Məhkəmə qərarları › İş №3(012)-302/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-302/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-302/2025 27.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, X1 iştirakları ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 12 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilmişdir. X2 şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayət ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, 11 saylı RETSİ-nin rəisi X8 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmiş və buna görədə 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur.O,qəti şəkildə qərar və protkolu qəbul etmir, qərarda göstərilənlər həqiqəti əks etdirmir. Onu da qeyd edir ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı o, 11 saylı RETSİ-nin rəisi X8 adma ərizə yazaraq xx.xx.2025-ci il tarixdə əldə etmişdir və həmin ərizənidə şikayət ərizəsinə əlavə etmişdir. O, həmin qərardan Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin zəngindən sonra xəbəri olmuş və dərhal sözügedən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasında olmuş və qərarı əldə edərək, sözügedən idarəyə qərarın əsassız olduğunu bildirmişdir. Onlar isə ona qeyd etdikləri ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Tərtib olunmuş protokolda guya ki, o, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Vulkan koreyerləri adlanan ərazidə “Shagman” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə lisenziya və icazə olmadan yerin təkindən qanunsuz istifadə etmişdir. Bildirmək istəyir ki, o, öz yük avtomobili ilə həmin ərazidə fəaliyyət göstərən Drabilka adlanan daş doğrayan karxanadan daş qırıqlarının daşınması ilə məşğul olmuşdur. Sözügedən ərazidə torpagin qazılması və torpağın daşınması ilə məşğul olmamışdır. Torpağın qazılması üçün onda hər hansı bir texnika olmamışdır. Bir daha bildirir ki, Shagman markalı yük avtomobili ilə pul ödəmək şərti ilə daş tozu və qırıntılarını alaraq onun daşınması ilə məşğul olmuşdur. Onun heç bir günahı olmadığı halda kimlərinsə marağı naminə 600 manat cərimə olunmuşdur. Min-bir əziyyətlə işləyərək ailəmi dolandırmağa çalışır, 600 manat məbləğində pul onun üçün çox böyük bir məbləğdir. Həmin pulu qazanıb evinə aparmaq üçün gecə-gündüz əziyyət çəkərək işləyir. Hesab edir ki, 11 saylı RETSİ-nin rəisi X8 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı əsasında yazılan 600 manat məbləğində cərimə silinməlidir. Bu səbəbdən hesab edir ki, qərar ləğv edilməli və əsassız olaraq yazılmış cərimə silinməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, 12 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan 12 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki X4 MN ******* saylı qərar ilə Azərbaycan Respublikası İXM-in 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 600 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 228-ci maddəsinə əsasən İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən Rövşən Fərəcullayevin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən Rövşən Fərəcullayevin barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, araşdırma zamanı Rövşən Fərəcullayevin hüquqlarının təmin edilməməsi, eləcə də iş üzrə toplanmış zəruri sübutların, inzibati icraat materialının təqdim edilməməsi sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmiş, bu isə öz növbəsində X4 oğlunun şikayətinin qismən təmin edilməsinə, hazırki material üzrə tam, sonuncunun iştirakı ilə yenidən hərtərəfli, tam və obyektiv araşdırmanın təmin edilməsinə zərurət yaratmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 12 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət digər hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar