Məhkəmə qərarları › İş №3(012)-3041/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3041/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3041/2025 19.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2, inzibati xəta barədə protokol vermiş Abşeron Rayon İcra və probasiya şöbəsinin icra məmuru X1,zərərçəkmiş şəxslərin nümayəndəsi X5 iştirakı ilə, xx.xx.1988-ci ildə ildə Naxçıvan MR,Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Abşeron Rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi ev 5, mənzil 11-də yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu müdafiə edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4378/2023 saylı 30 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 37500 (otuz yeddi min beş yüz) manat, illik 5 faiz hesablanmaqla ödənilməmiş 3750 manat, ödənilmiş dövlət rüsumuna görə 204 (iki yüz dörd) manat və vəkil xərcinə görə 546 (beş yüz qırx altı) manat məbləğində pul vəsaiti alınaraq iddiaçılar Zərərçəkmiş şəxs və X6 ödənilməsi qət olunmuşdur. Borclu şəxs icra sənədləri üzrə tələbi hazırkı günədək tam şəkildə yerinə yetirməmiş, nəticədə ümumilikdə 42000 manat borcu yaranmışdır. Borclu dəfələrlə icra şöbəsinə dəvət edilməsinə baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış, barəsində axtarış elan edilmiş, polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmişdir.Onun barəsində Azərbaycan Repsublikası İnzibatri Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsindən bir il müddətin keçməməsinə baxmayaraq o, icra sənədlərini qərəzli şəkildə icra etmir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, bu ilin fevral ayında həbsdən çıxdıqdan sonra icra məmuruna yaxınlaşmış və hər ay 1000 manat ödəyə biləcəyini bildirmişdir. İcra məmuru ona bütöv borcu ödəməli olduğunu bildirmiş və zərərçəkmiş şəxslərlə danışıb ona məlumat verəcəyini bildirmişdir. Daha sonra icra məmuru ona bildirmişdir ki, həmin şəxslər onun hər ay hissə-hissə ödəniş edəcəyinə razılaşmır. Bundan sonra o, heç bir ödəniş etməmişdir. Eyni zamanda avtomobilinin axtarışda olmasını da həbsdən çıxdıqdan sonra bilmiş, həmin avtomobil 2023-cü ilin dekabr ayında Şuşada olarkən qəza zamanı nasaz vəziyyətə düşmüş, həmin avtomobil hazırda Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yerləşən çilingərin həyətindədir. Həmin avtomobilin yerini o, icra məmuruna bildirmişdir. Daha sonra avtomobili “metallom” adlanan yerə vermək istəmiş, həmin yerdən avtomobilə 14000 qiymət qoyulmuş, lakin avtomobilin üzərində həbs olduğu üçün sata bilməmişdir. O, həmçinin tələbkarın depozit hesabının olmasını bu gün öyrənmiş, əvvəllər bilsə idi ödəniş edəcəyini də qeyd etdi. Həmçinin hazırda 3000 manat ödəyə biləcəyini bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndəsi X8 bildirdi ki, Şəxs əmlak vəziyyəti çox yaxşıdır, lakin sonuncu hər dəfə ödəniş etməkdən yayınmışdır. Hazırda onun təklif etdiyi 3000 manata əsasən şikayəti geri götürməyəcəyini, lakin avtomobili yedək qoşqusu ilə birlikdə təqdim edəcəyi halda razılığa gələ biləcəklərini, hazırki vəziyyəti zərərçəkmiş şəxslərin Şəxs şikayətçi olduğunu bildirərək onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs vəkili X7 müdafiə etdiyi şəxsin həbs qoyulmuş avtomobili barədə icra məmuruna məlumat verməsinə baxmayaraq icra məmurunun hərəkətsizlik göstərməsini, indiyədək ona tələbkarın depozit hesabının təqdim edilməməsini bildirərək Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-4378/2023 saylı 30 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 37500 (otuz yeddi min beş yüz) manat, illik 5 faiz hesablanmaqla ödənilməmiş 3750 manat, ödənilmiş dövlət rüsumuna görə 204 (iki yüz dörd) manat və vəkil xərcinə görə 546 (beş yüz qırx altı) manat məbləğində pul vəsaiti alınaraq iddiaçılar Zərərçəkmiş şəxs və X6 ödənilməsi qət olunmuşdur. 20 fevral 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. 24 iyul 2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(012)-435/2025 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi və məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə bağlı məsələlərə baxarkən Avropa Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Avropa Konvensiyasının 6-cı maddəsində izahını tapan «ədalətli məhkəmə baxışına olan hüquq» qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra etmə vəzifəsini özündə ehtiva edir. Həmin hüququn pozulması icranın tam yerinə yetirilməməsində və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının gecikdirilməsində də təzahür edə bilər. Məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarın icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qalması, tələbkarın dövlət tərəfındən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulmasına gətirib çıxara bilər. Belə olan halda, inzibati xətanı törətmiş şəxsin təqsirindən məhkəmənin qərarı əsasında icra sənədi qanunla müəyyən edilmiş müddətdə icra olunmamış və icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmədə borclu Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarının icraya yönəldiyi vaxtdan bugünədək ümumiyyətlə icra edilməməsi, tələbkarın dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququnun pozulmasına gətirib çıxara bilər. Belə ki, Şəxs icra sənədi üzrə heç bir ödəniş etməmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və 11 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs barəsində tətbiq edilmiş tənbeh tədbirindən heç bir nəticə çıxarmamış, icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı şəxsin icra şöbəsinə dəfələrlə dəvət olunmasına baxmayaraq könüllü surətdə icra şöbəsinə gəlmədiyini və barəsində elan olunmuş axtarış nəticəsində polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmişdir. Odur ki, məhkəmə Şəxs məhkəmə iclasında bildirdiyi xüsusatları qeyri-səmimi hesab edir, çünki o, icra sənədi üzrə ödəniş etmək üçün kifayət qədər vaxtı olmasına baxmayaraq ödəniş etməmiş, hətta icra şöbəsinə gəlməkdən də yayınmışdır. Odur ki, göstərilən hallar Şəxs icra sənədləri üzrə ödəniş etməkdən qərəzli olaraq yayınmasına dəlalət edir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (borclu) şəxsiyyətini, məhkəmə qərarının uzun müddət qərəzli olaraq icra olunmadığını və nəticədə bunun tələbkarların əsaslı şikayətlərinə səbəb olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədinə nail olmaq üçün yuxarıda qeyd olunanlara əsasən borclu şəxs inzibati qaydada həbs edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 33 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) ay müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 19 noyabr 2025-ci il, saat 14:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 33 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar