Məhkəmə qərarları › İş №3(012)-2861/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2861/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2861/2025 28.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, İnzibati xəta barədə protokol tərtib etmiş: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1996-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən daxil olmuş 27 oktyabr 2025-ci il tarixli MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollarda Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X3 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025ci il tarixdə saat 03:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən duz gölündən ümumilikdə 40 manat dəyərində 20 kisə duzu talamışdır. Bundan başqa Şəxs həmin tarixdə Abşeron RPİ-nin PPX-nin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, qeyd olunan tarixdə tanışı ilə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Duz gölündən duz götürmüşdür. Onlar duzu gölün mühafizə olunmayan ərazisindən götürmüşdür. Hadisə yerindən uzaqlaşan zaman polis maşının onları saxlamalı olduğunu bildirsə də onlar avtomobili saxlamamış və hərəkətlərini davam etdirmişlər. Daha o, avtomobili saxlamış, polis əməkdaşlarına tabe olmuşdur. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi müdafiə etdiyi şəxs barəsində düzgün inzibati xəta haqqında protokolun tərtib olunmadığını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən onun törətdiyi əməldə zərərçəkmiş şəxsin kim (və ya hansı orqan) olduğu müəyyənləşdirilmədiyini, dəymiş ziyanın məbləği ilə barədə heç bir rəsmi sənədin olmadığını bildirərək onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, həmçinin X2 polis əməkdaşlarını gördükdən sonra avtomobilini saxlayaraq onlara tabe olduğunu bildirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən də başlanmış inzibati xəta haqqında iş üzrə icraata da xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 23:50-dən məhdudlaşdırılmışdır. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən duz gölündən ümumilikdə 40 manat dəyərində 20 kisə duzu talamışdır, barəsində Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş protokolla əlaqədar inzibati xəta haqqında iş üzrə icraatın qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmadığını, iş üzrə zərərçəkmiş şəxs qismində hansı orqannın tanındığı barədə məlumatın qeyd olunmadığını, vurulmuş ziyanın məbləğini təsdiq edən heç bir rəsmi sənəd olmadığından və qeyd olunan nöqsanlar aradan qaldırılmadan işə baxılması mümkün olmadığı üçün onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material Abşeron Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Məhkəmə Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş protokolla əlaqədar sonuncuya inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, əməlindən peşman olmasını, sağlamlıq vəziyyətini, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etməyin mümkün olduğunu, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına 3 saat olmaqla hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil cəmi 33 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Abşeron rayon Polis İdarəsinə qaytarılsın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə, barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına 3 saat olmaqla hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil cəmi 33 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar