Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-287/2024 18.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Həsənova Salatın Etibar qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Şəxs MMC-nin nümayəndəsi Hacıyev kamet Şirin oğlunun iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu Daşagil gölünün ətrafında fəaliyyət göstərən Şəxs MMC tərəfindən çirkab suların gölə axıdılası və ətraf mühitə axıdılan zərərli maddələrin uçot hesabatın aparılmamasına görə Azərbaycan Respublikası CM-nin 239 və 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(012)-808/2023 saylı qərarına əsasən “X3 Azerbayjan” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239 və 264.0.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-16/2024 saylı qərarına əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239 və 264.0.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 3(012)-808/2023 saylı qərarı ləğv edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Taleh Əzizov protokolu müdafiə edərək Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 239 və 264.0.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Kamet Hacıyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239cu maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı təqsirli olduqlarını bilərək hesabatın verilməməsi səbəbinin MMC-nin daxilində yaranmış iqtisadi və beynəlxalq problemlərlə əlaqədar olduğunu qeyd etmişdir. MMC-nin qarşısına idarəyə hesabtaların verilməsinə dair tələblər qoyulmasından məlumatları olmadığını bildirmişdir. Şəxs MMC-nin istehsalat fəaliyyətini tam olaraq dayandırdığını, lakin rəsmi prosedurların həyata keçirilmədiyini vergi ödəyəcisi olaraq fəaliyyətinin aktiv göründüyünü bildirmişdir. Həmçinin o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı təqsirli olmadıqlarını bildirərək, fikrini həmin gölə başqa müəsissələr və sakinlər tərəfindən də çirkab su axıdılması ilə əsaslandırmışdır. Ona görə də, həmin hissə ilə bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli 82666 saylı aktından görünür ki, müəssisələr tərəfindən ətraf mühitə atılan, axıdılan, basdırılan tullantıların dəqiq uçothesabatı aparılmalı, hər ilin sonunda 2 TG-(hava), 2TG- (təhlükəli tullantı) və 2 TG-(su təsərrüfatı) dövlət statistik hesabatları İdarə ilə razılaşdırılmalı, ətraf mühitə atılan tullantılara görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 122 saylı Qərarı ilə təsdiq olunmuş ’’Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydaları”na və həmin Qərarda dəyişiklik edilməsi barədə NK-nin xx.xx.2022-ci il tarixli 308 saylı Qərarına əsasən Respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilərdə daxil olmaqla) dövlət, qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər tərəfindən ətraf mühitin çirklənməsinə, zərərli maddələrin ətraf mühitə atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə hesablanmış ödəniş hər ayın 10-dan gec olmayaraq “Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondu”na ödənilməlidir. Qanunvericillikdə ətraf mühitin çirkləndirilməsinə görə ödəniş məbləği 2 ay ardıcıl olaraq ödənilmədikdə məhkəməyə müraciət olunması və ödəmə məbləği vaxtında ödənilmədiyinə görə hər gecikdirilən gün üçün ödənişin 0,1 %-i miqdarında (dəbbə pulu) cərimənin hesablanması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmamasına görə (vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə) inzibati qaydada cərimə nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, xx.xx.2023-cü il tarixli 3-14-43/2-297/2023 nömrəli xəbərdarlıq məktubu göndərilsə də bu istiqamətdə heç bir iş görülməmiş və məktuba cavab verilməmişdir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsindən görünür ki, ətraf mühitin monitorinqi- təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsidir. 18-ci maddəsindən görünür ki, 1. Hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar.
2. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır.
3. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına (“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 173 №li Fərmanın 2.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi), onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibiin bütün digər əlamətlərni daşıyan əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 239-cu maddəsinə əsasən, ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 2023-cü ildə aylar üzrə təqdim edilməli olan ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatlar qanunvericiliklə müəyyən edilmiş vaxtda 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmişdir. Müvafiq hesabatların aylar üzrə vaxtında aparılmaması iş materialları və barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı ilə təsdiq edilmişdir. Şəxs MMC öz istehsalat fəaliyyətini dayandırmasını təsdiq edən sənədlər təqdim edilməmiş, əksinə olaraq vergi ödəyicisi olaraq fəaliyyətini davam etdirdiyi məlum olmuşdur. Bundan başqa Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 264.0.1ci maddəsi ilə törədilmiş əməl hüquqi qiymət verilməsi əlaqədar qeyd edir ki, inzibati xətanın törədildiyi 28 fevral 2023-cü il tarixdən hazırki vaxtadək 01 aydan artıq müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməli və həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməli, eyni zamanda, MMC Azərbaycan Respublikası İXMnin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olsa da, məhkəmədə baxılan zaman inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
«X3 Azerbayjan» MMC Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməllərinin törədilməsində təqsirli bilinərək 8500 (səkkiz min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. «X3 Azerbayjan» MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov