Məhkəmə qərarları › İş №3(012)-28/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-28/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-28/2024 22.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 "xxxx" MMC-nin nümayəndəsi Vəkil iştirakları ilə, "xxxx" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, Əhmədli ŞTQ, Xudu Məmmədov, ev 2, mənzil 12 (VÖEN:**********,) qeydiyyatda olan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron rayon Ərazisi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi üzrə MN ******* saylı protokol məhkəməyə daxil olmuşdur MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində mülkiyyətdə olan 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində anbar inşa edilməklə məqsədi təyinatdan kənar başqa məqsədlər üçün istifadə edir. "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nın nümayəndəsi Vəkil inzibati xətanın törədilməsini qəbul etmədi və bildirdi ki, şirkət tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qeyri-yaşayış sahəsi inşa edilmişdir, Nazirlər Kabinetinin son qərarı buna icazə verir, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. İlkin məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron rayon Ərazisinin nümayəndəsi X2 qeyd olunan halları təkzib etdi və "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron rayon Ərazisi tərəfindən tərtib edilmiş 23 noyabr 2023cü il tarixli aktdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qeyriyaşayış binaları (anbar) inşa edilmiş, əsaslı tikinti işləri aparılmışdır. Nəticədə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədi təyinatından kənar istifadə edir. Bu hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddənin pozulması faktıdır. Qeyd edilənlərlə əlaqədar olaraq baş vermiş qanun pozuntusu sahəsində mövcud qanunvericiliyə əsasən müvafiq tədbirlərin görülməsini məqsədəuyğun hesab edir. İş materiallarında olan xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,50 ha torpaq sahəsi "xxxx" MMC -nin mülkiyyətindədir. İş materiallarında olan MN ******* saylı xx.xx.2023-cü il protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində mülkiyyətdə olan 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində anbar inşa edilməklə məqsədi təyinatdan kənar başqa məqsədlər üçün istifadə edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə -fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: • məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: -kənd təsərrüfatı təyinatlı torpaqlar; -yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; -sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; -xüsusi qorunan ərazilərin torpaqları; -meşə fondu torpaqları; -su fondu torpaqları; -ehtiyat fondu torpaqları (9-cu maddənin 2-ci hissəsi); • torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir (10-cu maddənin 3-cü hissəsi); • torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır (12-ci maddənin 1-ci hissəsi); • kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar (13-cü maddənin 2-ci hissəsi). Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə görə qurğu - müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyekti (yollar, körpülər, piyada keçidləri, tunellər, hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndiskommunikasiya təminatı sistemləri və sairə), müvəqqəti tikili isə - torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıbsökülən tikili hesab edilir (3.0.12 və 3.0.16-cı maddələr). Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC-nin mülkiyyətində olan Abşeron rayonu saray qəsəbəsində yerləşən 0,50 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Məhkəmədə "xxxx" MMC-nin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində məqsədli təyinatını dəyişmədən başqa məqsədlər üçün istifadə etməsi, yəni qeyri- yaşayış sahəsi inşa etməsi faktı, həm şirkətin nümayəndəsinin izahatı, həm də toplanmış sübutlarla öz təsdiqini tapır. "xxxx" MMC-nin nümayəndəsinin məhkəmədə istinad etdiyi hallar şirkətin inzibati məsuliyyətə cəlb edilməsindən azad olunması üçün əsas ola bilməz. Məhkəmə iclasında ”TEXNOAK” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə «TEXNOAK” MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilsin və həmin məbləğ Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın icrası Bakı şəhəri, Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar