Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-311/2022 20.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X5, qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs MMC-in barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Sumqayıt Regional Ərazi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbi pozularaq əmək müqaviləsi (kontraktı) bağlamadan qüvvəyə minmədən X3 fəhlə vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən 05.10.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Sumqayıt Regional ərazi şöbəsinin nümayəndəsi X9 izahatında göstərmişdir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbi pozularaq əmək müqaviləsi (kontraktı) bağlamadan qüvvəyə minmədən X6 işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Buna görə də, "xxxx" MMC Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair MN ******* nömrəli, 05.10.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X8 izahatında göstərmişdir ki, "xxxx" MMC ilə X6 arasında 03.09.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Lakin sistemdə problem olduğu üçün əmək müqaviləsi sistemə yerləşdirilməmişdir. Ona görə də X6 işə buraxılmamışdır. X6 tədris keçdıkdən sonra işə buraxıla bilərdi. Lakin X6 tədrisi keçmədiyi üçün evdə olmuş, və xəsarətidə evdə almışdır. Sonda o, inzibati xəta tərkibinin olmadığını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: 10.09.2021-ci il tarixdə Şəxs MMC-nin işçisi X6 iş vaxtı xəsarət alması ilə bağlı «Bakı şəhər Təcili və Təxirəsalınmaz Stansiyası» Publik Hüquqi şəxsin 17/2 saylı bölməsindən X10 Xidmətinə daxil olmuş 10.09.2021-ci il tarixli məlumatla əlaqədar araşdırma aparılmışdır. X2 X10 Xidmətinə yazdığı 23.09.2021-ci il tarixli izahatdan görünür ki, o, 03.09.2021ci il tarixindən Şəxs MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən sexə iş yerinə gəldiyini, sentyabr ayının 3-ü, 4-ü və 6-sı tarixlərində əmək funksiyalarının icrası ilə məşğul olduğunu, 04.09.2021-ci il tarixində iş yerində olarkən sex rəisinin funksiyalarını icra edən X7 07.09.2021-ci il tarixinə işə gəlməmək üçün icazə aldığını, həmin gün saat 10:00 radələrində evdə məişət işləri görərkən sağ əl barmaqlarının ehtiyatsızlıqdan ət maşınında qalaraq xəsarət aldığını bildirmişdir. X10 Xidmətinin istehsalat xəsarəti ilə əlaqədar daxil olan 10.09.2021-ci il tarixli məlumatdan görünür ki, X4 “sağ əlin baş və şəhadət barmağın kəsilmiş yarası” tibbi diaqnozu qoyulmuşdur. X2 04.09.2021-ci il tarixdə Şəxs MMC-yə ünvanladığı ərizəsindən görünür ki, şəxsi işinə görə 07 sentyabr 2021-ci il tarixə icazə verilməsini xahiş etmişdir. Əmək müqaviləsinin surətindən görünür ki, X6 ilə Şəxs MMC-nin direktoru X14 arasında 03 sentyabr 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 ilə Şəxs MMC-nin direktoru Eynar Hacı arasında bağlanmış əmək müqaviləsi 07 sentyabr 2021-ci il tarixdə qüvvəyə minmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-1577/2021 nömrəli, 29.11.2021-ci il tarixli qərarı ilə qərarından görünür ki, Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi sübuta yetmədiyindən və onun əməlində İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, 05.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-66/2022 nömrəli, 11.02.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 29.11.2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraat materialları hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edlilmişdir. Göründüyü kimi Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 03.09.2021-ci il tarixdən 07.09.2021-ci il tarixədək X6 işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Belə ki, İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. "Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. "Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. "Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Beləliklə, hazırki iş üzrə inzibati xəta tərkibi yaradan əməl nə uzanan nə də davam edən əməl deyildir. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə görə həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Hazırkı mübahisə edilən inzibati xəta hər bir halda davam edən inzibati xəta deyildir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından da görünür ki, "Davam edən hüquqpozuntular” və "Uzanan hüquqpozuntular” eyni növ inzibati xətalar deyildir, biribirindən fərqləndirilmişdir, müxtəlif cür inzibati xətalardır. Yuxarıda qeyd olunan normaların tələbinə görə uzanan inzibati xətalara münasibətdə 3 aylıq müddət xətanın aşkar edildiyi vaxtdan hesablanır. Hazırki inzibati xəta əməli isə uzanan xəta kateqoriyasına daxil deyildir. Hazırkı iş üzrə X2 03.09.2021-ci il tarixdən 07.09.2021-ci il tarixədək Şəxs MMC-də Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı sonuncunun 23.09.2021-ci il tarixdə izahatı alınarkən aşkar edilmişdir. Hazırki halda inzibati xətanın törədilməsi 23.09.2021-ci il tarixə düşür. Göründüyü kimi, Şəxs MMC tərəfindən inzibati xətanın törədildiyi gündən (23.09.2021-ci il) üç aydan artıq müddət keçmişdir. Ona görə də hazırkı iş üzrə müvafiq qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, şəxsə inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin 05.10.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 53 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Sumqayıt Regional Ərazi Şöbəsinin 05.10.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-311/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-311/2022
20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver