Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3101/2025 21.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta barədə protokol tərtib etmiş X4 İTŞ-nin sahə rəisi X1 iştirakı ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, işləməyən, Bakı şəhəri,Binəqədi rayonu,Ziya Bünyadov pr.9A,44də qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən daxil olmuş 20 noyabr 2025-ci il tarixli MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollarda Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, X2 izahat verərək bildirmişdir ki, Şəxs 20 noyabr 2025-ci il tarixdə Abşeron rayonu,Xırdalan şəhəri,H.Əliyev prospektində polis əməkdaşı ilə ucadan danışıb, səs-küy salaraq nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq inzibati xətasını törətmişdir, həmçinin 20 noyabr 2025-ci il tarixdə Abşeron rayonu,Xırdalan şəhəri,H.Əliyev prospektində ictimai asayişin mühafizəsi ilə bağlı Abşeron RPİ-nin əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 20 noyabr 2025-ci il tarixdə saat 15:00 radələrində Xırdalan şəhərində yerləşən avtoyuma məntəqəsindən özünə məxsus olan avtomobili atası ilə birgə götürməyə getmişdir.Belə ki, atası ilə birgə avtoyuma məntəqəsinə gəlib ona məxsus olan avtomobili götürmək istəyirdilər. Həmin vaxtı avtomobili çıxış hissədə saxlamışdılar. Qeyd edir ki, avtomobildə nasazlıq var idi usta ona baxırdı. Bu vaxtı arxadan bir avtomobil gəldi və qışqıraraq avtomobili çəkin dedi, daha sonra səs siqnalı verdi o, bunu görüb yaxınlaşdı həmin şəxsə və sakit danışmasını xahiş etdi. O isə əsəbləşdi və onu təhqir etdi, avtomobildən düşdü və ona hücum etdi, o da məcbur olub özünü müdafiə edərək onun ayağından tutmuşdur. Qeyd edir ki, həmin şəxs avtomobildən düşdükdən və mübahisə etdikdən sonra bilmişdir ki, həmin şəxs polis əməkdaşıdır. Əməlindən peşmandır.Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid X3 izahatında göstərdi ki, o, Abşeron RPİ-n cinayət axtarış şöbəsinin rəisidir, nahar fasiləsi ilə əlaqədar xidməti avtomobili ilə yemək yeməyə getmiş, daha sonra çağırış ilə əlaqədar idarəyə qayıtmaq istəyərkən, müəyyən etmişdir ki, çıxışda avtomobil üzü girişə doğru saxlayıb. Odur ki, hələ avtomobilinə əyləşməmiş, polis əməkdaşı olduğunu, çağırışa tələsdiyini və avtomobili çıxış hissədən çəkmələrini xahiş etmişdir. Lakin buna məhəl qoyulmamışdır. Daha sonra avtomobilə əyləşib sürüb həmin avtomobilə yaxınlaşaraq bir dəfə də polis olduğunu və avtomobili çıxış hissədən çəkmələrini xahiş etmiş və səs siqnalı vermişdir. Hətta bildirmək istəyir ki, üçüncü dəfə də avtomobilin giriş çıxışa məhdudiyyət qoyduğunu bildirərək avtomobili geri çəkmələrini və çıxmağına şərait yaradılmasını istəmişdir. Odur ki, barəsində icraat aparılan şəxs onun avtomobilinə yaxınlaşaraq adam kimi danış deyə bildirmiş, o isə ona heyvan özünsən demişdir. Həmin şəxs ona kobud ifadələr işlətmiş və o,avtomobildən düşmüşdür, avtomobildən düşən kimi Elyas adlı şəxs onun ayağından tutmuş, odur ki, o, Elyasdan hündür olduğu üçün məcburən onun boynundan tutmuş və nizam intizama dəvət etmişdir.Şəxs onun kurtkasını da cırmışdır. Avtomobildən düşməkdə məqsədi şəxsi nizam intizama dəvət etmək olmuşdur. Lakin şəxs hərəkətini davam etdirmişdir. Odur ki, post patrul dəvət edərək şəxsi polis idarəsinə gətirmişlər. Məhkəmədə müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində polis əməkdaşlarına qarşı heç bir tabesizliklə əhatə olunan və xırda xuliqanlıqla əhatə olunan əməlin olmadığını bildirərək, qeyd etdi ki, görüntüdən görünür ki,hadisənin baş verməsində günhakar müdafiə etdiyi şəxs deyil, polis əməkdaşıdır, müdafiə etdiyi şəxs belə bir hadisənin baş verməməsində özünün peşmançılığını bildirməsi şəxsin şəxsiyyətini müsbət xarakterizə edən haldır, belə ki, şəxs günahkar olmasa da bunu qeyd edir, video görüntüyə baxış keçirdikdə müəyyən edilir ki, yolu bağlayan Elyas deyil, sadəcə Elyas polis əməkdaşının avtomobilinə yaxınlaşır və səs olmadığı üçün kimin kimə nə dediyi müəyyən edilmir, lakin polis əməkdaşının avtomobildən düşərək şəxsin üzərinə hücum etməsi və şəxsin özünü müdafiə etməsi aydın görünür, odur ki, Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqdim edilmiş 01 ədəd CD-R diskə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs əməlində xırda xuliqanlıq hərəkətləri müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 21:00-dan məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş protokolla əlaqədar sonuncunun ictimai qaydanın mühafizə vəzifələrini icra edən hansı polis əməkdaşının hansı qanuni tələblərinə qəsdən tabe olmamağa yönələn hərəkətlərinə yol verməsini sübuta yetirən hər hansı bir mötəbər və tutarlı dəlil məhkəməyə təqdim edilmədiyindən, təqdim olunan görüntülərdə həmin vaxtı polis əməkdaşının ictimai qaydanı mühafizə funksiyasını yerinə yetirməsinə dair hər hansı bir sübut təqdim edilmədiyindən, həmçinin heç bir qanuni tələbinin müəyyən olunmadığından və belə bir halda polisin qanuni tələbinə tabe olmama faktı da mövcud olmadığından və nəticə olaraq onun həmin əməli törətməsi sübuta yetirilmədiyindən həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğu qənaətindədir. Məhkəmə Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş protokolla əlaqədar isə hesab edir ki, şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri vardır, belə ki, barəsində icraat aparılan şəxs bildirmişdir ki, atası ilə birgə avtoyuma məntəqəsinə gəlib ona məxsus olan avtomobili götürmək istəyirdilər, odur ki, təqdim edilmiş videogörüntüyə baxış keçirdikdə müəyyən edilir ki, barəsində icraat aparılan şəxsin atası ilə birgə gəldiyi avtomobil üzü çıxışa doğru, yəni digər avtomobillərin giriş-çıxışına məhdudiyyət qoyacaq tərzdə saxlamışlar. Odur ki, şahidin istifadəsində olan polisin xidməti avtomobili çıxmaq istəyərkən həmin avtomobilin çıxış hissədə saxlaması ilə məhdudiyyətə məruz qalmışdır. Videogörüntüdən görünür ki, belə olan halda şahidin istifadəsində olan avtomobil bir az gözləyir və həmin avtomobilə barəsində icraat aparılan şəxs yaxınlaşır. Həmin görüntüdə şəxs avtomobildə əyləşmiş şahidə nə isə dediyi görünür, məhz bundan sonra şahid avtomobildən düşür və polis əməkdaşı avtomobildən düşən kimi tərəflər əlbəyaxa olurlar. Buradan kimin kimə ilk hücum etməsi müəyyən edilmir, belə ki, tərəflər fiziki olaraq birbirilərindən fərqlidirlər, yəni şahid barəsində icraat aparılan şəxsdən daha hündür və cüssəlidir. Barəsində icraat aparılan şəxs şahiddən boyca balaca olduğu üçün şahidin ayaqlarından tutur, polis əməkdaşı isə şahiddən hündür olduğu üçün boyun hissəsindən tutur. Bütün bunlar hadisənin hücum etmə hissəsində kimin hücuma ilk başladığına dair real qiymətləndirməyə imkan vermir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edildi ki, hadisə barəsində icraat aparılan şəxsin təşəbbüsü ilə başlamışdır. Belə ki, barəsində icraat aparılan şəxsin atası ilə birgə gəldiyi avtomobil çıxış hissədə digər avtomobillərə məhdudiyyət qoyacaq tərzdə saxlamışdır. Lakin buna baxmayaraq şahidin xidməti avtomobilinin çıxmaq istəməsi görüntüdən aydın görünsə də, şəxslərin etinasız davranışı da müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şahidin avtomobilinin polisin xidməti avtomobili olması onun qeydiyyat nömrəsindən tam müəyyən edilir.Həmçinin barəsində icraat aparılan şəxsin şahidin xidməti avtomobilinə yanaşaraq nə isə deməyi müəyyən edilir, məhz şahidin avtomobildən düşərək mübahisə etməsi bundan sonra baş verir. Barəsində icraat aparılan şəxs şahidə sakit danışmasını və şahidin onu təhqir etdiyini bildirsə də, şahid öz izahatında barəsində icraat aparılan şəxsin ona adam kimi danış dedikdən sonra heyvan özünsən deməsi və barəsində icraat aparılan şəxsin ona qarşı kobud ifadələr işlətməsini bildirməsinə dair şahid ifadəsi daha inandırıcıdır, belə ki, şəxsin xidməti avtomobilinə yaxınlaşan və avtomobili oradan çəkməyən barəsində icraat aparan şəxs olub, həmçinin barəsində icraat aparılan şəxsin avtomobilə yaxınlaşaraq müəyyən sözlər deməsindən sonra hadisə tərəflər arasında əlbəyəxa vəziyyətinə keçir. Yəni məhkəmə hesab edir ki, hadisənin bilavasitə təhrikçisi və şərait yaradanı barəsində icraat aparılan şəxs olmuşdur. Hadisə vaxtı ətrafda bir çox sayda insan olmuş və ictimai qaydanın pozulması göz önündə olmuşdur. Belə ki, şəxsin hərəkəti ilə baş vermiş nəticə arasında bilavasitə səbəbli əlaqə vardır. Əgər şəxs avtomobilin çıxışı üçün şahidin avtomobilinə yaxınlaşmaq yerinə özlərinin gəldiyi avtomobili geri çəkərək həmin avtomobilə çıxış üçün şərait yaratsaydı, əlbəttə ki, belə bir hadisə də baş verməzdi. Şəxsin ilk dəfə bu xarakterli inzibati xəta törətməsini və əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirmək olmaz, belə ki, şəxs hərəkətinin qanunsuzluğunu tam olaraq etiraf etməmiş, məsuliyyətdən yayınmağa yönəlmiş izahatlar vermiş, baş verən hadisədə günahı əsasən polis əməkdaşının üzərinə atmağa çalışmış,hətta həmin yerdə avtomobil ustası olmadığı halda avtomobilə ustanın baxdığını bildirmiş, bu isə onun əməlindən peşman olduğunu göstərmir. Sadəcə olaraq əməlindən peşman olduğunu bildirmək, yaxud xətanın formal olaraq ilk dəfə törədilməsi faktı inzibati xətanın cəmiyyət üçün doğurduğu təhlükənin səviyyəsini azaltmır və təyin olunacaq yüngül inzibati tənbeh növünün seçilməsi üçün yetərli əsas deyil. Eyni zamanda iş üzrə şəxsin vəziyyətini obyektiv şəkildə yüngülləşdirən hər hansı hal müəyyən edilməmişdir. Təcrübədə daima qeyd olunduğu kimi, ictimai yerlərdə xırda xuliqanlıq əməlinə yol verilməsi, bilavasitə xırda xuliqanlıq əməlinin yönəldiyi şəxsin polis əməkdaşı və polisin xidməti avtomobili ilə əlaqədar olaraq yaranması cəmiyyətin dövlətin hüquq-mühafizə orqanlarına olan inam və hörmətin zədələnməsinə səbəb olur və bu hallara qarşı ciddi tədbirlərin görülməsi zəruridir. İnzibati məsuliyyət yalnız törədilmiş əmələ görə cəzalandırma funksiyası daşımır, eyni zamanda gələcəkdə belə əməllərin qarşısını almaq məqsədi daşıyan tərbiyəedici və çəkindirici tədbirdir. Beləliklə məhkəmə Şəxs ictimai yerdə, heç bir əsaslı səbəb olmadan, mübahisə yaradıb, həmçinin ictimai qaydanı əsaslı səbəb olmadan pozaraq, xırda xuliqanlıq etməsi ilə bağlı əməl olmasını nəzərə alaraq, sonuncu tərəfindən yenidən eyni xarakterli inzibati xətaların törədilməsinin qarşısını almaq,həm barəsində icraat aparılan şəxsi, həm də başqa şəxsləri qanunlara və birgəyaşayış qaydalarına əməl edilməsi ruhunda tərbiyyələndirmək məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına 4 saat olmaqla hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil cəmi 44 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 8(səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına 4 saat olmaqla hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil cəmi 44 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-3101/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3101/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver