Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-303/2025 27.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2002-ci ildə Biləsuvar rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-ali təhsilli, tələbə, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əşdər Məlikov küçəsi, fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyən etdim: Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib olunmuş 25 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X3 izahat verərək bildirmişdir ki, 23 yanvar 2025-ci il tarixdə, saat 21 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Hökməli yolunda “Kia- Pride” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes- Benz” markalı **- VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində hər iki avtomobildə olan şəxslərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Eləcədə “Mercedes-Benz” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonundan bir ədəd şəffaf selofana bükülmüş narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Habelə “Mercedes-Benz” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin vət. Şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 24 yanvar 2025-ci il tarixdə Sumqayıt şəhər Narkoloji Dispanserində sidik analizi götürülərkən marixuana və metamfetaminin qəbul faktı aşkar edilmişdir. Araşdırma zamanı Şəxs Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzin Publik hüquqi şəxsinə göndərilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzin Publik hüquqi şəxsindən alınmış xx.xx.2025-ci il tarixli 417 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispensirində qeydiyyata alınması məsləhət görülür. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra tərəfindən Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahatında bildirmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitədən arabir istifadə edir. Sonuncu dəfə bir həftə əvvəl narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitələrdən istifadə etdiyi üçün peşmandır. Hazırda müalicə alaraq sağalmaq istəyir. Qeyd etdiklərinin nəzərə alınaraq əhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin səmimi peşmançılığını əsas gətirərək sonuncu barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 25 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Hökməli yolunda xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Şəxs həkim müayinəsindən keçirilərkən sidik nümunəsindən MET (+), THC (+), PGB (+) aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş (Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan məsuliyyətə cəlb edilməsi üçün qərarın surətini Abşeron RPİ-nin İTŞ-nə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs barəsində tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə tutulmuş, xx.xx.2025-ci il tarixdə azad olunmuş və həmin tarixdə yenidən saat 15.00-da tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli 417 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi etirafedici izahatı ilə onun İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə məbləğinin İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın İcrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-303/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-303/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver