Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2854/2025 28.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərardan şikayət verən şəxs: X2 iştirakı ilə, X4 tərəfindən Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 12 avqust 2025-ci il tarixli TP ******* saylı inzibati qərardan verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 12 avqust 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Mais Məsimov şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, Abşeron DYP Yol Patrul Xidməti İnspektoru, polis serjantı Həsən Novruzlu tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokola istinadən qəbul edilib. Sözügedən protokolla və qərarla razı deyildir. Belə ki, o, özünə məxsus **-FJ-*** dövlət nömrə nişanlı, “Toyota Prius” markalı avtomaşınla xx.xx.2025-ci il tarixdə səhər saatlarında, təxminən 07:40 radələrində işə gedərkən cərimə olunduğu dairəyə daxil olmuş və həmin vaxt orada başqa avtomaşın da olmuşdur. Belə ki, o, dairəyə daxil olduqda digər avtomaşın da həmin dairəyə digər tərəfdən yaxınlaşmış, lakin aralarında ona mane olmayacağı qədər məsafə olmuşdur. Həmin vaxt motorsikletli DYP əməkdaşı onu saxlamış və qanun pozuntusu etməsini bildirmişdir. O, polis əməkdaşına kamera görüntüsü vasitəsilə pozduğu qanun pozuntusunu əsaslandırmasını istədikdə sonuncu ona kamera görüntülərinə baxmaq istəyirsənsə müvafiq otağa yaxınlaşıb baxarsan demiş, lakin o, qanunu pozmadığını, dairəyə qaydalar çərçivəsində daxil olduğunu və digər avtomaşına heç bir maneə törətmədiyini bildirsəm də barəsində İXP ******* nömrəli protokol tərtib etmişdir. Bildirir ki, yol hərəkəti qaydalarına əsasən dairənin yaxınlığında həmin yerin dairə olmasını göstərən yol nişanının olması zəruri hal olsa da, lakin həmin dairənin yaxınlığında elə bir nişan olmamışdır. Həmin yerdə dirək basdırılsa da üzərində nişan yerləşdirilməmişdir (həmin dirəyin fotoşəkil' əlavə edilir). Həmçinin bildirmək istəyir ki, protokol və qərar xx.xx.2025-ci il tarixdə tərtib edilsə də, həmin qərardan onun ümumiyyətlə məlumatım olmamışdır. Barəsində tərtib edilmiş protokolun qanunsuz olması barədə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə elektron qaydada ərizə ilə müraciət etmiş, onlar xx.xx.2025-ci il tarixdə ona məxsus olmayan avtomaşın barədə məlumatları əks etdirən məktubla cavab vermişlər. Daha sonra o, yenə elektron ərizə ilə müraciət edərək həmin avtomaşının ona aid olmadığını bildirdikdə xx.xx.2025-ci il tarixdə ona yenidən ona məxsus avtomaşın barədə məlumatlar olan məktubla Abşeron rayon Polis İdarəsi tərəfindən cavab verilmişdir. Bundan başqa qeyd etmək istəyir ki, 17 oktyabr 2025-ci il tarixdə zəng edərək cavab barədə maraqlandıqda ona bildirdilər ki, sözügedən qərar tərtib edilmiş protokola istinadən qəbul edilmişdir. Həmin vaxta qədər qərardan məlumatı olmamış və sözügedən qərar onun ünvanına göndərilməmişdir. O, həmin qərarı necə əldə edəcəyini soruşduqda ona yaxınlaşıb götürə biləcəyini bildirmiş, bundan sonra 20 oktyabr 2025-ci il tarixdə atası ora yaxınlaşmış və elektron sistemdən həmin qərarı çap edib vermişlər. Qərarın üst sol hissəsində çap edilmə tarixi və saatı vardır. Bu da onun barəsində tərtib edilmiş qərarı xx.xx.2025-ci il tarixdə, saat 16:01-də əldə etdiyini göstərir. Göründüyü kimi ona sənəd rəsmi qaydada xx.xx.2025-ci il tarixdə təqdim olunmuşdur. O, barəsində yazılmış protokolla razı deyiləm, çünki onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə yazılmış protokol və protokol əsasında qəbul edilmiş qərar qanunsuzdur. Çünki o orada göstərilən inzibati xətanı pozmamışdır. Belə ki, o, yolayrıcında dairəyə qanuna uyğun formada daxil olmuş, heç bir maşına maneə törətməmiş, qəza şəraiti yaratmamışdır. Həmçinin həmin yolayrıcında dairəyə dair heç bir nişan quraşdırılmamışdır. Həm də bildirmək istəyir ki, həmin dairə gün ərzində demək olar ki, hər zaman sıxlıq təşkil edir, belə ki, daima maşın axını vardır. Ona görə də barəsində qəbul edilmiş 12 avqust 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərardan şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati qərardan şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 12 avqust 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 12 avqust 2025-ci il tarixdə, saat 07:44 radələrində Bakı Binəqədi Yolu, 1287-ci məhəllədə Toyota Prius (Hibrid) minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcının keçmə qaydalarının pozulması nəticəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 100 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
Məhkəmə şikayəti və iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə üzrə X4 barəsində vəzifəli şəxs tərəfindən qəbul edilmiş 12 avqust 2025-ci il tarixdə qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda Toyota Prius (Hibrid) minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının pozulması kimi əks zolağa çıxılması göstərilmişdir. Lakin həmin ərazidə qadağanedici nişanların olub-olmaması və s. hallar araşdırılmamışdır. Qeyd edilən 12 avqust 2025-ci il tarixdə qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X4 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cü maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi sübutları, hadisəni əks etdirən foto və video görüntüləri məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyrimüəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Məhkəmə iclasında Mais Məsimov izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş protokolun və qərarın surətini əldə etmək üçün dəfələrlə səlahiyyətli orqana müraciət etməsinə baxmayaraq, ona həmin protokolun və qərarın surəti təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, və şikayətçinin sübutlarına baxış keçirmədən qərar qəbul etmiş, bu isə öz növbəsində X1 şikayətinin qismən təmin edilməsinə əsas olmuş, barəsinə inzibati tənbeh tətbiq edilmiş şəxsin iştirakı ilə yenidən araşdırılma aparılmasına və qərar qəbul edilməsinə zərurət yaratmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏRARA ALDİ:
X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 12 avqust 2025-ci il tarixdə qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət digər hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Abusət Qasımov