Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2753/2025 21.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankdan daxil olmuş materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP № ******* nömrəli, 17 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, Şəxs 88851.54 ABŞ dolları məbləğində vəsaiti bak vasitəsi ilə 02 oktyabr 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 02 il müddətində 45280.56 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. 03 oktyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs direktoru Üzeyir Cavadov məhkəmə iclasında çıxış edərək bildirdi ki, tərtib olunmuş inzibati xəta ilə bağlı özünü təqsirli bilmir. Belə ki, həmin ödənişlər Rabitəbank ASC vasitəsi ilə ödənilmişdir. Həmin köçürmə ödənişlərinə əsasən mallar ölkəyə tam şəkildə idxal olunmuşdur. Bununla bağlı mövcud olan gömrük bəyannaməsini məhkəməyə təqdim edir. Odur ki, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, lakin səlahiyyətli orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə elektron ərizə ünvanlayaraq, Kapitalbank ASC tərəfindən verilmiş arayışda qeyd olunan bəyannamələrlə müvafiq malların idxalı təsdiq edildiyindən iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. "xxxx" ASC tərəfindən 02 oktyabr 2023-cü il tarixdə verilmiş ödəniş tapşırığından görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 88851.54 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 13 sentyabr 2023-cü il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür;
2. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış KB-244/2-2426/2025 saylı, 08 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndində müvafiq oalraq Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adlarını və köçürməyə aid bütün təsdiqedici sənədləri Banka təqdim edilməmişdir;
3. Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X2 tərəfindən 17 oktyabr 2025-ci il tarixli, EP ******* nömrəli tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 88851.54 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsi ilə 02 oktyabr 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüş və 2 il müddət keçsə də 45280.56 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; "xxxx" ASC tərəfindən 05 noyabr 2025-ci il tarixdə verilmiş məktubdan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 88851.54 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti **********2472 saylı 25 sentyabr 2025-ci il tarixli və **********7220 saylı 24 oktyabr 2025-ci il tarixli gömrük bəyannamələri ilə tam bağlanılmışdır.
Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində EP № ******* nömrəli, 17 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoli və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, MMC tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs MMC tərəfindən köçürülmüş vəsait hesabına mallar ölkəyə idxal edilmişdir. Bu fakt məhkəməyə təqdim edilmiş **********2472 saylı 25 sentyabr 2025-ci il tarixli və **********7220 saylı 24 oktyabr 2025-ci il tarixli gömrük bəyannamələri ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş məbləğin geri qaytarılmaması kimi hərəkətlərə yol verilməməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin hərəkətində inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbərtutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Abusət Qasımov