Məhkəmə qərarları › İş №3(012)-282/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-282/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-282/2021 08.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X6 katibliyi, Şikayət verən X2 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21.09.2020-ci il tarixli, MN0757955 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə 08.07.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21.09.2020-ci il tarixli, MN0757955 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayətçi X5 bildirdi ki, 11 saylı Regional Ekologiya və / Təbii Sərvətlər İdarəsinin rəisi X1 21.09.2020-ci il tarixli, MN0757955 saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271 və 266.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilərək 3500 (üç min beş yüz) manat məbləğində cərimələnmiş, məsləhətçi-müfəttiş X4 və vəzifəsi, statusu məlum olunmayan X8 adlı şəxs tərəfindən tərtib edilmiş 26 avqust 2020-ci il tarixli MN ******* saylı protokolda göstərilmişdir ki, guya onun tərəfindən həmin tarixdə (saat vaxtı göstərilməmişdir) müəyyən olunmuşdur ki, Binəqədi rayonu ərazisinə daxil olan "Makro-market”də formalaşan, (kiçik market olaraq heç bir halda marketdə yiyəcək şirniyyat və qida hazırlanmır, sadəcə satışı ilə məşğul olunur) kağız, kardon, plastik tullantılar qalaqlanması və yandırılması, tullantı emalı yerlərin müəyyənləşdirilməməsi, aidiyyəti qurumlarla müqavilənin olmaması göstərilmişdir. Həmçinin protokolda onun guya izahat verməkdən imtina etməyi də göstərilmişdir. Protokola əlavə edilmiş foto-şəkildəndə aydın görünür ki, marketin qabağında heç bir anti-sanitar tullantılar və yandırılmış əşyalar yoxdur. Həmçinin digər foto-şəkildən aydın görünür ki, marketin ərazisindən kənarda, harada isə bağ hasarının yanında, naməlum şəxslər tərəfindən oraya qoyulmuş, dəmir çəlləkdə kardon tullantıları vardır. Dəmir çəllək onun tərəfindən qoyulmamışdır. Həmin dəmir çəlləyin və tullantıların niyə məhz onun tərəfindən oraya tullanması barədə protokolu tərtib etmiş şəxs tərəfindən qənaətə gəlinməsi onun qərəzli mövqe tutmasına dəlalət edir. Həmin ərazilərdə əsasən,bağlarda dincələn sakinlər yaşayır. Dəmir çəlləyin oraya kim tərfindən qoyulması, kimlərin oraya müxtəlif zibil qalıqları atması və bunların qanuni olub-olmamasını araşdırmaq marketin borcu deyildir. İş materiallarında onun tərəfindən inzibati xəta törədilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Həmin protokol saxta va qanunsuz tərtib edilmişdir. Onun həmin protokolun kim tərəfindən tərtib edilməsi barədə məlumatı olmamışdır. Protokol və onun əsasında tərtib edilmiş qərardan o, Abşeron Rayon İcra və Probasiya şöbəsindən xəbər tutmuşdur. İnzibati tənbeh vermə haqqında 21 sentyabr 2020-ci il tarixli MN ******* saylı qərarın surəti ona 15 yanvar 2021 -ci il tarixdə təqdim edilmişdir. Həmin qərarın ləğvi tələbinə dair qanunla müəyyən edilmiş müddətdə Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Binəqədi rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmış, protokolun və ya qərarın ləğvi ilə bağlı səlahiyyətli orqana və ya inzibati xətalara dair işlər üzrə icraat qaydasında məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Sonda o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21.09.2020-ci il tarixli, MN0757955 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayətçi X2 vəsatəti əsasında şahid qismində dindirilmiş X10 göstərdi ki, "Makro” marketin qarşısında yerləşən bağda bağban işləyir, bağ sahibi bağın qarşısına zibil qabı qoymuş, ətrafdakı insanlarda həmin zibil qabından istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan X5 barəsində tərtib olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26.08.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokolundan görünür ki, "Makro” marketdə formalaşan kağız karton, plastmas tullantılarının qalaqlanması, yandırılması, tullantı emalı yerlərinin müəyyənləşdirilməməsi, aidiyyatı qurumlarla müqavilənin olmaması inzibati xətaları törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 271 və 266.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan X5 barəsində tərtib olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21.09.2020-ci il tarixli, MN0757955 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, o, inzibati xətanın törədilməsində Azərbaycan Respublikası İXM-nin 271 və 266.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirləndirilərək 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 15 yanvar 2021-ci il tarixli 05 saylı müqavilədən görünür ki, “xxxx” MMC-nin direktoru H. Şıxəliyev ilə X5 arasında obyekt ərazisində toplanan məişət tullantılarının müqavilədə qeyd edilən müddət ərzində daşınmasını təmin emək üçün müqavilə bağlanmışdır. Məhkəmə zamanı müəyyən edildi ki, X5 "Makro” marketdə fəaliyyət göstərməklə kağız karton, plastmas tullantılarının qalaqlanması, yandırılması, tullantı emalı yerlərinin müəyyənləşdirilməməsi, aidiyyatı qurumlarla müqavilənin olmaması səbəbindən inzibati xəta törətmiş, bu səbəbdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi F.Piriyev tərəfindən 26.08.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokol tərtib edilmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi V. Cavdov tərəfindən qəbul edilmiş 21.09.2020-ci il tarixli, MN0757955 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, inzibati xətanın törədilməsində Azərbaycan Respublikası İXM-nin 271 və 266.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirləndirilərək 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X5 barəsində inzibati tədbir görüldükdən sonra onunla “xxxx” MMC-nin direktoru H. Şıxəliyev arasında obyekt ərazisində toplanan məişət tullantılarının müqavilədə qeyd edilən müddət ərzində daşınmasını təmin emək üçün 15 yanvar 2021-ci il tarixli 05 saylı müqavilə bağlanmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası İXM-nin 271 və 266.6-cı maddələrinin tələblərini pozmaqla düzgün olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.6-cı maddəsinə əsasən 266.2. Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməməli, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi V. Cavdov tərəfindən qəbul edilmiş 21.09.2020-ci il tarixli, MN0757955 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş, 21.09.2020-ci il tarixli, MN0757955 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar