Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3025/2025 17.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokolu müdafiə etmiş Abşeron rayon Polis İdarəsinin İctimai şəxs: Təhlükəsizlik Şöbəsinin polis sahə rəisi, polis leytenantı X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Vəkil iştirakları ilə xx xxxxxx 1997-ci il tarixdə Yardımlı rayonunun Yardımlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş 15 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli və MN ******* saylı inzibati xəta haqqında protokollar baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin polis sahə rəisi, polis leytenantı Ramin Abbasov izahat verərək bildirdi ki, Şəxs 14 noyabr 2025-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır kəndində yerləşən Ə.Vahid küçəsində olan “Bəyəndim” ayaqqabı mağazasının yaxınlığında münaqişə yaradaraq ucadan nəlayiq ifadələr işlətməklə, xırda xuliqanlıq inzibati xəta əməlini törətmişdir. Bundan başqa Şəxs 14 noyabr 2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində etdiyi münaqişə ilə bağlı Abşeron RPİ-nin əməkdaşları tərəfindən polis idarəsinə dəvət edilən zaman ucadan nəlayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinı qəsdən tabe olmamaqla inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla bağlı özünü qismən təqsirli bilərək məhkəmədə ifadəsində göstərdi ki, bəli küçədə əvvəllər tanıdığı bir nəfər şəxslə mübahisə etmiş, aralarında olan mübahisə getdikcə genişlənmiş və ətrafda olan şəxslərin narahatlığına səbəb olmuşdur. Lakin həmin yerə polis əməkdaşı gəlməmiş, ondan nəsə tələbi olmamış, göstəriş verməmişdir. Belə olan halda özünü 510-cu maddə ilə təqsirli digər əməlin törədilməsində isə təqsirsiz bilir. Həmin vaxt ictimai qaydanı pozduğunu etiraf edir, polis tərəfindən hadisədən sonra çağırılmış və çağrış əsasında idarəyə könüllü getmişdir ona görə də, polisin qanuni tələbinə tabe olduğu üçün özünü bu hissədə təqsirli bilmir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi Vəkil məhkəmə iclasında iştirak edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiı etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. İnzibati xəta haqqında 15 noyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 14 noyabr 2025-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır kəndində yerləşən Ə.Vahid küçəsində olan “Bəyəndim” ayaqqabı mağazasının yaxınlığında münaqişə yaradaraq ucadan nəlayiq ifadələr işlətməklə, xırda xuliqanlıq inzibati xəta əməlini törətmişdir;
2. İnzibati xəta haqqında 15 noyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 14 noyabr 2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində etdiyi münaqişə ilə bağlı Abşeron RPİ-nin əməkdaşları tərəfindən polis idarəsinə dəvət edilən zaman ucadan nəlayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinı qəsdən tabe olmamaqla inzibati xəta törətmişdir;
3. “İnzibati qaydada tutma haqqında” 15 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxsnun azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 17:56dan məhdudlaşdırılmışdır;
4. “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 15 noyabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs və X2 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535 1-ci maddələri ilə inzibatı qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Abşeron RPİ-nin İTŞ-yə göndərilməsi müəyyən edilmişdir;
Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində ictimai qaydanı pozan hərəkətlər etməsi faktı öz təsdiqini tapsa da, onun əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilməmiş, əksinə onun təqsirli olması məhkəmə araşdırması nəticəsində təkzib edilmişdir. Belə ki, məhkəmə X3 tərəfindən törədilməsində təqsirli bilinən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə münasibətdə aşağıdakılar qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 13-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması, tabe olmamanın nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən şahid ifadələri və digər mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Şərh olunan əsaslara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmiş, əksinə məhkəmə araşdırması nəticəsində onun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı töyəfoıçəd təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Belə ki, məhkəmə Şəxs tərəfindən törədilməsində təqsirli bilinən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə münasibətdə aşağıdakılar qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ictimai yerdə səsli narazılıq ifadə etmiş, bununla ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, yekun olaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən sonuncu barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməli, onun həmin Məcəllənin 510-cu maddəsi ilə təqsirli olması yuxarıda sadalan sübutlarla öz təsdiqini tapdığından o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli 15 noyabr 2025-ci il tarixdən, saat 17:56- dan hesablanmalıdır
Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 15 noyabr 2025-ci il tarixdən, saat 17:56-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən Abusət Qasımov