Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-29/2023 10.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən, ona məxsus olan və işlətdiyi “Çıraqlı” marketdə satılması qadağan olunmuş pirotexniki partlayıcı maddə satışı ilə məşğul olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokolu tərtib etmiş orqana məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qasımov X1 rayonu, Xırdalan şəhəri, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən, ona məxsus olan və işlətdiyi “Çıraqlı” marketdə satılması qadağan olunmuş 23 ədəd pirotexniki vasitələri satdığından barəsində Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsi tərəfindən İXM-nin 442-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Aşkar olunmuş 23 ədəd pirotexniki partlayıcı vasitələr polis əməkdaşları tərəfindən Abşeron RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 442-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinin məzmununa görə istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir şəxs qanunla müəyyən edilmiş fəaliyyətlə məşğul olmalı, qanunla istehsalı və ya satılması qadağan olunan malların istehsalı və ya satılmasının realizə edilməsindən yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsindən çəkinməlidir. Əks halda bu özbaşınalıq yaradar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunla satışı qadağan edilən pirotexniki partlayıcı maddə satılmasını həyata keçirmişdir. Bu həmin maddənin onun bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirilən mağazada satarkən aşkar edilmiş, həmin maddənin pirotexniki partlayıcı maddə olması tərəfindən etiraf edilmiş, pirotexniki partlayıcı maddə qablaşdırılaraq götürülmüşdür. Həmin pirotexniki partlayıcı maddənin aşkar edilərək götürülməsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən də etiraf edilməsi, həmin hal üzrə əlavə dəyərləndirmə aparılmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə işə baxılarkən Şəxs əməlində İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində icraat aparılan şəxsə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın obyekti olan 23 ədəd pirotexniki partlayıcı müsadirə olunmaqla onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48 51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 23 ədəd pirotexniki partlayıcı müsadirə edilməklə 350 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-29/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-29/2023
10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver