Məhkəmə qərarları › İş №3(012)-268/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-268/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-268/2022 24.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1nun iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin polis sahə rəisi tərəfindən qəbul edilmiş MN ******* saylı qərardan X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X3 şikayət ərizəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin polis sahə rəisi tərəfindən qəbul edilmiş MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, 2021-ci ilin sentyabr ayında. 17 yaşı olarkən yaşadığı Abşeron rayonu, Masazır kəndi ərazisində tibbi maska istifadə etdiyi halda sahə rəisi ona cərimə yazacağını bildirmişdir. Bu məqsədlə, sahə rəisi tərəfindən protokol tərtib olunmuş və həmin protokol tərəfindən imzalanmamış (imza varsa ona aid deyil, məhkəmə mülahizəsinə uyğun olaraq, ekspertiza ilə yoxlanıla bilər) və yalnız protokolda şikayət edəcəyini qeyd etmişdir. Uzun müzakirələrdən sonra, sahə rəisi ona cərimə yazmayacağını bildirmiş, lakin buna baxmayaraq E-GOV.AZ portalı vasitəsilə 100 manat məbləğində MN1141609 nömrəli inzibati cərimə (Cərimələr (COVİD - 19) olunduğu barədə məlumat əldə etmişdir. Belə ki, barəsində protokol tərtib olunan zaman yetkinlik yaşına çatmamış, həmin vaxt 17 yaşı var idi və hətta buna görə nə məktəbdə, nə də digər ictimai yerlərdə maska taxmaq tələb olunmurdu. Buna baxmayaraq, o həmişə vətəndaş məsuliyyətimi dərk edərək, öz və ailə sağlamlığını, eləcə də ətrafdakı insanları yoluxdurmamaq üçün maska taxmışdır. Yuxarıda qeyd etdiyi kimi, tibbi maskadan istifadə etdiyi halda cərimə olunmuşdur. Bildirir ki, inzibati tənbeh ədalətli olmalıdır, inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Lakin, hətta tibbi maskadan istifadə etdiyi halda, ola bilər ki, bir az aşağıda olmuş olsa belə, buna görə onun səmimi peşmançılığını və yetkinlik yaşına çatmadığı yüngülləşdirici hal kimi nəzərə alınmamışdır. Eyni zamanda, onun təqsiri qanunla müəyyən olunmuş qaydada hər hansı bir foto və ya video çəkilişlə sübuta yetirilmir. Bu da onun təqsirli olduğunu sübut etmir və məlum olduğu kimi, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə Abşeron Rayon Polis İdarəsinin polis sahə rəisi tərəfindən qəbul edilmiş MN ******* saylı qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Abşeron Rayon Polis İdarəsinin nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Abşeron Rayon Polis İdarəsinin əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş E-GOV.AZ portalın çıxarışından görünür ki, X3 100 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X3 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X2 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Abşeron Rayon Polis İdarəsinin polis sahə rəisi tərəfindən qəbul edilmiş MN ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X2 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Abşeron Rayon Polis İdarəsinin polis sahə rəisi tərəfindən qəbul edilmiş MN ******* saylı qərar ləğv edilsin. X3 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar