Məhkəmə qərarları › İş №3(012)-279/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-279/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-279/2021 08.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru X1, inzibati xəta törətmiş şəxs Şəxsoviçin iştirakı ilə, xx.xx.1990-cı ildə Balakən rayonu, Poştbinə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Balakən rayonu, Gərəkli kəndində qeydiyyatda olan Şəxsoviç barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxsoviç oğlu xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində mobil telefonla danışarkən ucadan ünvansız nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru X2 izahatında göstərmişdir ki, Abşeron rayon Pİ-in CAŞ-in əməkdaşı Pərvin Tahirov tərəfindən tərtib edilmiş raporta əsasən Şəxsoviç xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində telefonla danışaraq, ucadan ünvansız nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Bununla əlaqədar araşdılırma aparılmış inzibati xəta törədən şəxsin izahatı alınmış və Şəxsoviç barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxsoviç izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində gəzərkən mobil telefonuna gizli nömrədən zəng gəlmiş, zəng edən şəxs onu təhqir etdiyinə görə əsəbiləşərək, ətrafda insanların olmasına məhəl qoymadan cavab olaraq həmin şəxsi ucadan nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Həmin vaxt əsəbi olduğundan ətrafda insanların olmasına məhəl qoymamışdır. Məhkəmədə Şəxsoviçin göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şəxsoviç xx.xx.2021-ci il tarixdə, saat 20:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxsoviçin barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxsoviçin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində olarkən gizli nömrə ilə istifadəsindəki mobil telefona zəng edib onu təhqir etdiyinə görə həmin şəxsi telefonda ucadan nalayiq söyüşlər söyməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə hesab edir ki, onun izahatı özünü müdafiə xarakteri daşıyır və belə izahat verməklə o, inzibati məsuliyyətdən yayınmaq istəyir. Məhkəmədə Şəxsoviçin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxsoviçin törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini olmasını nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq Qərara aldı: Şəxsoviç Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 06 (altı) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən, saat 20:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar