Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2866/2025 27.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi Şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: "PALLADİUM DEFENCE AND SECURİTY SOLUTİONS” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan EP ******* nömrəli, 24 oktyabr 2025-ci il tarixli Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş məlumat və sənədlərə əsasən "PALLADİUM DEFENCE AND SECURİTY SOLUTİONS” Məhdud Məsuliyyətli Cəmiyyəti 254800.00 ABŞ dolları məbləğindəki vəsait 10 oktyabr 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə və qeyri- rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 02 il müddətində 55335.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 11 oktyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, onların şirkəti silah sahəsində ixtisaslaşmışlar, 29 aprel 2025-ci il tarixli akt və ona əlavə olunmuş invoys təqdim edərək həmin akt üzrə qeyd olunan avans məbləğindən qalıq qalmış 55335.00 USD məbləği geri qaytarılmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndələri iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “Ziraat Bank Azərbaycan ASC” tərəfindən 10 oktyabr 2023-cü il tarixdə verilmiş köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 254800.00 ABŞ dolları məbləğində pul vəsaiti həmin tarixdə “Ziraat Bank Azərbaycan ASC”-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür;
2. “Ziraat Bank Azərbaycan ASC” tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 15 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarınln tələbi olaraq idxal olunan mal və ya xidmətlər üzrə qabaqcadan ödəniş aparıdığı gündən 02 il müddətində mal və ya xidmətin idxalını təsdiq edən sənədlər Banka təqdim edilməmişdir;
3. Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X1 tərəfindən tərtib edilmiş 24 oktyabr 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 254800.00 ABŞ dolları məbləğində vəsaiti 10 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 55335.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır;
4. Şəxs MMC tərəfindən təqdim edilmiş 29 aprel 2025-ci il tarixli aktdan görünür ki, 29 aprel 2025-ci il tarixdə ödənilmiş 112235.00 USD məbləğində vəsaitin köçürmə təyinatı üzrə 27/11-TUR №-li, xx.xx.2020-ci il tarixli və invoys İNV PAL**********010 №-li, DD xx.xx.2023-cü il tarixində 55335.00 USD məbləğində köçürülən avansın tam hissəsi geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş "xxxx" MMC barəsində EP ******* nömrəli, 24 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, MMC tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri- rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən köçürülmüş vəsait tam olaraq MMC-nin hesabına geri qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məqsədləri üçün idxal edilən mallar, müdafiə və milli təhlükəsizlik ehtiyacları ilə əlaqəli olduğundan, həmçinin bu mallara dair gömrük bəyannamələri və ya idxal sənədləri dövlət sirri kimi qorunduğundan qeyd olunan sübutlar "xxxx" MMC tərəfindən banka təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə, hazırkı iş üzrə MMC-nin hərəkətlərində inzibati xəta tərkibinin mövcud olmadığı qənaətinə gələrək, iş üzrə icraata xitam verilməsini doğru və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43 , 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
"PALLADİUM DEFENCE AND SECURİTY SOLUTİONS" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Firuzə Kərimova