Məhkəmə qərarları › İş №3(012)-305/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-305/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-305/2023 06.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1 və "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, «AAAF-İnşaat” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.9-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN 0004332saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM : «AAAF-İnşaat” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3 bildirdi ki, xx.xx.2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən bütün sayğaclara görə ödənişin tələb olunması şərtinin daxil edilməsi ilə istehlakçının hüquqlarının məhdudlaşdırılması müəyyən edilmişdir. Nəticədə «AAAF- İnşaat” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, «AAAF-İnşaat” MMC barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X8 bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol protokol qanunsuz və əsassızdır. Təbii inhisar subyektləri ilə iş sektorun (müdiri X6) MMC-nə qarşı qərəzli yanaşması var. Əvvəla, 08 fevral 2023-cü il tarixli MN №0004332 nömrəli İnzibati xəta haqqında protokolda, Bakı şəhəri, xx.xx.2023-cü il, müqaviləyə bütün sayğaclara görə ödənişin tələb olunması şərtinin daxil edilməsi ilə istehlakçının hüquqlarının məhdudlaşdırılmasını müəyyən etmişdir. Bu faktın vətəndaş Rahil Bəhrənzadənin xx.xx.2023-cü il tarixli müraciəti və xx.xx.2019-cu il tarixli M-4428 nömrəli müqavilə ilə təsdiq edilməsi qeyd edilmişdir. Sözügedən müraciət və müqavilə ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0- ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi qənaətinə gəlinmişdir. Norma istehlakçıların hüquqlarının pozulmasına, yəni: (447.0.9.) qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsini nəzərdə tutur. Lakin inzibati xəta üzrə maddi norma tətbiq edilərkən qanunvericiliyin digər maddi hüquq normalarını pozmuşdur. Protokolu tərtib edən şəxs nəzərə almalıdır ki, tərəflər iradələrinə uyğun olaraq ikitərəfli əqdi bağlayaraq, qarşılıqlı öhdəliklərini yaratmışlar və icra edirlər. Məhz istinad edilən xx.xx.2019-cu il tarixli M-4428 nömrəli mənzilin alqısatqısı haqqında müqavilə alıcı və satıcı arasında daşınmaz əmlakın inşa edərək təhvil verilməsi, daşınmaz əmlakın dəyərinin ödənilməsi, təhvil verilən daşınmaz əmlaka dair qarşılıqlı öhdəlikləri əks etdirən ikitərəfli müqavilədir. Eyni zamanda, məhkəmənin diqqətinə çatdırırıq ki, müraciət edən şəxs Rahil Bəhrəmzadə daşınmaz əmlakı üçüncü şəxsdən əldə etmişdir. Rahil Bəhrəmzadənin tərəf olmadığı (müqaviləni imzalayan tərəf: X2) xx.xx.2019cu il tarixli M-4428 nömrəli müqavilə daşınmaz əmlaka dair podrat və alqı-satqı münasibətlərini əhatə edir. Mülki qanunvericiliyin prinsiplərindən biri də müqavilə azadlığıdır. Mülki hüquq subyektlərin iradə sərbəstlyini və mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyini ifadə edən müqaviləyə inzibati xəta haqqında protokol tərtib edilməsi tərəfin hüquqlarının məhdudlaşdırılması və həmçinin vahid müqavilə tamlığının pozulmasıdır. (6.2) Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Təbii inhisar subyektləri ilə iş sektoru sərbəst müqavilə şərtlərinin müəyyən edilməsi hüququmu məhdudlaşdırır və maneə törədir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14-cü maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikasında saysız qədər fiziki və hüquqi şəxslər inşa edilən və inşa edilmiş daşınmaz əmlakların inşası, podrat və satışı üzrə tərtib edilmiş müqavilələrdə çoxsaylı mənzil münasibətləri nizamlanır. Hazırda, Sektorun toxunduğu məsələ qanun pozuntusunu əks etdirmir. Sektorun “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etməsi uyğun olmayan maddi normadır. Qanunun 11.6-ci maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Hüquq norması təbii qazın alqı-satqı münasibətlərini nizamlayır. Lakin xx.xx.2019-cu il tarixli M-4428 nömrəli müqavilə isə təbii qazın alqı-satqısını şərtləndirmir. (324.5.) İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (390.1.) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. (390) Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrıayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflər xx.xx.2019-cu il tarixli M-4428 nömrəli müqaviləni tərtib edən və imzalayan zamanı müqavilə şərtləri ilə tanış olmuş, qəbul etmiş, təsdiq etmiş və öhdəlikləri yaranaraq icra etmişlər. Burada təbii qazın alqı-satqı münasibətlərindən söhbət gedə bilməz. Təbii inhisar subyektləri ilə iş sektorunun müdiri X6 tərəfindən "xxxx" MMC barəsində 08 fevral 2023-cü il tarixli MN №0004332 nömrəli İnzibati xəta haqqında protokol tərtib edilən zaman yol verilmiş pozuntuları diqqətə çatdırmaq istərdim: Protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “iştirak edilmədi” göstərilmişdir. Halbuki Xidmətin xx.xx.2023-cü il tarixində Cəmiyyətin ünvanına daxil olmuş xx.xx.2023-cü il tarixli 3-21-1/2-1349/2023 nömrəli, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərinin pozulması haqqında Bildirişlə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə Cəmiyyət barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün xx.xx.2023-cü il tarixində saat 11:00-dan 13:00-dək nümayəndənin iştirakı bildirilmişdir. MMC isə qeyd olunan tarixdə iştirak edə bilməməsi və “İşə baxılmasını təxirə saılması barədə” xx.xx.2023-cü il tarixli HŞ/032 nömrəli Vəsatətlə müraciət etmişdir (Elektron ünvan 1 və Elektron ünvan 2 ünvanlarına göndərilmişdir). Daha sonra, xx.xx.2023-cü il tarixində, saat 09:20-də (+99412) ******* telefon nömrəsi ilə əlaqə saxlanılmış və vəsatət barədə bildirilmişdir. Qərəz ehtimal edilməsinə əsas verən hal mövcudluğu istisna deyildir. Çünki protokol tərtib edilməmişdən əvvəl dəfələrlə +99455 ******* mobil nömrəsi ilə Vasif Həsənov adlı şəxslə əlaqə saxlanılırdı. Lakin məlum araşdırma ərəfəsində MMC-dən cavab məktubunun təqdim edilməsi səhhətimdə yaranmış ağırlaşmalarla bağlı gecikdirilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Hazırda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və ya səlahiyyətli nümayəndəsinin iştirakı zəruridir. Göründüyü kimi MMC “İşə baxılmasını təxirə saılması barədə” xx.xx.2023-cü il tarixli HŞ/032 nömrəli Vəsatət təqdim edilməsinə baxmayaraq pozuntuya yol verilməklə, tərəfin iştirakı təmin edilmədən, birtərəfli, qeyri-obyektiv baxılmış və qanunsuz protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola qanuni “əsas” yaratmaqla yanaşı guya “İnzibati xəta haqqında protokolun qəbul edilməsini (imtina edilməsini) təsdiq edən 610576 nömrəli qəbz və akt tərtib etməklə” kifayətlənmişdir. Halbuki "xxxx" MMC-nin inzibati binasında səsli müşahidə-nəzarət kamerasının çəkiliş aparılması faktını nəzərə almamışdır. Çünki MMC hər hansı bir poçtun qəbul edilməsindən imtina etməmiş və imtina etmir. (100.4.) Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi AR İXM-nin 447.0-ci maddəsi üzrə inzibati xəta hadisəsi və inzibati xəta tərkibi mövcud deyildir. AR İXM-nin 105.1- ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. (105.2.) İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Qeyd olunanları nəzərə alaraq, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsini rəhbər tutaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin İXMin 447.0.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetsə də, onun inzibati məsuliyyətə cəlb olunma müddəti keçdiyindən, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-ci il tarixdə, «AAAF-İnşaat” MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, M-4428 nömrəli müqavilədə “sayğaclara görə ödənişin tələb olunması şərtinin daxil edilməsi” ilə istehlakçının hüquqlarının məhdudlaşdırılması halı aşkar olunmuş və bununla da, «AAAF-İnşaat” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cü maddəsində tələblərini pozmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, M-4428 nömrəli “ Mənzilin alqısatqı müqaviləsi”nin 2.1.4-cü bəndinə əsasən «AAAF-İnşaat” MMC-nin “mənzildə quraşdırılacaq bütün sayğaclara görə alıcıdan əlavə ödəniş tələb edəcəyi” müəyyən olunur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13.9-cü maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cü maddəsi qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 35-ci fəsli ( 442 və 459-1-ci maddələr) ticarət qaydaları əleyhinə olan inzibati xətaları əhatə edir ki, qeyd olunan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. İş materialına əlavə edilən M-4428 nömrəli “Mənzilin alqı-satqı müqaviləsi”ndən görünür ki, qeyd olunan müqavilə xx.xx.2019-ci il tarixdə bağlanmışdır. Belə olduqda isə inzibati xətanın törədilməsindən, yəni müqaviləyə“sayğaclara görə ödənişin tələb olunması” şərtinin daxil edilməsindən artıq üç ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs «AAAF-İnşaat” MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 447.0.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olsa da, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyinə görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 53, 106, 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 447.0.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «AAAF-İnşaat” MMC-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar