Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3202/2025 14.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə daxil olmuş protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsindən daxil olmuş 3-33-3100/021/035508 nömrəli xx.xx.2025-ci il tarixli raporta əsasən "Hevo” MMC tərəfindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin müvəkkil bankın hesabına köçürülməsi haqqında hüquqi şəxsin ünvanına 3-33-3100/2-003890/2025 nömrəli xx.xx.2025-ci il tarixli bildiriş göndərilmişdir. Lakin, cəmiyyət tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal- ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin,xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. Cəmiyyətin hüquqi ünvanına (AZ0121, ünvan 14239/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilmiş, səlahiyyətli nümayəndə izahat verməsi üçün dəvət olunmuşdur. Hüquqi şəxsin hər hansı nümayəndəsi üzürlü səbəb bildirmədən çağırış üzrə gəlməmişdir. Gömrük xidmətinin X1 Sisteminin (VAİS) “Konsiqnasiya əməliyyatları üzrə hesabat” bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, "Hevo” MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş **********0710 nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli olan məbləğin qalığı 2895 ABŞ dolları təşkil edir. "Hevo” MMC-nin ixrac gömrük proseduru altında rəsmiləşdirdiyi mallara dair təqdim olunan xx.xx.2025-ci il tarixli **********0710 nömrəli gömrük bəyannaməsinin 20-ci qrafasının üçüncü yarımbölməsində qarşılıqlı hesablaşmanı üsulu “002 - malın dəyəri mal ixrac olunduqdan sonra ödənildikdə (ixracatçının bank hesabına köçürülməklə və ya hesaba mədaxil edilməklə)” qeyd olunmuşdur. Belə ki, "Hevo” MMC (Satıcı) ilə Qazaxıstan “VİDA CLİNİC” (Alıcı) tərəfindən qaytarılmamış xarici valyuta vəsaitlərinin (2895 ABŞ dolları) Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqpozmanın törədildiyi günlərdə olan ABŞ dollarının rəsmi məzənnəsinə (1 ABŞ = 1.7000 AZN) uyğun olaraq dəyəri 4921,5 manat təşkil etmişdir və həmin məbləğ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin qeydinə əsasən az miqdar hesab olunur. Beləliklə, "xxxx" MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Bu fakt Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsindən daxil olmuş 3-33-3100/021/035508 nömrəli xx.xx.2025-ci il tarixli raport, **********0710 sorğu nömrəli gömrük bəyannaməsi, VAİS informasiya resursuna baxış protokolu və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, qeyd olunan inzibati xəta haqqında protokol üzrə müəssisənin təqsiri yoxdur. Belə ki, gömrük orqanı tərəfindən texniki səhvə yol verilmişdir. Belə ki, sifariş edilmiş malların ödənişi əvvəlcədən edilmiş və daha sonra mallar ixrac olunsa da gömrük orqanı tərəfindən verilmiş gömrük bəyannaməsinin 20-ci qrafasının 3-cü yarım bölməsində malın dəyərinin sonradan ödənilməsi kimi qeyd olunmuşdur. Həmin məsələ ilə bağlı müvafiq gömrük orqanına müraciət edilmiş, daha sonra orqan tərəfindən yanlışlıq düzəldilmişdir. Yeni gömrük bəyannaməsində 001 kodu qeyd edilmişdir. Öncədən ödənişi təsdiq edən bank çıxarışlarını məhkəməyə təqdim edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin hüquqi ünvanına qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, lakin səlahiyyətləri orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64 və 112.1.4-cü maddələrinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bundan başqa inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi protokol tərtib etmiş G.Nərimanzadə ilə mobil telefon vasitəsilə əlaqə saxlanılmış və idarənin nümayəndəsi tərəfindən Şəxs MMC-nin sistemdə borcunun olmadığı, həmçinin daha sonradan bəyannamədəki kodun 001 dəyişdiyi bildirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 oktyabr 2025-ci il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən ixrac edilən malların müqabilində müvəkkil bankın hesabına köçürülməli olan məbləğin köçürülməsi haqqında 3-xx-xx-3100/2-003890-2025 saylı 15 oktyabr 2025-ci il tarixli bildiriş Şəxs MMC-nin ünvanına göndərilmiş, lakin Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac edilən malların müqabilində vəsaitlərin bəyan olduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. **********0710 sorğu nömrəli, 22 aprel 2025-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən Qazaxıstan respublikasında yerləşən “Vida Clinic”-ə ümumi invoys dəyəri 2895 dollar olan malları göndərmişdir. Qeyd olunan gömrük bəyannaməsinin 20-ci qrafasının 3-cü yarım bölməsində malın çatdırılma şərti kimi 002 kodu, yəni malın dəyərinin sonradan ödənilməsi kimi qeyd olunmuşdur. Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş **********0710 sorğu nömrəli, 22 aprel 2025-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən Qazaxıstan respublikasında yerləşən “Vida Clinic”-ə ümumi invoys dəyəri 2895 dollar olan malları göndərmişdir. Qeyd olunan gömrük bəyannaməsinin 20-ci qrafasının 3-cü yarım bölməsində malın çatdırılma şərti kimi 001 kodu, yəni malın dəyərinin öncədən ödənilməsi kimi qeyd olunmuşdur. Şəxs MMC tərəfindən təqdim edilmiş bank çıxarışlarından görünür ki, ödənişlər hüquqi şəxsə malların göndərilməsindən öncə, yəni 18 mart 2025-ci il tarixdə 2114 və 3350 dollar məbləğində vəsait ödənilmiş, daha sonra 13 may 2025-ci il tarixdə 2564 USD hüquqi şəxs tərəfindən geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.1.2-ci maddəyə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəyə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokola əlavə edilmiş **********0710 sorğu nömrəli gömrük bəyannaməsi üzrə “çatdırılma şərti” olan 20-ci qrafanın üçüncü yarım bölməsində malın dəyəri sonradan ödənilmiş – 002 nömrə kimi qeyd olunsa da, sonradan təqdim edilmiş gömrük bəyannaməsində qeyd olunan yarım bölmə 001 nömrə kimi, yəni malın dəyərinin əvvəlcədən ödənilməsi kimi qeyd olunmuşdur. Bundan başqa hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş bank çıxarışlarından görünür ki, , ödənişlər hüquqi şəxsə malların göndərilməsindən öncə, yəni 18 mart 2025-ci il tarixdə 2114 və 3350 dollar məbləğində vəsait ödənilmiş, nümayəndənin bildirdiyi kimi göndərilən malların bəzisi qüsurlu olduğu üçün 2564 USD idxalçı şirkətə geri qaytarılmışdır. 18 mart 2025-ci il tarixdə daxil olmuş məbləğin ümumilikdə 5464 USD olması, geri qalan məbləğin 2900 USD olmasına dəlalət edir. Tərtib edilmiş inzibati xəta haqqında protokolda isə geri qaytarılmamış məbləğin 2895 USD olması qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-ci maddəsinə əsasən də inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olmasına dair şübhələr onun xeyrinə həll olunur. Göründüyü kimi hüquqi şəxsin hərəkətləri qanunverciliyin tələbləri daxilində həyata keçirilmiş, lakin səlahiyyətli orqan tərəfindən texniki səhvə yol verilərək hüquqi şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi mövcud deyildir. Odur ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-3202/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3202/2025
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver