Məhkəmə qərarları › İş №3(012)-32/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-32/2022

06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-32/2022 06.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 13.12.2021-ci il tarixli EP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən "xxxx" MMC tərəfindən 35000.00 (otuz beş min) Avro məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən həmin Bankda olan hesabından 13.11.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsi, xidmətlərin göstərilməsini və ya işlərin görülməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərdi ki, "xxxx" MMC tərəfindən 35000.00 (otuz beş min) Avro məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən həmin Bankda olan hesabından 13.11.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin ödənişişin müqabilində mal göndərilsədə dövlət rüsumu ödənilmədiyi üçün həmin mallar kömrüyün anbarında qalmışdır. Həmçinin "xxxx" MMC-nin müflis elan olunmasına dair Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edilmiş, hal-hazırda e-2-2(113)-6060/2021 saylı iş hakim Səbinə Nuriyevanın icraatındadır. ”Müflisləşmə və iflas haqqında” Qanunun tələblərinə əsasən borclu barəsində bütün məhkəmə araşdırmalarına və borcludan alınan məbləğlərin tutulmasına son qoyulur, borcluya qarşı tələblər yalnız iflas prosedura çərçivəsində irəli sürülə bilər. Sonda o, yuxarıda göstərilən xüsusatlara əsasən iş üzrə başlanılmış icraara xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə tənbeh tədbirinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyrirezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar: qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə həmin məsələni tənzimləyən “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 2 il ərzində ərzində müvafiq banka təqdim edilməsini tələb edir. İş materiallarında olan https://ibs2.bankofbaku.com/ibs2.0/jspreport/Statement.jsp 16.11.2021-ci il tarixli çıxarışdan görünür ki, “FERMER İ 39 MMC-nin hesabından “Simex Transport and Forwarding B V” şirkətinin bank hesabına 06 dekabr 2018-ci il tarixli, 17-SİM-010 nömrəli müqaviləyə əsasən 35000.00 (otuz beş min) Avro məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin 494MB, 16.11.2021-ci il tarixli məktubundan görünür ki, qabaqcadan aparılmış avans ödəmələri üzrə qanunvericiliklə müəyyən edilmiş 2 (iki) il ərzində gömrük bəyənnamələri, aktlar və ya pul vəsaitlərinin geri qaytarılmasını təsdiq edən müvafiq sənədləri banka təqdim etməmiş müəssisələrin siyahısında “FERMER İ 39 MMC-nin də adı qeyd edilmişdir. Məktubdan həmçinin müəyyən edilir ki, “FERMER İ 39 MMC tərəfindən 35000.00 (otuz beş min) Avro vəsaitin ödənişi 13.11.2019-cu il tarixdə həyata keçirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən “FERMER İ 39 MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən

1. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə;b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə;c) borclunu müflis elan etməkdən imtina barədə. 2. Məhkəmə iclasında baxılan iflas haqqında iş mahiyyətcə həll olunmadıqda məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar haqqında müvafiq qərar çıxarır: a) işə baxılmanın təxirə salınması barədə;b) iş üzrə icraatın dayandırılması barədə; c) işə xitam verilməsi barədə; ç) iddianın baxılmadan saxlanması barədə. Məhkəmə qəbul etdiyi qərarlarda borcların ödənilməsi tədbirlərinin, o cümlədən borclunun əmlakını təşkil edən aktivlərin müsadirəsinin dayandırılmasını (əgər bu təminatlı kreditorun hüquqlarını pozmursa) nəzərdə tuta bilər. 3. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Belə hallarda məhkəmə özünün müvafiq qərarında iflas haqqında əsassız ərizə verilməsi nəticəsində borcluya və ya kreditora (kreditorlara) dəymiş ziyanın əvəzinin ödənilməsinə dair göstəriş verə bilər. Məhkəmə zamanı müəyyən edildi ki, hazırda "xxxx" MMC-nin müflis olmasına dair məhkəmə qərarı olmadığı üçün “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin tətbiq edilməsinə yol verilmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC 35000.00 (otuz beş min) Avro məbləğində xarici valyutada olan vəsaiti 13.11.2019-cu il tarixli köçürmə ərizəsinə əsasən "xxxx" ASC-də olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini, xidmətlərin göstərilməsini və ya işlərin görülməsini, ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədi nə vasitəçi banka, nə Mərkəzi Banka, nədə ki, Məhkəməyə təqdim etməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “FERMER İ 39 MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş, yəni inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi məbləğində cərimə növündə tənbeh tədbiri təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 55, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

“FERMER İ 39 Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 35000.00 (otuz beş min) Avro valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 7000 (yeddi min) Avro məbləğində qərarın icra edildiyi gün manata olan məzənnə ilə cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar