Məhkəmə qərarları › İş №3(012)-2928/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2928/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2928/2025 05.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X2, inzibati xəta barədə protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1979-cu ildə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş 05 noyabr 2025-ci il tarixli, MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-324/2025 saylı 03 mart 2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 28500 (iyirmi səkkiz min beş yüz ) manat borc və 360 (üç yüz altmış) manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi üzrə borc 59000 manat təşkil edir. Borclu icra sənədini icra etməkdən yayınır və icra məmurunun qanuni tələblərinə tabe olmur. Odur ki, borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, qeyd olunan icra sənədi üzrə borcu 03 aydır ödəmir. Özünün mülkü olduğunu, amma sənədləşmənin gecikdiyini, həmin mülkü bir həftə ərzində zərərçəkmiş şəxsə təqdim edəcəyini bildirdi və borcunu bağlayacağını bildirdi. Bir həftə vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X5 bildirdi ki, müdafiə etdiyi şəxsin borcun 2500 manatını ödədiyini, rəsmi iş yerinin olmamasını, bunun üçün məşğulluq agentliyinə müraciət etdiyini, daşınmaz əmlakı olan mülkünü zərərçəkmiş şəxsə verəcəyini və yayınmadığını nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etmir. Sədrlik edən zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-324/2025 saylı 03 mart 2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 28500 (iyirmi səkkiz min beş yüz ) manat borc və 360 (üç yüz altmış) manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. 08 may 2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbərdarlıq edilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə qəsdən təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın: 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76-cı maddəsinə görə inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsində bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmədə borclu Şəxs əməlində cəzasını yüngülləşdirən, həmçinin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi, icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə olduqda məhkəmə onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını və Şəxs cəmiyyətdən təcrid etmədən islah olunmasının mümkün olduğunu nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar