Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-307/2022 18.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, X1nın iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin X10 02.02.2022-ci il tarixli qərarından X6 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X6 şikayət ərizəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin X10 02.02.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, 26 may 2021-ci il tarixdə, saat 23:00 radələrində Saray qəsəbəsi, H. Əliyev küçəsində hərəkətdə olan zaman, ondan öndə sağda aşağı sürətlə hərəkət edən **-RN-*** dövlət nişanlı, BMW markalı avtomobilin sürücüsü dərhal sola dönmə işığını yandırmış və sağ tərəfdən maşınına yaxınlaşmışdir. Səs siqnalından istifadə etməyinə baxmayaraq, o hərəkəti davam etdirərək nəticədə BMW markalı avtomobilin sol qabaq küncü ona məxsus maşının sağ ön və arxa qapılarını sürtərək, zədə yetirmişdir . Dərhal hərəkəti dayandırılmış və BMW markalı avtomobilin sürücüsü düşərək ondan üzr istəmiş və bildirmişdir ki, sola dönüb qayıtmaq istəyərkən, onu ötdüyünün fərqində olmayıb və təqsir ondadır. Hadisə yerinə gələn Turan adlı polis əməkdaşı da təqsirin BMW markalı avtomobilin sürücüsündə olduğunu bildirmişdir. Turanın təkidi ilə, BMW markalı avtomobilin sürücüsü öz sığorta şirkətinə məlumat verdi. Növbəti gün, 27 may 2021-ci ildə Abşeron DYP-yə dəvət olundular, orada hadisə barədə izahat verib, hadisə yerinin eskizi hazırlandı və tərəfindən imzalandı. 29 may 2021-ci ildə həmin idarənin əməkdaşı Eynəddin Usubov onlara zəng edərək, qarşı tərəfin etiraz etdiyini, hadisə yerinə baxış keçirilməli olduğunu bildirdi. Eynəddin müəllim qarşı tərəflə bilikdə ora gəldi. Hadisəni yerində izah etdilər. Orada bir daha bildirdi ki, təqsir BMW markalı avtomobilin sürücüdədir. Lakin, mayın 31-də yenidən İdarəyə dəvət olundular və Eynəddin U subov təqsirin onda olduğunu bildirdi. Belə ki, guya BMW markalı avtomobil ondan solda olduğu üçün, ona şərait yaratmalı idi ki, geri dönmə əməliyyatı etsin. Bundan sonra barəsində İXP ******* saylı Protokol tərtib etdi, həmin protokol əsasında isə, 31.05.2021-ci il tarixli, TP№ ******* saylı qərar qəbul etdi. Həmin qərardan məhkəməyə şikayət etdi və Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 3(012)-957/2021 saylı qərarı ilə müəyyən edildi ki, o hər hansı inzibati xəta törətməmişdir, təqsir digər nəqliyyat vasitəsinin sahibində olub, bununla da, 31.05.2021-ci il tarixli, TP№ ******* saylı qərar ləğv olundu və iş təkrar araşdırmaya qaytarıldı. Lakin, əvvəlki qərarı çıxaran Eynəddin Usubov 10RN075 dövlət nişanlı, BMW markalı avtomobilin sürücüsünü inzibati məsuliyyətə cəlb etmək əvəzinə, təkrar onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Bu hərəkət qanunsuzdur, eyni zamanda məhkəmə qərarına qarşı hörmətsizlikdir. Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilib ki, onun bu avto qəza hadisəsində təqsiri yoxdur, əksinə qarşı tərəfin hadisənin qarşısını almağa imkanı olduğu halda bunu etməyib. Sürücü dönmə siqnalından istifadə etsə də, təhlükəsiz manevri təmin etməyib. Təqsirli bilinməsinin səbəbi, öndəki sürücünün dönmə işığını görəndə dayanıb yol verməli idi. Halbu ki, onun BMW markalı avtomobilinə yol verməyi digər iştirakçılar üçün təhlükə yarada bilərdi. Yəni, sürücünün dönmə işığını yandırması, digər iştirakçılar üçün hər hansı vəzifə yaratmır, bu, sadəcə xəbərdarlıq funksiyası daşıyır. Buna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin X10 02.02.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin X10 nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin X10 əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş 02.02.2022-ci il tarixli qərardan görünür ki, X7 60 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 3(012)-957/2021 saylı, 26.11.2021-ci il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi haqqında Abşeron DYP-nın polis mayoru X8 tərəfindən qəbul edilmiş 31.05.2021-ci il tarixli, TP ******* saylı qərarı qanunsuz sayılmaqla ləğv edilmiş və iş təkrar araşdırmaya qaytarılmışdır. İş materiallarında № 8/2244 saylı, 28 oktyabr 2021-ci il tarixli ekspertin rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən BMW 523 markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Mazda CX-5 markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-ol mamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X7 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 60 manat məbləğində cərimə tətbiq edilməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin X10 02.02.2022-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X3 60 manat məbləğində cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin X10 02.02.2022-ci il tarixli qərarı ləğv edilsin. X7 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-307/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-307/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver