Məhkəmə qərarları › İş №3(012)-310/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-310/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-310/2025 12.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi: X1 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 17 yanvar 2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti 260000.00 ABŞ dolları məbləğində vəsaiti 28 dekabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 96042.97 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə Açıq Səhmdar Cəmiyyətinin tutulmuş inzibati xətanı törətmişdir. Xəta 29 dekabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi Murad Hüseynov məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, TRİA İÇ VE DİŞ TİCARET LOJİSTİK İNŞAAT KİMYA SANAYİ TİC.LTD.ŞTİ şirkəti” ilə Şəxs Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən "xxxx" ASC-də olan hesabından qabaqcadan ödəniş kimi həmin şirkətə xx.xx.2024-cü il tarixdə 260000.00 ABŞ dolları məbləğində pul göndərilmiş, lakin gömrük bəyannaməsi təqdim olunan zaman texniki xəta baş verdiyindən müqavilənin nömrəsi və tarixi yanlış qeyd olunaraq, digər müqavilənin nömrəsi və tarixi qeyd olunmuşdur. Həmin yanlışlıqla bağlı müraciət edilmiş və köçürülmüş pul vəsaitinin əvəzi olaraq malın ölkəyə daxil olmasına dair bəyannaməyə düzəliş edilmişdir. Odur ki, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat aparılan hüquqi şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, lakin səlahiyyətli orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə elektron ərizə ünvanlayaraq, təyin edilmiş məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, "A+CO" ASC tərəfindən təqdim edilmiş sənədlərə və yük gömrük bəyannamələrinə münasibətdə qeyd edir ki, təqdim edilən yük gömrük bəyannamələri əsasında avans köçürməsi bağlanmnışdır. Odur ki, həmin yük gömrük bəyannamələri əsasında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 07 yanvar 2025-ci il tarixli, 6-2/2-10/2025 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ barədə sənədlərin təqdim edilmədiyi müəssisələrin siyahısında Şəxs ASC-nin də adı qeyd edilmiş və ASC tərəfindən 96042.97 ABŞ dolları məbləğində vəsaitin ödənişi xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir;

2. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli çıxarışa əsasən "xxxx" şirkətinin bank hesabına qeyd olunan vəsait 22 .02.2023-cü il tarixdə geri qaytarılmışdır.

Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin çıxışını dinləyib, inzibati xəta haqqında materialı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ( on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Aparılmış araşdırma zamanı müəyyən edildi ki, "xxxx" Şirkəti ilə Şəxs Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilə üzrə şirkət "xxxx" ASC-də olan hesabından qabaqcadan ödəniş kimi həmin şirkətə xx.xx.2022-ci il tarixdə 260000.00 ABŞ dolları məbləğində pul göndərilmiş və 2 il müddət keçmədən 96042.97 ABŞ dolları məbləğində alınan mallar ölkəyə gətirilmişdir. Bu fakt bank tərəfindən qeydiyyata alınmayan YGB ilə təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin hərəkətində inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olmadığından Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər.

Hakim Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar