Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2758/2025 06.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsindən aidiyyati üzrə daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı baxaraq. M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş 28 yanvar 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 08 oktyabr 2024-cü il tarixli, EQ 24038467 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən 08 oktyabr 2024-cü il tarixdə, saat 07:37 radələrində «HYUNDAİ SONATA minik» markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı müəyyən edilmiş 3 ay müddət ərzində icra etməməsi əsas gətirilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilsə də, onlar məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə daxil olmuş inzibati xəta haqqında materialda olan: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 28 yanvar 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, 08 oktyabr 2024-cü il tarixdə, saat 07:37 radələrində «HYUNDAİ SONATA minik» markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı müəyyən edilmiş 3 ay müddət ərzində icra etməməsi əsas gətirilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Web Portal çıxarışının surətindən görünür ki, Şəxs 08 oktyabr 2024-cü il tarixli, EQ 24038467 saylı inzibati tənbeh tədbiq etmə haqqında qəbul edilmiş qərar əsasında tərtib edilmiş 28 yanvar 2025ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 16 (on altı) manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokolu tərtib edən orqan tərəfindən hazırkı iş üzrə cərimə qərarı 08 oktyabr 2024-cü il tarixdə qəbul edilmişdir. Həmin vaxtdan 20 gün müddətində, yəni 28 oktyabr 2024-cü il tarixədək şikayət verilmədikdə, həmin tarixin səhəri günündən 3 ay ərzində, yəni 29 yanvar 2025-ci il tarixədək cərimə qərarı icra edilmədikdə, şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi yaranır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 4 ay ərzində inzibati məsuliyyətə cəlb edilə bilinəcəyindən, həmin tarixdən hesablanmaqla 4 aylıq müddət 01 iyun 2025-ci il tarixdə bitir. Həmin tarixdən sonra inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün, Şəxs hazırki tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bundan başqa “ASAN PAY” Portalı vasitəsilə əldə olunmuş çıxarışdan görünür ki, Şəxs tərəfindən 08 oktyabr 2024-cü il tarixli, EQ 24038467 saylı inzibati tənbeh vermə haqqında qərar və onun əsasında qəbul edilmiş 28 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə müvafiq cərimə və dəbbə pulunu tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə- nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair 11 noyabr 2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi tətbiq edilməklə xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2758/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2758/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver