Məhkəmə qərarları › İş №3(012)-3242/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3242/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3242/2025 27.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun Məhkəmə iclasının katibi: Şükürov Nicat Rufulla oğlunun katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Tələbkar: Zərərçəkmiş şəxs2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxx 1975-ci il tarixdə Beyləqan rayonunun Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 27 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov protokolu müdafiə edərək bildirmişdir ki, Beyləqan rayon Məhkəməsinin 28 avqust 2021-ci il tarixli, 2(020)-1301/2017 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs X5 xeyrinə 1124 manat pul tutulması müəyyən edilmişdir. Beyləqan rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 28 avqust 2021-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Beyləqan rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli, 2(020)-953/2025 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 10300 manat məbləğində pul vəsaiti və iddianın verilməsi üçün ödənilmiş 120,90 manat məbləğində dövlət rüsumu iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə tutulması əmr edilmişdir. Beyləqan rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 22 sentyabr 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan sonra icra sənədi üzrə borclu Şəxs yaşadığı yerin Abşeron rayonu, Xırdalan şəhəri, X10, 18 saylı ünvanda yerləşən 78 saylı fərdi yaşayış evi olması müəyyən edildiyi üçün 02 oktyabr 2025-ci il tarixdə icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi müəyyən edilmişdir. Bundan başqa Beyləqan rayon 01 saylı Notariat Ofisində bağlanmış 07 avqust 2025-ci il tarixli icra qeydinə əsasən borclu Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 1194 manat 80 qəpk pul tutulması müəyyən edilmiş və həmin icra qeydi 8İ-5044 № ilə 07 avqust 2025-ci il tarixdə qeyd aparılaraq, informasiya sisteminə daxil edilmişdir. Bundan başqa Abşeron rayon Məhkəməsinin 3(012)-2137/2025 saylı, 08 sentyabr 2025-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 31 oktyabr 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə 27 noyabr 2025-ci il tarixli qərara əsasən Beyləqan rayon Məhkəməsinin 2(020)-1301/2017 saylı, 30 iyul 2021-ci il tarixli, Beyləqan rayon Məhkəməsinin 2(020)-953/2025 saylı, 23 iyul 2025-ci il tarixli, Beyləqan rayon 01 saylı Notariat Kontorunda 8İ-5044, 07 avqust 2025-ci il tarixli və Abşeron rayon Məhkəməsinin 3(012)-2137/2025 saylı, 08 sentyabr 2025-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Qeyd olunan icra vərəqləri üzrə Şəxs tərəfindən borc üzrə müəyyən məbləğlər ödənilsə də hazırda ödənilməmiş borcu 13000 manatdan çox ödənilməmiş borcu yaranmışdır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək tərtib edilmiş protokolla bağlı özünü təqsirli bildiyini, lakin icra sənədləri üzrə olan borcu ödəməsinə səhhətindəki xəstəliklərin imkan vermədiyini, şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün yaxın günlərdə ayaq nahiyəsindən əməliyyat olunacağını və qısa müddət ərzində borcunun ödənilməsi üçün tədbirlər görəcəyini bildirərək, barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak edərək icra sənədi üzrə ona ödənilməli olan məbləğin hissə-hissə deyil, birdəfəyə ödənilməsini, əks təqdirdə borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. X7 məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Beyləqan rayon Məhkəməsinin 28 avqust 2021-ci il tarixli, 2(020)-1301/2017 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs X5 xeyrinə 1124 manat pul tutulması müəyyən edilmişdir;

2. Beyləqan rayon Məhkəməsinin 28 avqust 2021-ci il tarixli, 2(020)-1301/2017 nömrəli icra vərəqəsi ilə bağlı 28 avqust 2021-ci il tarixdə Beyləqan rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir.

3. Beyləqan rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli, 2(020)-953/2025 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 10300 manat məbləğində pul vəsaiti və iddianın verilməsi üçün ödənilmiş 120,90 manat məbləğində dövlət rüsumu iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə tutulması əmr edilmişdir;

4. Beyləqan rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli, 2(020)-953/2025 nömrəli icra vərəqəsi ilə bağlı 22 sentyabr 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

5. Beyləqan rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli, 2(020)-953/2025 nömrəli icra sənədi üzrə borclu Şəxs yaşadığı yerin Abşeron rayonu, Xırdalan şəhəri, X10, 18 saylı ünvanda yerləşən 78 saylı fərdi yaşayış evi olması müəyyən edildiyi üçün 02 oktyabr 2025-ci il tarixdə icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi müəyyən edilmişdir;

6. Beyləqan rayon 01 saylı Notariat Ofisində bağlanmış 07 avqust 2025-ci il tarixli icra qeydinə əsasən borclu Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 1194 manat 80 qəpk pul tutulması müəyyən edilmiş və həmin icra qeydi 8İ-5044 № ilə 07 avqust 2025-ci il tarixdə qeyd aparılaraq, informasiya sisteminə daxil edilmişdir.

7. Abşeron rayon Məhkəməsinin 3(012)-2137/2025 saylı, 08 sentyabr 2025-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir;

8. Abşeron rayon Məhkəməsinin 3(012)-2137/2025 saylı, 08 sentyabr 2025-ci il tarixli icra vərəqəsi ilə bağlı 31 oktyabr 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir.

9. Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə 27 noyabr 2025-ci il tarixli qərara əsasən Beyləqan rayon Məhkəməsinin 2(020)-1301/2017 saylı, 30 iyul 2021-ci il tarixli, Beyləqan rayon Məhkəməsinin 2(020)-953/2025 saylı, 23 iyul 2025-ci il tarixli, Beyləqan rayon 01 saylı Notariat Kontorunda 8İ-5044, 07 avqust 2025-ci il tarixli və Abşeron rayon Məhkəməsinin 3(012)-2137/2025 saylı, 08 sentyabr 2025-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir.

Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, X8 icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 32-ci maddəyə əsasən Şəxs orqanizm funksiyalarının 31–60 faiz pozulması səbəbilə əlilliyi müəyyən edilmiş şəxs olması, onun əməlinin yüngülləşdirici halı kimi nəzərə alınır; 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X8 icra sənədləri ilə üzərinə qoyulmuş vəzifələri icra etməmiş və ödəniş etməməsinə səbəb olaraq maddi imkanının və səhhətində olan xəstəliklərin buna imkan vermədiyini qeyd etsə də məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz olaraq icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, sonuncunun inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar