Məhkəmə qərarları › İş №3(012)-2618/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2618/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2618/2025 13.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 18841262 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 18841262 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X1 şikayəti aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Materialları nəzərdən keçirərək məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən göndərilmiş materialın icraata qəbul edilməsindən imtina edilməli və materialın aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün material Sumqayıl Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)- 3983/2025 saylı qərardadı onunla əsaslandırılmışdır ki, ehtimal olunan inzibati xəta Abşeron rayonu, Əliağa Vahid küçəsi istiqamətində törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublİkasının Qanununun 2-ci maddəsinin 1-ci bəndinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinin 1-ci yarım bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında yaşayış yeri müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göründüyü kimi səlahiyyətli orqanın qərarından hər bir mənafeyinə toxunan şəxs tərəfindən ya inzibati xətanın törədildiyi yer üzrə, yaxud da yaşayış yeri üzrə məhkəməyə verilə bilər. Barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxs şikayət ərizəsi verməklə ərizənin ünvanlandığı məhkəməyə artıq iradə ifadəsi nümayiş etdirmişdir ki, bu da şəxsin vəsatəti kimi də dəyərləndirilməlidir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən şəxsiyyət vəsiqəsi məlumatları üzrə çıxarışdan görünür ki, şikayət verən şəxsin yaşayış yeri BAKİ ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, HABİL MİRZƏYEV KÜÇƏSİ, DÖNGƏ 2, EV 28 ünvandır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Hazırki halda isə X2 qanunvericiliyin tələblərinə uyğun olaraq özü seçim edərək qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində Mülki və Cinayət Prossesual Məcəllərindən fərqli olaraq məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosesual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edirəm ki, yaranmış hüquqi anlaşılmazlığın və məhkəmə aidiyyatı ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən iş Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Beləliklə, şikayətin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının (fikir ayrılığına hüquqi qiymət vermək) həll edilməsi üçün material Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 18841262 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətə baxılması ilə əlaqədar ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş materialları Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar