Məhkəmə qərarları › İş №3(012)-327/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-327/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-327/2025 21.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərardan şikayət verən şəxs: X1 iştirakı ilə, X1 Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 25 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv edilməsi barədə şikayəti Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 25 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən Cavid Hacıyev şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərar qəbul edilmişdir. Belə ki, həmin qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. O, ünvan 1 ünvanında qeydiyyatda olsada, faktiki olaraq ailəsi ilə birlikdə Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 97 saylı fərdi yaşayış evdə yaşayır. Qeyd edilən qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmişdir. O, qəti şəkildə Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı qəbul etmir. Ona görə ki, həmin qərar əsassız şəkildə qəbul edilmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə barəsində qəbul edilmiş qərarı dəfələrlə etdiyi müraciətdən sonra, yəni 27 yanvar 2025-ci il tarixdə əldə etmişdir. O, dəfələrlə şikayət etməsinə baxmayaraq, onun ünvanına qərar ilə bağlı heç bir məlumat göndərilmədiyindən o, məcbur olaraq Baş DYPİ-nin inzibati binasına yaxınlaşaraq qərarın surətini əldə etmişdir. Onun şikayətinə cavab göndərildiyi bildirilmiş, həmin poçt ünvanına heç bir poçt göndərişi daxil olmamışdır. Yenə də bildirir ki, o, qərarı xx.xx.2025-ci il tarixdə əldə etmişdir. O, sənədləri əldə etdikdən sonra şikayəti məhkəməyə ünvanlamaq qərarına gəlmişdir. Qeyd etməyi vacib bilir ki, haqqında qəbul edilmiş qərar qərəzli mövqe tutur. Ona görə ki, o, heç bir qanun pozuntusuna yol verməyərək, düz 20 ildir ki, yaşadığı ünvanda evinin önündə avtomobilini saxlamışdır. Belə çıxır, o, hər dəfə buna görə cərimə olunacaqdır. 20 ildir ki, eyni vəziyyətdə avtomobil evinin önündə saxlanılır və ilk dəfədir ki, belə bir hadisə ilə qarşı-qarşıya gəlmişdir. Ona görə də qəti şəkildə qərarı qəbul etmir. Göstərilənlərə əsasən Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 25 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərardan şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati qərardan şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 25 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 25 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 07 yanvar 2025-ci il tarixdə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 150 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 25 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X3 xx.xx.2024-cü il tarixdə saat 20:06-da Abşeron rayonu, R.Cəlilov döngə 01, (Saray) 2 ünvanında “AZ SAMAND” minik markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən 25 dekabr 2024-cü il tarixli, TP ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 tərəfindən sözügedən inzibati xəta hadisəsinin 25 dekabr 2024-cü il tarixdə törədilməsinə baxmayaraq, şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərar 32 gün sonra, yəni 27 yanvar 2025-ci il tarixdə qəbul edilmişdir. Qərarın hadisənin törədilməsi vaxtından 32 gün sonra qəbul edilməsi məhkəmədə haqlı suallar yaratmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində 25 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmayaraq inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir Beləliklə, məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmiş, bu isə öz növbəsində X1 şikayətinin qismən təmin edilməsinə, hazırki material üzrə sonuncunun iştirakı ilə yenidən hərtərəfli, tam və obyektiv araşdırmanın təmin edilməsinə zərurət yaratmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏRARA ALDİ:

X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 25 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət digər hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar