Məhkəmə qərarları › İş №3(012)-3144/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3144/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3144/2025 17.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair DİN BDYPİ-nin EQ 30491479 saylı, 07 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X1 şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 07 sentyabr 2025-ci il tarixli EQ seriyalı 30491479 saylı qərar qəbul edilmişdir. O, 07 sentyabr 2025-ci il tarixli EQ seriyalı 30491479 saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, o, “DAF XF105 YÜK” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi olaraq, barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirir və bu qərarda göstərilən maddə ilə özümü təqsirli hesab etmir. 07 sentyabr 2025-ci il tarixində, Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqamətində idarə etdiyi nəqliyyat vasitəsinin çəkisi çəki ölçmə nəzarət sistemi vasitəsilə ölçülmüşdür. Bu ölçməni həyata keçirən cihazın “Kistler 9835A" markalı elektron cihaz olduğu qeyd edilərək, nəticədə onun inzibati xəta törətdiyi qənaətinə gəlinmiş və bu əsasla inzibati tənbeh tətbiq olunmuşdur.Qərarda bildirilir ki, o, 99-FİM-793 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki həddini aşmışdır. Lakin bu iddia tamamilə əsassızdır, çünki nəqliyyat' vasitəsinin çəkisi istehsalçı tərəfindən müəyyən olunmuş icazə verilən çəki həddinə tam uyğundur və heç bir yükləmə həddi aşılmamışdır. Şikayət ərizəsinə əlavə edilmiş qəbz də nəqliyyat vasitəmin çəkisinin icazə verilən hədləri aşmadığını təsdiq edir. Həmçinin ölçmə aparılan zaman nəqliyyat vasitəsində iki nəfər sərnişin olub və onların çəkisi də cihazın nəticəsinə daxil edilmişdir. Həmin şəxslər qısa müddət sonra nəqliyyat vasitəsini tərk etmiş, lakin çəki hesabatına əlavə olunmuş bu çəkiyə baxmayaraq, ümumi çəkidə yenə də icazə verilən həddin aşılması halları qeydə alınmamışdır. Bu məqam bir daha sübut edir ki, qərar səhv ölçmə və düzgün aparılmamış hesablama əsasında qəbul edilmişdir. Bu faktı nəzərə alaraq, o, heç bir inzibati xətaya yol verməmişəm. Buna baxmayaraq, barəmdə qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, heç bir inzibati xətaya yol verməmişdir. Buna baxmayaraq, barəsində qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona tətbiq edilən bu inzibati tənbeh, faktlara və mövcud qanunvericiliyə zidd olaraq verilmişdir. Bundan əlavə, qeyd olunan “Kistler 9835A” cihazının statik vəziyyətdə çəki ölçmək üçün nəzərdə tutulduğu və hərəkət halında olan nəqliyyat vasitələrinin çəkisini ölçərkən müxtəlif dinamik amillər səbəbindən qeyri-dəqiq nəticələr verə biləcəyi məlumdur. Hərəkət zamanı avtomobilin çəkisini müəyyən edərkən sürət, yol örtüyünün vəziyyəti, təbii vibrasiyalar və digər xarici təsirlər ölçmənin nəticələrinə təsir göstərə bilər. Bu isə o deməkdir ki, ona tətbiq edilən cərimə qeyri-dəqiq və hüquqi baxımdan əsassız bir ölçmə əsasında müəyyən edilmişdir. Belə çıxır ki, polis əməkdaşları öz üstün mövqelərindən istifadə edərək istədikləri şəxsi ittiham edə və cərimə edə bilər. Məhz bu halın qarşısının alınması üçün qanunvericilik inzibati xətanın törədilməsini sübut etmək vəzifəsini bu barədə qərar qəbul etmiş şəxsin üzərinə qoymuşdur. Buna görə də indiki halda 07 sentyabr 2025- ci il tarixli inzibati xəta haqqında qərar qəbul etmiş əməkdaşın qərarın qəbulu üçün əsas olmuş halları sübuta yetirməsi vacibdir. Qanunvericiliyə əsasən inzibati xəta törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi üçün onun təqsiri müvafiq qaydada sübuta yetirilməlidir. Lakin mənim barəmdə qəbul edilmiş qərarda hər hansı əsaslı sübut təqdim edilməmişdir. Nəqliyyat vasitələrinin çəkisinin müəyyən edilməsi üçün istifadə olunan texniki vasitələrin sertifikatlaşdırılmış və kalibrlənmiş olması vacibdir. Ona qarşı tətbiq edilən ölçmənin aparıldığı “Kistler 9835A”. markalı cihazın qanuni tələblərə uyğun olub-olmadığı, onun sertifikatlaşdırılması və kalibrlənməsi barədə ona heç bir məlumat təqdim edilməmişdir. İnzibati tənbeh tətbiq edən şəxsin sübut etmə vəzifəsi vardır. Hazırkı halda, 07 sentyabr 2025-ci il tarixli qərarı qəbul etmiş polis əməkdaşı nəqliyyat vasitəmin çəkisinin həddi aşdığını sübuta yetirmək üçün kifayət qədər hüquqi və texniki əsaslar təqdim etməmişdir. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin qərarları yalnız qanuna əsaslanmalıdır. Lakin bu qərar, heç bir obyektiv və hüquqi əsas olmadan qəbul edilmiş və onun hüquqlarını pozmuşdur. Nəqliyyat vasitəsinin çəkisi avtomobili üçün müəyyən edilmiş icazə verilən çəki həddinə tam uyğundur və heç bir yükləmə həddi aşılmamışdır. Avtomobil mütəmadi olaraq texniki yoxlamadan keçirilir və daşıma qaydalarına tam riayət olunur. Ona tətbiq olunan inzibati tənbeh qərarında qeyd edilən çəki ölçmə cihazı ilə ölçülən nəticənin də düzgünlüyü şübhə altına alınır. Bu sistem, statik vəziyyətdə olan nəqliyyat vasitələrinin çəkisini ölçmək üçün istifadə edilir və hərəkət halında olan avtomobilin çəkisini ölçməkdə dinamik təsirlər və sürət faktoru səbəbindən qeyri-dəqiqliklər yarana bilər. Bu səbəbdən, ona tətbiq olunan cərimənin əsassız olduğunu hesab edir. Onun avtomobilinin çəki həddi aşılmadığı halda, bu qərar əsassız olaraq qəbul edilib. Odur ki, Azərbaycan Respublikası DİNİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə və şikayətçi X3 lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki X4 EQ 30491479 saylı qərar ilə Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. 353.2-ci maddəsinə əsasən “anqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X2 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, araşdırma zamanı X2 hüquqlarının təmin edilməməsi, eləcə də iş üzrə toplanmış zəruri sübutların, inzibati icraat materialının təqdim edilməməsi sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmiş, bu isə öz növbəsində X2 şikayətinin qismən təmin edilməsinə, hazırki material üzrə tam, sonuncunun iştirakı ilə yenidən hərtərəfli, tam və obyektiv araşdırmanın təmin edilməsinə zərurət yaratmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30491479 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət digər hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar