Məhkəmə qərarları › İş №3(012)-288/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-288/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-288/2024 13.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğunun sədrliyi, İbrahimov Bəhram İqrar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs: Abşeron rayon Polis İdarəsinin Saray PB-nin sahə rəisi polis leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Cəbrayıl rayonunun Sirik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Cəbrayıl rayonunun Sirik kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Abşeron rayon Polis İdarəsinin Saray PB-nin sahə rəisi polis leytenantı Kamran İsgəndərli izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə BDYPİ YPXA İ Tağım əməkdaşı Vasif Əzizov 706 saylı postda xidmətdə olduğu zaman “Hyundai” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol nişanının tələbini pozduğu üçün polis əməkdaşı tərəfindən saxlanılmış, qanunun tələbinə əsasən özünü təqdim etdikdən sonra pozuntu barədə məlumat vermiş və sürücüdən sənədlərini təqdim etməsini bildirmişdir. Sürücü sənədlərini təqdim etməkdən imtina etdiyi üçün sonuncunun sənədləri təqdim etməli olması barədə polis əməkdaşı təkrar olaraq onu məlumatlandırsa da lakin Şəxs polis əməkdaşına qayda pozuntusunun görüntülərini gördükdən sonra sənədlərini təqdim edəcəyini bildirmişdir. Polis əməkdaşı təkrar olaraq yenə sürücünün vəzifələrini izah etsə də sonuncu polisin qanuni tələblərinə riayət etməyərək, mobil telefon vasitəsi ilə çəkiliş etmişdir. Vasif Əzizov sürücüyə çəkilişi sonlandırmasını, qanunun tələblərini riayət etməsini bildirsə də sonuncu çəkilişinə davam etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmadığı üçün Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə gətirilərək, təhvil verilmiş və barələrində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, baş vermiş inzibati xəta ilə bağlı özünü təqsirli bilir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Hyundai” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saray postunu dönərkən “2,5 dayanmadan keçmək qadağandır” nişanının tələbini pozduğu üçün polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı özünü təqdim etdikdən sonra pozuntu barədə məlumat verə bilmədiyi üçün o, sonuncuya qayda pozuntusunun görüntülərini gördükdən sonra sənədlərini təqdim edəcəyini bildirmişdir. Polis əməkdaşı təkrar olaraq sənədləri təqdim etməli olduğunu bildirdikdə o, istifadəsində olan mobil telefon vasitəsi ilə çəkiliş etmişdir. Polis əməkdaşı ona çəkilişi sonlandırmasını, qanunun tələblərini riayət etməsini bildirsə də o, çəkilişinə davam etmişdir. Polis əməkdaşı ilə aralarında baş vermiş mübahisəyə görə əməlindən peşmandır, etdiyi əməli bir daha təkrarlamayacağını və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 13:30-dan məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə 706 saylı postda xidmət aparan polis əməkdaşları Şəxs sənədləri təqdim etməsini tələb etmiş, lakin sonuncu sənədləri təqdim etməyərək, qanunun tələblərinə tabesizlik göstərmişdir. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “gəlir” məlumatlarına dair göndərilmiş sorğudan görünür ki, Şəxs orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (1-ci qrup) əlilliyi müəyyən edilmiş şəxs olaraq 270 manat məbləğində pensiya alır. Məhkəmə proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. “Polis haqqında” Qanunun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ-ci hissəsinin 1-ci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığı və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (1-ci qrup) əlilliyinin olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti ağırlaşdıran halların aşkar edilməməsini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi sonuncunun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128, 130 və 535.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 150 (bir yüz əlli) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə zalından dərhal azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar