Məhkəmə qərarları › İş №3(012)-3269/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3269/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3269/2025 18.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, X1 iştirakları ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X9 tərəfindən qəbul edilmiş TP ******* saylı, 20 noyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. X2 şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qartal Tikinti Firmasında firma direktorunun xidməti avtomobilinin sürücüsü vəzifəsində işləyir. 20 noyabr 2025-ci il tarixində, səhər saat 10:07-də Sumqayıtdan Bakı istiqamətində hərəkət edərkən Bakı-Quba-Rusiya yolu, 12 km-də Xırdalan qəbiristanlığının yaxınlığında olan yerüstü piyada körpüsünü keçəndən sonra qəbiristanlığın hasarına yaxın yerdə hərəkət edərkən ** YP *** dövlət nömrə nişanı olan maşında Abşeron DYP Yol Patrul Xidməti İnspektoru polis serjantı X9 mikrofonla israrla, 5 dəfəyə ona komanda verdi ki, sağa çıx. Mən avtobus zolağına qədər sağa çıxdım, amma zolağa girmədi. O isə, sağa sıx, yolun kənarında saxla deyə komandalarını təkrarladı. O, bilirdi ki, onun göstərdiyi yer avtobus zolağıdır, oraya giriş qadağandır. Digər tərəfdən də, polisə tabe olmamaq da qadağandır. 5-ci tələbdən sonra o Mercedes S500 markalı, dövlət nömrə nişanı ** AA *** olan xidməti maşını avtobus zolağına çəkib saxladı. Əməkdaş ona yaxınlaşıb bildirdi ki, “sən telefonu əlinə alıb danışmışan, ona görə qaydanı pozmusan, mən sənə indi protokol tərtib edəcəyəm”. O ona bildirdi ki, telefonla danışmamışdır, telefona waze proqramından istifadə üçün baxır, telefon yana aşdığı üçün onu yerinə qoymuşdur. Maşında waze proqramı üçün istifadə etdiyi və sağ tərəfındəki xüsusi yerə qoyduğu telefonu ona göstərmişdir. O, telefonla bağlı onun iradının əsassız olduğunu bildirdikdən sonra, polis əməkdaşı ona dedi ki, həmçinin, avtobus zolağında dayanmısan, kamera sistemindən də sənə cərimə gələcək. O, birbaşa rüşvət istəməsə də danışığından başa düşdü ki, ondan protokolların yazılmaması üçün pul almaq niyyətindədir. O, bildirdi ki, “bu Qartal Tikinti Firmasının direktoru Şahin Məmmədovun xidməti maşınıdır, əgər siz mənə qanunsuz protokol yazarsınızsa, o, sizin ciddi cəzalandırılmağınız üçün tədbirlər görəcək, qərarın ləğv edilməsi üçün Məhkəməyə şikayət ünvanlayacaq.” Buna baxmayaraq, polis əməkdaşı izah vermədən çıxıb getdi. Onun telefonuna sms radar proqramı vasitəsilə iki İXP ******* nömrəli və EQ32112904 nömrəli protokollar daxil oldu. O, Abşeron rayon Yol Polisi şöbəsinə gedib, bu protokollar üzrə qərarları aldı Qərar TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli, M.İ.E 119, AH 8, Bakı- Quba-Rusiya yolu, 12 km Qərara alınıb: X4 xx.xx.2025-ci il tarixdə, saat 10:07-də M.İ.E 119, AH 8, Bakı-Quba-Rusiya yolu, 12 km ərazidə Mercedes benz S500 minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6.-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və 50 AZN məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilsin. Elektron qərar TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli: Qərara alınıb: X4 xx.xx.2025-ci il tarixdə, saat 10:04-də Bakı Quba yolu 12 km ərazidə Mercedes benz S500 minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.1-1.5.9,5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və 100 AZN məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilsin. Buradan belə qənaətə gəlmək olar ki, Abşeron rayon DYP əməkdaşları rüşvət almaq məqsədilə sürücünü məcburi avtobus zolağına yönəldir. Abşeron DYP əməkdaşları yeni rüşvət alma metodu icad edib və sürücüləri məcburi avtobus zolağına qovmaqla onları cəzalandırıb hüquqlarını pozurlar. Mən DYP əməkdaşının bu qanunsuz hərəkətindən firmanın direktoru Şahin Məmmədova məruzə etdi. O tövsiyyə etdi ki, təcili 102 qaynar xəttinə şikayət et. O, saat 13:13-də 102 qaynar xəttinə şikayət edərək hadisəni təfərrüatı ilə operatora bildirdi. Belə ki, Polis əməkdaşı onu saxlayan zaman o, telefonla danışmamışdır. Telefonunda waze proqramı quraşdırmış, sağ tərəfində aşağıdakı şəkildə göstərilən yerdə qoyaraq gedəcəyi yeri müəyyən etmək üçün saxlayır. DYP onu saxlayan ərəfədə telefon yana doğru aşdığından o, onun yerini düzəldib şaquli istiqamətdə qoymuşdur. Ancaq telefonla danışmamışdır. 20 noyabr 2025-ci il tarixində onun DYP tərəfindən saxlanıldığım ərəfədə aşağıdakı danışıqları olub: Saat 08:14-də iş yoldaşım Arzuman +994 77 *** ** ** nömrəsindən ona zəng edib. 11:25-də mən firmanın direktoru Məmmədov Şahinə zəng edib hadisə barədə məlumat vermişdir. Telefonda bu məlumatlar qalmaqdadır.Bu fakt sübut edir ki, Abşeron DYP Yol Patrul Xidməti İnspektoru polis serjantı X9 ona böhtan atmaqla qərar qəbul etmişdir. O, telefonla danışmamışdır, iş materiallarına əlavə edilən şəkildə göstərilən variantda yana yıxılmış telefonun yerini şaquli vəziyyətdə dəyişmişdir. Odur ki, şikayətin təmin olunmasını və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayət ərizəsində yazılanlara uyğun izahat verərək şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki X4 TP ******* saylı qərar ilə Azərbaycan Respublikası İXM-in 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X3 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X3 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, araşdırma zamanı X3 hüquqlarının təmin edilməməsi, eləcə də iş üzrə toplanmış zəruri sübutların, inzibati icraat materialının təqdim edilməməsi sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmiş, bu isə öz növbəsində X3 şikayətinin qismən təmin edilməsinə, hazırki material üzrə tam, sonuncunun iştirakı ilə yenidən hərtərəfli, tam və obyektiv araşdırmanın təmin edilməsinə zərurət yaratmışdır. Bundan başqa məhkəmə iclasında müəyyən olunmuşdur ki, X5 barəsində 20 noyabr 2025-ci il tarixdə həm TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar, həm də EQ 32112904 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir və qəbul edilmiş hər iki qərara əsasən inzibati xətanın törədilməsi eyni vaxtda olmuşdur. Lakin səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri pozulmuş, şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməli olduğu halda eyni vaxtda törədilmiş hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət digər hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar