Məhkəmə qərarları › İş №3(012)-290/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-290/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-290/2024 05.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, X1nun iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1, 327.6-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi verərək, Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə 100 manat məbləğində protokol (İXP 5927479) tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron rayon Yol Polis İdarəsinə çağırılmış, hadisə ilə bağlı izahatı alınmışdır. İzahatında bildirmişdir ki, Saray qəsəbəsində idarə etdiyi ** BH *** dövlət qeydiyyat nişanlı opel Astra minik markalı avtomobili ilə gələrkən sərt döngədən qabağa sola işarə vurararaq qarşıdan gələn avtomobilləri gözləyən Toyota RAV 4 ** SD *** dövlət qeydiyyat nişanlı avtomobilə ara məsafəsini saxlamaqla gözləmişdir. ** SD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düşərək maşınını vurduğunu, şər atan şəkildə deyərək onunla uca səslə danışmışdır. O ondan ara məsafəsini göstərmiş və bildirmişdir ki, bu ara məsafəsindən onun avtomobilinə necə ziyan vura bilər. Sonra avtomobilləri kənara çəkmişdir. X7 Nazirliyinin 102 qaynara xəttinə zəng etmiş və şikayətini bildirərək əraziyə yol patrul xidmətinin gəlməsini tələb etmişdir. Həmin ərazidə təhlükəsiz şəhər kamerası da mövcuddur. Lakin, 30 dəqiqədən artıq yol patrul xidmətinin əməkdaşlarını gözləsə də heç bir polis əməkdaşı əraziyə yaxınlaşmamışdır. İdarə etdiyi avtomobildə dealiz xəstəsi yaxını olmuşdur. Onu xəstəxanadan evə aparmışdır. O ** SD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Asif Usubova maşınında dealiz xəstəliyindən əziyyət çəkən xəstə olduğunu bildirmiş və xəstəni evə buraxıb hadisə yerinə qayıdacağı barədə deyərək razılaşmışdır. Oda öz növbəsində onu hadisə yerində gözləyəcəyini bildirmişdir. Xəstəni evə buraxıb hadisə yerinə gəldikdə Asif Usubov idarə etdiyi avtomobil ilə orada olmamışdır. Onunla əlaqə saxladıqda, o, isə öz növbəsində bildirmişdir ki, Abşeron rayon Polis İdarəsindən çağrıldığını və oraya getmişdir. xx.xx.2023-cü ildə Abşeron rayon Yol İdarəsinə telefon vasitəsi ilə çağrılmışdır. Ora gedərək izahat verib bildirmişdir ki, polis əməkdaşlarının əraziyə çağrılsada bir nəfər də olsun əraziyə yaxınlaşmayıb, kamera görüntülərini mövcud olduğunu, hadisə yerinə baxış keçirilmədiyini protokolun yerində tərtib edilmədiyini və inzibati xətanın mövcud olub-olmadığını, inzibati məsuliyyətə səbəb olan halların müəyyən edilmədiyini bildirsə də ona qarşı qərəzli şəkildə xx.xx.2023-cü il tarixdə Abşeron rayon DYPŞ-si tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsi ilə 4 (dörd) bal, 100 manat məbləğində cərimə edilməklə TP ******* saylı qərar tətbiq edildiyini bildirmişlər. Bununla bağlı elə həmin gün 102 qaynara xəttinə, Asan Pay vasitəsi ilə şikayətlərimi bildirmişdir. Bundan sonra dəfələrlə əlaqə saxlayaraq şikayətinin nəticəsi ilə məlumatı bu günə kimi əldə edə bilməmişdir. xx.xx.2023-cü il tarixli qərarı isə xx.xx.2024-cü ildə Abşeron rayon DYP idarəsinə gedərək oradan götürmüşdür. Barəsində tətbiq edilən qərarla bağlı öz telefonu ilə çəkiliş etmişdir. Həmin çəkilişdə hadisə yerində olduğunu, hadisə yerindən qaçmadığını və hər hansısa inzibati xəta ilə bağlı hadisə törətmədiyini bildirmişdir. Bununla yanaşı hadisə yerində protokol tərtib edilmədiyini və hadisənin baş verib verməməsinə aydınlıq gətirilməsini tələb etmişdir. Hadisənin necə baş verdiyinin qeydiyyata aldığını da bildirmişdir. Video görüntünü polis idarəsinə təqdim edərək qəbul edilməsini bildirsə də bir nəticəyə nail ola bilməmişdir. Ərizəsinə əlavə etdiyi diskə avtomobili ilə heç bir xəta törətmədiyini və avtomobilində olan batığın hadisədən 2-3 ay əvvəl olduğunu, telefonunnda bunula bağlı video görüntü olduğunu, həmin hadisənin telefon vasitəsi ilə nə zaman çəkildiyini telefonda göstərmişdir. Polis idarəsində bununla bağlı qeydiyyat aparılmasını və təmin edilməsini bildirməyinə baxmayaraq heç bir tədbir görülmədiyini bildirmişdir. Səbəbsiz olaraq ona qarşı ədalətsiz mövqedən çıxış edərək, qanunsuz hərəkətlərinə məruz qalmışdır. Polis əməkdaşının özbaşınalığı, insani keyfiyyətlərindən uzaq qalmasının göstəricisidir. Polis əməkdaşı öz vəzifələrinin icrası ilə bağlı namusuna, vicdanına and içsə də göründüyü kimi ya vicdan namus onda əvvəldən olmayıb, yada hara qoyubsa tapa bilməməkdədir. Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* №-li qərarı ilə razı deyil, qəbul edilmiş qərarın özü İXM-in tələblərinə cavab vermir. Ona görə də şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 xx.xx.2023-ci il tarixində, saat 11:30-da OPEL ASTRA minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin araməsafəsi qaydasının pozduğu və yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücünün yol nəqliyyat hadisəsi yerindən yayındığı üçün barəsində İXM-in 327.1, 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçinin təqdim etdiyi 01 ədəd diskdə olan videogörüntülərə baxış zamanı OPEL ASTRA minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün hadisə yerində olması, hadisə yerindən qaçmaması və hər hansısa inzibati xəta ilə bağlı hadisə törətməməsi müşahidə olunur. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyət yaranır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən inzibati xəta haqqında protokolun X4 barəsində başlanılmasının səbəbi xx.xx.2023-ci il tarixində, saat 11:30-da OPEL ASTRA minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin araməsafəsi qaydasının pozması və yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücünün yol nəqliyyat hadisəsi yerindən yayınması ilə bağlı olmuşdur. Halbu ki, məhkəmə iclasında xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda sürücü X4 tərəfindən törədilməsi iddia edilən İXM-in 327.1, 327.6-cı maddəsinin dispozitiv şərtləri ümumi olaraq göstərilmiş, lakin sürücünün avtomobili idarə edərkən araməsafəsi qaydasını pozaraq yol nəqliyyat hadisəsi törətməsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsini təmin etməmiş və bu barədə tərtib edilmiş protokolda qeydlər aparılmamışdır. Lakin buna baxmayaraq Azərbaycan Respublikası DİN-nin Abşeron RPİ-in DYPŞ-si yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmadan, heç bir tutarlı sübuta əsaslanmadan xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarını qəbul etmişdir. Bunadan başqa aşkar olunmuş inzibati xətaya dair tərtib olunmuş protokola baxılması zamanı qeyd edilən qanun normalarına əməl edilməsi təmin edilsə idi, X3 şikayətində qeyd etdiyi dəllərdə göstərilən nəticə ilə, DYP əməkdaşının tərtib etdiyi inzibati xəta haqqında protokola müəyyən edilən sürücünün idarə etdiyi avtomobillə hərəkətdə olarkən araməsafəsi qaydasının pozması və yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücünün yol nəqliyyat hadisəsi yerindən yayınması ziddiyyətli olub-olmaması müəyyən edilə bilərdi, yəni mübahisənin mövcudluğunun müəyyən edilməsi halında mütləq şəkildə “Yol hərəkəti qaydalarının haqqında” Qaydalarına uyğun araşdırma aparılmalıdır. Lakin iş materialları ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşması halı müəyyən edilmir. Həmçinin dəfələrlə təklif edilməsinə baxmayaraq protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə sübut təqdim edilməmiş, üstəlik iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Şikayətçinin məhkəməyə təqdim etdiyi 01 ədəd diskdə olan videogörüntülərə baxış zamanı OPEL ASTRA minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün hadisə yerində olması, hadisə yerindən qaçmaması və hər hansısa inzibati xəta ilə bağlı hadisə törətməməsi müşahidə olunur. Məhkəmə, qərardan şikayət vermiş X3 isnad etdiyi, hadisə zamanı onun təqsirinin olub-olmamasını təsdiq edən heç bir sübutun olmaması faktına münasibət bildirməyi zəruri hesab edir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində “yol hərəkəti qaydalarını pozan” nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin normanın dispozisiyasından göründüyü kimi, şəxsin hadisə yerindən yayınmasına görə inzibati məsuliyyətə cəlb edilə bilməsi üçün yol hərəkəti qaydalarını məhz həmin şəxs pozmuş olmalıdır. Başqa sözlə, yol hərəkəti qaydalarını pozmamış şəxsin hadisə yerindən yayınması onun İXM-in 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə əsas vermir. Bundan başqa Abşeron RPİ-in DYPŞ-si şəxsi İXM-in 327.6-cı maddəsi ilə təqsirli bilərkən İXM-in 327-ci maddəsinin qeyd hissəsinin 7-1ci bəndinin tələblərini nəzərə almamışdır. Belə ki, İXM-in 327-ci maddəsinin Qeyd hissəsinin 7-1-ci bəndinə əsasən, yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. Normanın məzmunundan da göründüyü kimi, tərəflər arasında mübahisə olmadıqda və həmin yolnəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədikdə sürücünün hadisə yerini tərk etməsi İXM-in 327.6-cı maddəsinin tərkibini yaratmır. Məhkəmə hesab edir ki, Abşeron RPİ-in DYPŞ-si yalnız öz subyektiv mülahizələrinə əsasən X3 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh etmə qərarı qəbul etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilmir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsində isə təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarı əsasında Azərbaycan Respublikası DİN-in BDYPİ-in X2 yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar