Məhkəmə qərarları › İş №3(012)-2945/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2945/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2945/2025 21.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta "xxxx" MMC-nin nümayəndəsi haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə 02 may 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 12 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2- 2(119)-182/2025 saylı qərarına əsasən iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Məhdud Məssuliyyətli Cəmiyyətindən 4000 avro məbləğində borc ödəniş anında Azərbayan manatının məzənnəsi ilə və 96,8 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 15 avqust 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Borclu icra sənədi üzrə öhdəliyi icra etmədiyi üçün icra məmurunun qərarına əsasən borcluya məxsus bank hesablarına həbs qoyulmuş, daha sonra növbəti icra tədbiri olaraq 16 oktyabr 2025-ci il tarixli qərara əsasən "xxxx" MMC-nin rəhbəri Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün barəsində axtarış elan edilmişdir. Şəxs hazırki günə qədər olan borcundan ödəniş aparmamışdır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan Şəxs barəsində tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilməyərək bildirdi ki, Bulaq ML. MMC real iqtisadi fəaliyyəti olmayan, nizamnamə kapitalı cəmi 100 manat olan kiçik müəssisədir. Şirkətin faktiki dövriyyəsi və gəliri yoxdur. Hazırda şirkətin bank hesabı İcra Xidməti tərəfindən bloklanmışdır. Bloklanma səbəbindən şirkət yeni sifariş qəbul edə bilmir və heç bir gəlir yarada bilmir. Bu isə borc öhdəliyinin yerinə yetirilməsini fiziki olaraq mümkünsüz edir. Əgər hesab üzrə blok tətbiq edilməsəydi, şirkət fəaliyyətə başlayaraq borcun hissə-hissə ödənilməsinə başlaya bilərdi. Biz bu barədə razılığa gəlməyə açıq olmuşuq. Lakin qarşı tərəf Zərərçəkmiş şəxs, hissə-hissə ödənişə razı deyil və hər hansı güzəşt etmir. İcra prosesinin gedişində icra məmuru Vadim Əliyev onunla şəxsi ünsiyyətdə qeyd etdi ki, telefon danışığımızın tonu xoşuna gəlməyib və çağırış olmadan onu axtarışa verməsinin səbəbi də bu olmuşdur. Həmçinin bildirdi ki, bu addımı gələcəkdə yenə təkrarlaya bilər, məhkəmə tərəfindən cərimə tətbiq olunacaq və növbəti mərhələdə həbs tədbirinin tətbiqinə səbəb ola bilər. O icra prosesindən yayınmamışdır, icra şöbəsinə şəxsən gəlmiş və əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir. Buna baxmayaraq, artıq ödəmə çətinliyi yaşayan, fəaliyyəti dayanan və gəliri olmayan MMC-yə əlavə cərimələrin tətbiqi müəssisənin tam məhv olmasına gətirib çıxara bilər. Bu isə nə dövlət büdcəsinin, nə də kreditorun maraqlarına uyğundur. Şirkətin fəaliyyətsiz olduğunu, gəlir əldə etmədiyini və real ödəniş imkanının yalnız işə başlamaqla mümkün olacağını nəzərə alaraq, əlavə sanksiyaların tətbiq edilməməsini, cərimə yazılmamasını və məsuliyyətin yüngülləşdirilməsini xahiş edirəm. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edərək verdiyi ifadəsində bildirdi ki, ona borcun hissə-hissə ödənilməsilə bağlı təklif olmayıb, qərarın icrasını tələb etdiyini, əks halda məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Onu da bildirmişdir ki, borclu dəfələrlə borcu 10 günə ödəyəcəyini demiş lakin artıq il yarım keçsə də, nəticədə borcdan hər hansı məbləğ ödənilməmişdir. Nəzərə alınmasını və tədbir görülməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:

1. Sumqayıt Kommersiya Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2-2(119)- 182/2025 saylı qərarına əsasən iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Məhdud Məssuliyyətli Cəmiyyətindən 4000 avro məbləğində borc ödəniş anında Azərbayan manatının məzənnəsi ilə və 96,8 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir.

2. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 15 avqust 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Borclu icra sənədi üzrə öhdəliyi icra etmədiyi üçün icra məmurunun qərarına əsasən borcluya məxsus bank hesablarına həbs qoyulmuş,

3. "xxxx" MMC-nin rəhbəri Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün 16 oktyabr 2025-ci il tarixli qərara əsasən barəsində axtarış elan edilmişdir.

Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2-2(119)-182/2025 saylı icra sənədinin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə tam icrası yerinə yetirilmir. Bu hərəkətləri ilə də onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edilir. Məhkəmə iş materiallarını və tərəflərin izahatlarını nəzərdən keçirərək müəyyən etmişdir ki, "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilməlidir. İş materiallarından aydın olur ki, direktoru olduğu hüquqi şəxs – "xxxx" MMC – icra sənədində göstərilmiş öhdəlikləri vaxtında və tam yerinə yetirməyib. Bu səbəbdən icra orqanının qanuni tələbləri pozulmuş, hüquqi şəxs vasitəsilə məsuliyyət daşıyan Şəxs hərəkətləri inzibati xətanı formalaşdırmışdır. Hüquqi şəxsin fəaliyyət imkanlarının məhdud olması və ya gəlir əldə etməməsi direktoru fərdi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 10.2-ci maddəsinə əsasən, hüquqi şəxsin nümayəndəsi vəzifə səlahiyyətləri çərçivəsində törədilmiş inzibati xətalara görə fərdi məsuliyyət daşıyır. Yuxarıda göstərilən faktlar və hüquqi normativlər nəzərə alınmaqla, məhkəmə hesab edir ki, Şəxs hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xətanın tərkibini təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə "xxxx" MMC-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:

"xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1.200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar