Məhkəmə qərarları › İş №3(012)-276/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-276/2023

08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-276/2023 08.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X7 katibliyi ilə, X1 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası DİN Abşeron RPİ Mehdiabad PB-si tərəfindən qəbul edilmiş MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Abşeron RPİ Mehdiabad PB-si tərəfindən qəbul edilmiş MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırdı ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küşəsində nömrəsiz fərdi yaşayış evində yaşayır. O, həyət evində yaşadığı üçün həyətində it saxlayır. O, itini müəyyən olunmuş qaydalara uyğun olaraq nəzərdə tutulmuş xüsusi kəmərlə bağlayaraq həyətində saxlayır. 2022-ci ilin noyabr ayının 16- da qeyd etdiyi fərdi yaşayış evində həyətinin darvaza hissəsini gecədən yağmış yağışdan sonra yağış suların axıdılması üçün nəzərdə tutulmuş xəttini, süpürgə ilə açırmış, yağış suların axıdılması üçün nəzərdə tutulmuş xətt darvazaya qədər uzandığı üçün o, süpürgə ilə süpürdüyü gecədən yığılmış yağış suları küçə istiqamətinə axıdılması və bununla da həyətdə yığılmış yağış sularının həyətdən təmizlənməsi üçün fərdi yaşayış evinin giriş qapısını natamam açmışdır. Fərdi yaşayış evinin darvazasının giriş qapısına tərəf yaxınlaşarkən bu ərəfədə qonşusu X5 darvazanın yanından keçdiyi an həyətində xüsusi kəmərlə bağlanmış itin həyətinin bir hissəsindən darvaza istiqamətinə hürərək qaçmış, o, dərhal itin boyun kəmərindən tutaraq darvazanın giriş qapısını bağlamışdır. Bir müddət sonra qonşusu X3 həyat yoldaşı onunla görüşərək ona arvadının səhər işə getdiyi vaxt itin hürməyi ilə bağlı qorxduğunu, ümumi olaraq öz şəxsi narazılığını bildirmişdir. Vəziyyətlə bağlı heç bir ciddi problemin olmadığını ona bildirsə də, qonşunun ondan narazı olduğunu hiss etmişdir. Bu səbəbdən o, həyat yoldaşı ilə qonşuluq xatirinə X3 evinə gedərək öz adından üzürxahlıq etmişdir. Xüsusi olaraq protokolu və onun əsasında tərtib edilmiş qərarı xx.xx.2023-cü il tarixində rəsmi formada AR-sı DİN Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin dəftərxanasından qəbul etdiyini qeyd etmişdir. Sonda o, Azərbaycan Respublikası DİN Abşeron RPİ Mehdiabad PB-si tərəfindən qəbul edilmiş MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi İş üzrə Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Abşeron RPİ Mehdiabad PB-sinin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan bildirişi alsa da, məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Məhkəmə şikayətin obyektiv araşdırılması üçün qərarın tərtib edilməsinə əsas olan sənədləri Azərbaycan Respublikası DİN Abşeron RPİ-yə və Mehdiabad PB-dən tələb edib nəzərdən keçirmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN Abşeron RPİ Mehdiabad PB-nin rəisi Ceyhun Qasımov tərəfindən tərtib olunmuş MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - Abşeron RPİ TŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarından görünür ki, vətəndaş Gülnarə Tağıyevanın və Ziyafət Tağıyevin müraciəti əsasında toplanmış material üzrə cinayət işi rədd olunmuş və X2 barəsində Azərbaycan respublikası İXm-nin 290.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ Mehdiabad PB-nə göndərilməsi qərara alınmışdır. HK-1/1889 saylı materialda olan və məhkəmə zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB publik hüquqi şəxsin 2766 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, G.N.Tağıyevanın bədən səthində aşkar olunmuş xəsarətlər- bel nahiyəsinin qançır-şişkinliyi, sol sağrının qançır-şişkinliyi və dişlənmiş yarası küt əşyanın təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün Abşeron rayon Mərkəzi Xəstəxanaına müraciət etdiyi xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. X3 izahatından görünür ki, o, saat 09:00 radələrində işə gedərkən qonşusu Xəqani adlı şəxs itini küçədə gəzdirən zaman it onun üzərinə hücum etmiş, 3 yerindən dişləyərək ona xəsarət yetirmiş və paltarını cırmışdır. Xəqani itin onun üzərinə hücum etməsi üçün komanda verməmiş ,lakin buna baxmayaraq it üzərinə hücum edən zaman Xəqani gec müdaxilə etmişdir. Səhhəti ilə bağlı və geyiminin yararsız hala düşməsi nəticəsində ona 400 manat dəyərində maddi ziyan dəymiş, onun şikayəti əsasında Azərbaycan Respublikası DİN Abşeron RPİ Mehdiabad PB-nin rəisi Ceyhun Qasımov tərəfindən tərtib olunmuş MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1-ci maddəsinə əsasən it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni: 290.1.1. ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə; 290.1.2. ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına; 290.1.3. it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına; 290.1.4. itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə; 290.1.5. sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə; 290.1.6. ev heyvanlarının insanların üzərinə saldırılmasına; 290.1.7. yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə; 290.1.8. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyrimüalicəvi məqsədlə cərrahi əməliyyatların (quyruğun kəsilməsi, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına; 290.1.9. ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsinə əsasən bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə HK-1/1889 saylı materialı nəzərdən keçirərək belə qənaətə gəlir ki, X4 tərəfindən əsasən it, pişik və digər ev heyvanlarının saxlanılması qaydaları pozulmuş və nəticədə zərərçəkmiş şəxs Gülnarə Tağıyevanın sağlamlığına yüngül xəsarət yetirmişdir. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası DİN Abşeron RPİ Mehdiabad PB-nin rəisi Ceyhun Qasımov tərəfindən tərtib olunmuş MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası DİN Abşeron RPİ Mehdiabad PB-nin rəisi Ceyhun Qasımov tərəfindən tərtib olunmuş MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti rədd edilsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar