkan verir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən sözügedən qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, X3 Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə təqsirli bilinib, 100 manat inzibati cərimə tətbiq edilməsinə dair Baş Dövlət Yol Polis İdarəsinin 09.10.205-ci il tarixli, EQ seriyalı, 31189641 nömrəli qərarı ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə tətbiq edilməsinə dair Baş Dövlət Yol Polis İdarəsinin 09.10.205-ci il tarixli, EQ seriyalı, 31189641 nömrəli qərarı ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Baş Dövlət Yol Polis İdarəsi-in 09.10.205-ci il tarixli, EQ seriyalı, 31189641 nömrəli qərarı əsasında Azərbaycan Respublikası DİN-in BDYPİ-in X2 yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2609/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2609/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver