Məhkəmə qərarları › İş №3(012)-272/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-272/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-272/2025 22.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Abşeron RPİ-in DYPŞ-in inspektoru X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İİ qrup əlil, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-in DYPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:30-da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə, X4 məxsus «KİA RİO» minik markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobillə Qobu-Hökməli yolunda hərəkətdə olarkən idarəetmənin itirərək, yolun kənarında dayanmış X1 məxsus “Lada Vesta” minik markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zərərçəkmiş şəxslərə maddi zərər vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bunagörə də o, Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Abşeron RPİ-in DYPŞ-in inspektoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü protokol üzrə tam təqsirli bilərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyi uğrunda döyüşlərdə iştirak etmiş, İİ qrup əlildir. «KİA RİO» minik markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobil dostuna məxsusdur və onun icazəsi ilə həmin avtomobili idarə etmişdir. xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan «KİA RİO» minik markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. Həmin gün başı ağrıdığına görə spirtli içki içmiş və bundan sonra avtomaşını içkili vəziyyətdə idarə edərək, yol nəqliyyat hadisəsi törətmişdir. Əməli səmimi etiraf edir, yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərmişdir ki, «KİA RİO» minik markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə üzrə ona məxsusdur. Şəxs avtomobili sürməyə özü vermişdir. Ona dəymiş ziyan tam ödənilmişdir, Şəxs qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-in DYPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokolundan görünür ki, həmin protokol Şəxs İXM-nin 334.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tərtib edilmişdir. Elektron Məhkəmə İnformasiya Sisteminin çıxarışından görünür ki, Şəxs İİ qrup Vətən Müharibəsi əlilidir. Alkotesterdən (№ ********) görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:55:10-də müayinəsində 0.9345 % sərxoşluq vəziyyətində olduğu müəyyən olmuşdur. Abşeron RPİ-in xx.xx.2025-ci il tarixli məktubundn görünür ki, Şəxs adına Azərbaycan Respublikası DİN-in BDYPİ-in Qeydiyyat İmtahan idarəsi tərəfindən sürücülük vəsiqəsi verilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun səmimi peşmançılıq çəkməsini, İİ qrup Vətən Müharibəsi əlili olmasını Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar