Məhkəmə qərarları › İş №3(012)-271/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-271/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-271/2025 21.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərarından şikayət verilən orqanın nümayəndəsi: X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X3 tərəfindən inzibati təneh vermə haqqında 07 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan "xxxx" MMC-nin baş direktoru Alius Antulis-un nümayəndəsi və vəkili Nümayəndə verdiyi şikayətə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş "xxxx" MMC-nin baş direktoru Alius Antulis-in vəkili və nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X3 tərəfindən inzibati təneh vermə haqqında 07 yanvar 2025-ci il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsini və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin baş direktoru Alius Antulis-in vəkili və nümayəndəsi Nümayəndə vermiş olduğu şikayət ərizəsini məhkəmə iclasında müdafiə edərək, izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin baş direktoru Alius Antulis barəsində 25 dekabr 2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola əsasən, DƏMX tərəfindən müəyyən edilmişdir ki, şirkət tərəfindən Əmək Məcəlləsinin 3 və 7-ci maddələrinin tələbləri pozulmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. DƏMX protokol əsasında şirkətin baş direktoru tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi nəticəsinə gələrək, onun barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimənin tətbiq edilməsi ilə bağlı 7 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Aşağıda qeyd edilənlərə əsasən, inzibati tənbeh qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, DƏMX tərəfindən tərtib olunmuş protokola əsasən, fiziki şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktını təsdiq edən sübut kimi “Müəssisə tərəfindən təqdim edilmiş təsdiqedici sənədlər” göstərilsə də, lakin həmin təsdiqedici sənədlərin nədən ibarət olması qeyd edilməmişdir. Eyni zamanda, DƏMX tərəfindən məhkəməyə göndərilən materiallar arasında müəssisə tərəfindən təqdim edilmiş hər hansı “təsdiqedici sənəd” mövcud deyildir. Göründüyü kimi, DƏMX inzibati xətanın törədilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. DƏMX yalnız keçmişdə şirkətlə xidmət müqaviləsi əsasında əməkdaşlıq edən Araz Şükürov adlı şəxsin şikayətinə əsaslanaraq, Şirkət tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsindən şübhələnərək, yalnız bu şübhənin əsasında, heç bir araşdırma aparmadan tamamilə qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarından da göründüyü kimi, Araz Şükürov DƏMX-ə şikayət ərizəsi ilə müraciət edərək, şirkətlə onun arasında olan münasibətlərin əslində əmək münasibətləri olduğunu iddia etmiş və onunla xidmət müqaviləsi bağlanmasının qanun pozuntusu olduğunu bildirmişdir. Şəxsin bu iddiasının əsasında duran hallar isə aşağıdakılardan ibarətdir: Hər ay eyni Şirkətdən eyni məbləğdə xidmət haqqı alması; hər gün eyni vaxtda işə gəlib getməsi; şirkət tərəfindən ona nahar verilməsi və şirkətlə onun arasında tabeçilik münasibətinin olması. Bununla əlaqədar olaraq ilk növbədə bildiririk ki, iş materiallarında yuxarıda qeyd olunan hallardan hər hansı birini (birinci bənd istisna olmaqla) təsdiq edən hər hansı sübut mövcud deyildir. Bundan əlavə, həmin hallar sübut edilsə belə, bu, tərəflər arasında olan münasibətin əmək münasibəti kimi qiymətləndirilməsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə xəta tərkibinin yaranması üçün əsas ola bilməz. DƏMX-in protokolda istinad etdiyi Əmək Məcəlləsinin 7ci maddəsinin 2-3-cü bəndində göstərilən və tərəflər arasında münasibətlərin əmək münasibətləri hesab edilməsinə və xidmət müqaviləsi ilə rəsmiləşdirilməsinə yol verilməməsinə səbəb olan halların heç biri mövcud olmamış,və həmin hallardan konkret olaraq hansının mövcud olduğunu qeyd etməmişdir. Göründüyü kimi, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallardan hər hansı biri olduqda, o cümlədən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda belə, bu münasibətlərin əmək münasibətləri olubolmaması həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməli, DƏMX isə heç bir araşdırma aparmamış, Şirkət tərəfindən Əmək Məcəlləsinin 3 və 7-ci maddələrinin tələbləri pozulduğunu qeyd etsə də, konkret olaraq hansı tələbin pozulduğunu və bu pozuntunun nədə ifadə olunduğunu, ümumiyyətlə Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallardan konkret olaraq hansının mövcud olduğunu bildirməmiş, yalnız şəxsin şikayəti əsasında inzibati cərimə haqqında protokol tərtib etməklə qanunvericiliyi kobud şəkildə pozmuşdur. Bundan əlavə, KM Qərarına əsasən, “şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür.” Qeyd olunanlara əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 nümayəndəsi Elçin Əliyev izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X3 tərəfindən 07 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərar əsaslı olaraq qəbul edilmişdir. Belə ki, vətəndaş X1 Əmək Müfəttişliyinə ilkin olaraq elekton qaydada, daha sonra isə yazılı müraciət edərək, o, "xxxx" MMC ilə xidməti müqavilə bağlayaraq, əmək münasibətlərinə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinə görə əmək müqaviləsi hüquqi qüvvəyyə minmədən şəxsin hər hansı fəaiyyətə, hətta xidmətə belə cəlb edilməsi qadağandır. X8 ilə "xxxx" MMC arasında bağlanmış xidməti müqavilənin heç bir hüquqi əsası yoxdur. Belə ki, bağlanmış həmin xidmət müqaviləsi fiziki şəxslə bağlanmış müqavilənin sistemə yerləşdirilməməsi üçün tərtib olunmuşdur. Bundan əlavə vətəndaş hər gün səhər 09:00-dan axşam saat 18:00-a dək işdə olmuş, xidməti fəaliyyətlərə cəlb edilərək, davamlı olaraq hər ay əmək haqqı almışdır. Ona görə də, Carlsberg Azerbaijan” MMC-nin baş direktoru Alius Antulis barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilənləri nəzərə alınaraq Carlsberg Azerbaijan” MMC-nin direktoru tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə qərardan şikayət verən şəxsə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. X8 tərəfindən 08 oktyabr 2024-cü il tarixdə X10 Xidmətinə müqviləsiz işçilərin işə cəlb edilməsinə dair şikayət ərizə ünvanlamışdır;

2. İnzibati xəta haqqında 25 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3 və 7-ci maddələrinin tələbləri pozaraq X8 əmək müqaviləsi qüvvəyə minmədən əmək münasibətlərinə cəlb etmişdir;

3. İnzibati tənbeh vermə haqqında 07 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, "xxxx" MMC-nin baş direktoru Alius Antulis əmək müqaviləsi bağlamadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3 və 7-ci maddələrinin tələbləri pozaraq X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əmək münasibətlərinə cəlb etmiş, nəticədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 4000 manat inzibati cərimə cəzası tətbiq edilmişdir.

Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin baş direktoru Alius Antulis barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X3 tərəfindən qəbul edilmiş 07 yanvar 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün verilmiş şikayət əsassız olduğundan rədd edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin baş direktoru Alius Antulis tərəfindən X8 30 aprel 2021-ci ildən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilərək, müxtəlif əmək fəaliyyətlərinin yerinə yetirilməsinə səbəb olmuşdur. "xxxx" MMC-nin baş direktoru Alius Antulis barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə əsaslı olaraq 07 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə "xxxx" MMC tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, "xxxx" MMC-nin baş direktoru Alius Antulis tərəfindən verilmiş şikayətdə göstərilən xüsusatlar inzibati tənbehdən yayınmaq məqsədi daşıyır və təqsirsiz olmasına dair qeyd olunan hallar məhkəmədə toplanmış sübutlarla təkzib edilir. Belə olan halda, "xxxx" MMC-nin baş direktoru Alius Antulisun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətlərinin olması istisna edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin baş direktoru Alius Antulis Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X3 tərəfindən qəbul edilmiş 07 yanvar 2025-ci il tarixli, MN № 1809531saylı qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 17, 40, 43, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

"xxxx" MMC-nin baş direktoru Alius Antulis-in vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X3 tərəfindən qəbul edilmiş 07 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X3 tərəfindən qəbul edilmiş 07 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar