Məhkəmə qərarları › İş №3(012)-279/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-279/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-279/2023 07.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, X1nun nümayəndəsi və müdafiəçisi – “Ekol” Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 271ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 3(012)-279/2023 nömrəli qərarı ilə şikayət qismən təmin edilərək X2 Azərbaycan Respublikası İXM-in 271-ci maddəsi ilə təqsirli bilinib, 2000 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-258/2023 nömrəli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 3(012)- 279/2023 nömrəli qərarı ləğv edilmiş, X5 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş materialları Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-də mağaza müdiri vəzifəsində işləyir, işlədiyi mağaza Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşir. 2022-ci ilin dekabr ayının əvvəllərində Bələdiyyənin əməkdaşları mağazaya yaxınlaşaraq mağazanın qarşısında yerləşən maşınların parklanması üçün nəzərdə tutulmuş yerə işçi təyin edərək ödənişli park yeri etmək istədiklərini bildirdilər. Onlar da hazırda parklanma yerinin ödənişli olmasını tənzimləyən qanunvericiliyin olmaması ilə əlaqədar parklanma yerlərinin pulsuz olduğunu bildirmişlər. Onların qanunvericiliyin tələblərinə istinad edilməsini Bələdiyyə işçilərində prinsipiallıq yaratdığı üçün onlara ciddi problemlər çıxaracağı barədə təhdid edərək mağazadan uzaqlaşdılar. Bir gün sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları mağazaya yaxınlaşaraq axıntı sularının düzgün axıdılmaması, daha sonra isə ətrafın tullantılarla çirkləndiriyimizi bildirdilər. Daha sonra barəsində MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur. Həmin protokol əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə vəzifəli şəxs kimi 2000 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına bildirdiyi kimi o və ya mağazanın digər əməkdaşları tərəfindən tullantıların qalaqlanması qaydaları pozulmamış, heç bir tullantının yandırılması halı baş verməmişdir. Tullantıların atıldığı ərazinin mağazaya heç bir aidiyyəti yoxdur. Ətrafda bir çox sahibkarlıq obyektlərinin olmasına baxmayaraq inzibati orqan onlara qarşı sifarişli, qərəzli mövqe sərgiləyərək, həmin tullantıların onlar tərəfindən atılmasını təsdiq edən sübut olmamasına baxmayaraq onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. Eyni zamanda boş ərazidə qoyun otaran adamlar tərəfindən hava soyuq olduğu üçün isinmək məqsədi ilə ocaqlar qalanması halları da hər zaman baş verməkdədir. Onlar tərəfindən isə heç vaxt ora zibil atılmamış və yandırılmamışdır. Həmçinin onlar mağazamızdan çıxan zibillərin toplanması üçün ayrıca bir otaqlı yer tikilmiş, gün ərzində mağazadan çıxan tullantılar həmin yerə yığılaraq həftədə 6 gün olmaqla zibil maşınları vasitələri ilə müvafiq yerlərə daşınmaqdadır. İnzibati Xətalar Məcəlləsinə əsasən onun təqsirsizliyini sübut etməyə borclu deyil, həmçinin onun təqsirli olmağını, yəni tullantıların həmin əraziyə onun tərəfindən atılması, göstərilən tullantıların onun tərəfindən yandırılması şübhəsiz sübuta yetirilməlidir. Ona görə də şikayətin təmin olunmasını xahiş edir. Məhkəməsinin əvvəlki iclasında iştirak etmiş şikayətçinin nümayəndəsi və müdafiəçisi – “Ekol” Vəkil Bürosunun vəkili Vəkil şikayətlə eyni məzmunlu izahat verməklə şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 şikayətin dəlillərini qəbul etməyərək şikayətinin təmin edilməməsini və 18 yanvar 2023-cü il tarixli MN № ******* nömrəli qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edərək əlavə olaraq onu da vurğuladı ki, 02 dekabr 2022-ci il tarixdə sözügedən ərazidə idarənin əməkdaşları tərəfindən monitorinq aparılarkən aşkar olunmuş inzibati xəta üzrə tərtib olunan 75956 saylı aktda qeyd olunur ki, “Araz” marketin ətrafındakı ərazidə tullantıların qalaqlanması, yandırılması və geniş bir ərazidə yayılması faktı aşkar olunmuşdur. Eyni zamanda ticarət obyektində formalaşan kanalizasiya suları da təyinatsız şəkildə ətraf əraziyə axıdılmışdır. Araşdırma müddətində "Araz” marketin rəhbərliyi tərəfindən kanalizasiya xəttindəki nasazlıq aradan qaldırılmış, həmçinin, idarə əməkdaşları tərəfindən ətrafa atılmış tullantıların da yığışdırılaraq ərazinin təmizlənməsi tələb olunmuşdur. Ticarət obyektinin rəhbərliyi tərəfindən tələblərin icra olunacağına dair şifahi olaraq söz verilsə də, ərazi nəzəratə götürüldüyündən təkrar baxış keçirilən zaman məişət tullantılarının bir hissəsinin texnika vasitəsi ilə torpağa basdırılaraq torpaq sahəsinin münbit qatının korlandığı, bir hissəsinin isə təmizlənmədiyi müəyyən olunur. Həmçinin, iş materiallarına əlavə olunan fotoşəkillərdən görünür ki, “Araz” marketin rəhbərliyi tərəfindən əraziyə işçi qurupu cəlb olunaraq tullantıların təmizlənməsinə təşəbbüs göstərilir. “Araz" ticarət obyektinin icraçı direktoru X5 məhkəmə iclasında verdiyi izahatında ərazidə olan tullantıların yaxınlıqda məskunlaşan sakinlər tərəfindən atıldığını qeyd etsə də ilkin araşdırma zamanı belə bir izahat verməmiş, aktda və tərtib olunan protokolda öz mülahizələrini qeyd etmək hüququ izah olunsa da belə bir qeydiyyat aparmamışdır. Əraziyə baxış zamanı ticarət obyektinin binasının arxa və yan hissələrinin qamışlıq və sulu gölməçə olduğu, tullantıların isə bataqlıq ərazi ilə inzibati bina arasında qalan yerdə qalaqlanması müşahidə olunur ki, yaxınlıqdakı sakinlərin bataqlıqdan keçərək həmin əraziyə tullantı ata biləcəklərinin mümkün olmadığı aydın olur. Tullantıların atıldığı əraziyə yeganə yol isə ticarət obyektinin arxa qapısından çıxışdan başlayır. Qeyd etdikləri yerli baxış zamanı öz əksini tapmışdır. Hesab edir ki, qərar qanunidir, ləğv olunması üçün əsas yoxdur. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli 75956 nömrəli aktdan görünür ki, 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Abşeron rayonu, Saray qəsəbəsi ərazisində müxtəlif növ məişət tullantılarının qalaqlanaraq yığılıb qalması faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəfindən "xxxx" MMC-nin filial mağazası olan, fəaliyyət göstərən “Araz” ticarət obyektinin yerləşdiyi Abşeron rayonu Saray qəsəbəsi ərazisində, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, məsləhətçi X4 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, “Araz” marketin ətrafındakı ərazidə tullantıların qalaqlanması, yandırılması və geniş bir ərazidə yayılması müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki,, X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının “İstehsalat və məişət tullantıları haqqında” Qanununun 9-cu maddəsinə əsasən tullantıların emalı zamanı aşağıdakılar təmin edilməlidir: tullantıların həcminin azaldılmasına, onların emalına və zərərsizləşdirilməsinə yönəldilən texnoloji proseslərin ətraf mühit üçün təhlükəsizliyi; texnologiyada nəzərdə tutulmayıbsa, emal zamanı təhlükəli və təhlükəsiz tullantıların qarışmasına yol verilməməsi; tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması; tullantıların əmələ gəldiyi yerlərdə toplanması və onların texniki cəhətdən təchiz olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə saxlanılması; X6 məqsədilə emal ediləsi tullantıların yerləşdirildiyi xüsusi tutarların və ya sahələrin yararlı halda saxlanılması; yerləşdirildiyi, yaxud saxlanıldığı yerlərdə tullantıların ətraf mühitdən təcrid olunması; tullantıların əmələ gəldiyi və ya onların emal edildiyi müəssisələrdə tullantıların texnoloji prosesdə təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi; tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və zərərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsullarla həyata keçirilməsi. Həmin Qanunun 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının, yəni Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının, yəni Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Nazirlər Kabineti] müəyyən etdiyi qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir. Müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi və yerli icra hakimiyyəti orqanları] ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən basdırılma yerlərinin monitorinqi aparılmalıdır. Tullantıların yerləşdirildiyi obyektlərin və ya sahələrin mülkiyyətçiləri bu obyektlərin və ya sahələrin istismar müddəti başa çatdıqdan sonra lazımi bərpa işləri aparmalıdırlar. Tullantıların toplanmasını səmərəli təşkil etmək məqsədilə qiymətli komponentlər (yeyinti və toxuculuq məhsullarının tullantıları, müxtəlif metallar, kağız və s.) ayrı-ayrılıqda toplanmalıdır. Həmin Qanunun 12-ci maddəsində qeyd olunan şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair tələblərə görə, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Bundan başqa Azərbaycan Respublikası “X6 haqqında” Qanununun 47-ci maddəsinə əsasən ətraf mühitin istehsalat və məişət tullantılarından mühafizəsi məqsədilə istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdiriləsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları" nın təsdiq edilməsi haqqında 21 aprel 2005ci il tarixli 74 nömrəli qərarı ilə müəyyən edilmiş Qaydaların 2.1-ci bəndinə əsasən şəhərlər və digər yaşayış məntəqələri ərazisində bərk məişət tullantıları yığılan tutumların yerləşdirilməsi üçün xüsusi sahələr ayrılmalıdır. Ayrılan sahələr açıq, döşəməli, sukeçirməyən örtüklü və imkan daxilində yaşıllıqla əhatələnmiş olmalıdır. Sahələr elə seçilməlidir ki, tullantıların iyi yaşayış sahəsinə yönəlməsin. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən tutumların sayının və həcminin müəyyən olunması üçün onlardan istifadə edəcək əhalinin sayı, tullantıların yığılma norması, tullantıların müvəqqəti saxlanılması müddəti nəzərə alınmalıdır. Tutumların həcmi tullantıların daha çox əmələ gəlmə dövründə faktiki yığıma əsasən hər bir nəfər üçün gündə azı 0,0042 m3 tullantı nəzərdə tutularaq hesablanmalıdır (tutumların sayı və həcmi kommunal-təsərrüfat qurumlan tərəfindən müəyyən edilir və bu göstərici əmələ gələn tullantıların həcmindən asılı olaraq dəyişə bilər). Qaydaların 2.3-cü bəndinə əsasən Yaşayış sahələrində sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə məişət tullantıları xüsusi avtonəqliyyatla daşınmalıdır. Yaşayış və ictimai binaların, mədəni-məişət obyektlərinin tikintisi, təmiri, bərpası zamanı əmələ gələn tullantılar tikinti təşkilatlarının nəqliyyatı ilə xüsusi ayrılmış ərazilərə daşınmalıdır. Sənaye müəssisələrinin utilizə olunmayan tullantıları bu tullantılar üçün nəzərdə tutulmuş xüsusi qurğulara və ya poliqonlara daşınmalıdır. 2.6-cı bəndə əsasən tullantılar yığılan zaman yaxınlıqda yaşayan əhalinin rahatlığı nəzərə alınmalıdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla X2 həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Məhkəmə şikayətçinin nümayəndəsinin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni zamanda həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli 75956 saylı Aktın və həmin akt əsasında tərtib edilmiş 26 dekabr 2022-ci il tarixli MN seriyalı 495525 saylı inzibati xəta haqqında protokolda vurğulanan inzibati xəta pozuntusu məhz 02-26 dekabr 2022-ci il tarixlərə aid olmuşdur ki, həmin zaman kəsiyində isə "xxxx" MMC ilə "xxxx" MMC arasında hər hansı bir müqavilənin mövcud olması iş materiallarında yoxdur. Yerli baxış zamanıda müəyyən edilmişdir ki, göstərilən sahə marketin arxa qapısından olan keçiddən olan cığır yolu ilə marketin arxasında olan göllə market arasındakı tullantı qalaqlarına aid sahədir ki, həmin yerə də gölün o biri sahili tərəfində yerləşən evlərin sakinləri tərəfindən hər hansı bir tullantının atılması qeyri mümkündür. Tullantıların atıldığı əraziyə yeganə yol isə ticarət obyektinin arxa qapısından çıxışdan başlayır. Belə olan halda, marketin xüsusi tullantılar yığılması üçün yerinin olması, həmin əraziyə ətrafda yerləşən yaşayış evlərində yaşayan sakinlər tərəfindən tullantıların atılması, müxtəlif tullantıların açıq sahədə külək tərəfindən gətirilib toplanmasının "xxxx" MMC-nin filial mağazası olan, fəaliyyət göstərən “Araz” ticarət obyektinə heç bir aidiyyəti olmaması inzibati xətanın törədilməsini istisna etmir, işin icraatına xitam veriılməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncam verici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 271-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən X6 tələblərinə əməl edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 271-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermək haqqında qərar qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 271ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar