Məhkəmə qərarları › İş №3(012)-2712/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2712/2025

18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2712/2025 18.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə Prortokol tərtib etmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 266.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair daxil olmuş materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 266.3-cü maddələri ilə 10 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 02 oktyabr 2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində Şəxs MMC-yə məxsus “Villa Badam” Yaşayış Kompleksində formalaşan məişət tullantılarının kənara atılması və tullantıların qanunsuz olaraq qalaqlanması və yandırılması nəticəsində atmosfet havasının çirkləndirilməsi faktına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 266.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Könül Nəcəfquliyeva inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, 02 oktyabr 2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində Şəxs MMC-yə məxsus “Villa Badam” Yaşayış Kompleksində formalaşan məişət tullantılarının kənara atılması və tullantıların qanunsuz olaraq qalaqlanması və yandırılması nəticəsində atmosfet havasının çirkləndirilməsi faktı müəyyən olunmuşdur. Sonradan həmin tullantıların daşınması ilə bağlı fiziki şəxslə müqavilənin olduğu barədə bildirilsə də müəyyən edilmişdir ki, tullantılar hələ də daşınmağa təqdim edilmədən Villa Badam ərazisində yandırılmışdır. Bunu təsdiq edən araşdırmanın nəticələrini əks etdirən akt və digər sənədlər məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 266.3-cü maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnə məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə Şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 02 oktyabr 2025-ci il tarixli, 91506 saylı aktdan görünür ki, 02 oktyabr 2025-ci il tarixdə keçirilmiş yoxlama tədbirləri zamanı Abşeron rayonu, Saray qəsəbəsində Şəxs MMC-yə məxsus “Villa Badam” Yaşayış Kompleksində formalaşan məişət tullantılarının kənara atılması və tullantıların qanunsuz olaraq qalaqlanması və yandırılması faktı müəyyən olunmuşdur;

2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 07 oktyabr 2025-ci il tarixli bildirişdən görünür ki, inzibati pozuntu ilə əlaqədar başlanılmış inzibati araşdırmanın keçirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə saat 11:00-da 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baxılması və səlahiyyətli nümayəndənin iştirakını təmin etməyi barədə məlumatlandırılmış, məktub Ə.Kənan (nəzarətçi) adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir;

3. İnzibati xəta haqqında 10 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, 02 oktyabr 2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində Şəxs MMC-yə məxsus “Villa Badam” Yaşayış Kompleksində formalaşan məişət tullantılarının kənara atılması və tullantıların qanunsuz olaraq qalaqlanması və yandırılması nəticəsində atmosfet havasının çirkləndirilməsi faktı aşkar edilmişdir;

4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 266.3-cü maddələri ilə tərtib edilmiş 10 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokolun surəti MMC-nin ünvanına göndərilməklə, həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən baxılması üçün məhkəməyə göndərilməsi barədə məlumatlandırılmışdır;

5. Materiallara əlavə olunmuş foto şəkillərdən görünür ki, Şəxs MMC-nin ərazisində tullantılar qalaqlanaraq yandırılmış və nəticədə kəskin qara tüstünün atmosfer havasına yayılması faktı müşahidə olunur.

Məhkəmə protokolu tərtib etmiş orqanın nümayəndəsini dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 266.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən MMC həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilməli və barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən istismarı zamanı tullantıların əmələ gəldiyi bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvi zamanı fiziki və hüquqi şəxslər: ətraf mühitin və insan sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ekoloji, sanitar və digər tələblərə əməl etməyə; əmələ gələn tullantıların istifadəsi, zərərsizləşdirilməsi barədə müvafıq icra hakimiyyəti orqanları tərəfindən müsbət rəy verilmiş texniki və texnoloji sənədlərə malik olmağa borcludurlar. Yaşayış binalarının, habelə istismarı zamanı tullantıların əmələ gəldiyi müəssisə, bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi zamanı tullantıların idarə olunması sahəsində müəyyən edilmiş qaydalara, normativlərə və tələblərə uyğun olaraq belə tullantıların yığılması üçün yerlər (meydanlar) nəzərdə tutulmalıdır; 10-cu maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır. Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 Komitəsi və Səhiyyə Nazirliyi) müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır. Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Göründüyü kimi ərazidə formalaşan məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması qadağan olunmuş və buna görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən olunduğu kimi qanunun göstərilən tələbinin Şəxs MMC tərəfindən pozulması halı inzibati xəta protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatı, fotoşəkillər və iş materialları ilə tam sübuta yetirilərək, təsdiq olunmuşdur. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 41-ci maddəsinə görə müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 234.0.5-ci maddəsinə görə tullantıların toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə görə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qanunvericiliyin sadalanan normalarını, o cümlədən protokol tərtib etmiş orqanın nümayəndəsinin çıxışlarını dinləyərək, hesab edir ki, Şəxs MMC özünə məxsus məxsus “Villa Badam” Yaşayış Kompleksində məişət tullantılarının kənara atılması və tullantıların qanunsuz olaraq qalaqlanması və yandırılması nəticəsində atmosfet havasını çirkləndirmişdir. Hazırkı iş üzrə müəyyən olunduğu kimi qanunun göstərilən tələbinin Şəxs MMC tərəfindən pozulması halı inzibati xəta protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatı, fotoşəkillər və iş materialları ilə tam sübuta yetirilərək, təsdiq olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən , Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, hüquqi şəxsin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olduğundan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən , Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimənin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq

Q Ə R A R A A L D İ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 266.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8000 (səkkiz min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar