Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-328/2024 28.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, İbrahimov Bəhram İqrar oğlunun katibliyi, qərardan şikayət vermiş X2 vəkili Vəkil iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin X8 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarından vermiş olduğu şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Abşeron DYP Yol Patrul Xidməti İnspektoru Polis X1 tərəfindən tərtib edilmiş TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş Sabir Məmmədovun vəkili Vəkil şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, Sabir Məmmədov xx.xx.2023-cü il tarixdə saat 08:15 radələrində BMW 525 minik markalı, 77MS071 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Saray təzə yol ərazisində hərəkət edərkən, 90YP633 dövlət qeydiyyat nişanlı Abşeron DYP Yol Patrul Xidməti İnspektoru Polis X1 ona yaxınlaşaraq saxla əmri vermiş və o, avtomobili saxlamışdır. Sabir Məmmədov səbəbini soruşduqda isə ona ərazidə sürət həddini aşması, avtomobili 70 sürət həddi ilə idarə etməli olduğu halda 120 surətlə idarə etməsi bildirilmişdir. Bundan sonra o, haqlı olaraq bunun sübutunu və elektron formada göndərilməsini tələb etmişdir ki, əgər belə bir hal baş veribsə, barəsində tətbiq edilmiş cərimə ödəniləcək. DYP Xidməti əməkdaşları tərəfindən yol verilən nöqsana görə barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq olunacağı bildirilmişdir. Bu halı sübuta yetirə bilməyən polis əməkdaşları daha bir tələb irəli sürdü ki, guya avtomobildə konstruksiya dəyişiklikləri etmişdir. O, haqlı olaraq bu halın da sübutunu tələb etmiş, lakin yenə də əməkdaşlar tərəfindən heç bir dəlil sübut göstərilmədən bu nöqsana görə də baarəsində 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq olunması, əks halda, məsələ yerində həll olunmasa, avtomobil cərimə meydançasına aparılmalı olduqları bildirilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən qeyri-qanuni olaraq, avtomobili BMW servisə aparılmadan, onun iştirakı ilə rəsmi qaydada yoxlanış olmadan avtomobil duracağa yerləşdirilmişdir. Əslində isə, avtomobil servisə onun iştirakı ilə aparılmalı, onun yanında sökülərək yerində sübuta yetirilməli idi. Əgər belə bir hal baş vermişdirsə, yerində protokol tərtib olunmalı idi. İnspektorların iştirakı olmadan avtomobili cərimə meydançasında içi və çölü təhvil alınmadan yerləşdirərək açarla bağlamış və sənədlər özündə qalaraq hadisə yerindən uzaqlaşmışdır. Həmin gün Sabir Məmmədov 102-902 qaynar xəttinə müraciət edərək cənab nazirə elektron formada şikayətini bildirmiş, növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə Abşeron DYP Xidmətinin əməkdaşı Tural Şəkərov tərəfindən ona zəng olunaraq, bölməyə dəvət olunmuşdur. O, bunun səbəbini soruşduqda isə tərtib olunmuş protokolla bağlı getməli olduğu bildirilmiş, o isə hər-hansı bir protokolun tərtib olunmadığını bildirdikdə Tural Şəkərov yenidən ona bölməyə gəlin məsələni icraçıyla aydınlaşdıraq deyə cavab vermişdir. Halbuki, hadisənin üzərindən 24 saat keçmişdi. Daha sonra bölməyə yaxınlaşmış və artıq Sabir Məmmədova konstruksiya dəyişikliyinə görə 150 (yüz əlli) manat məbləğində elektron cərimə tətbiq olunmuşdur. Sabir Məmmədov qeyri-qanuni olaraq yazılmış həmin cərimədən rəsmi qaydada şikayət etmiş və yaxınlaşaraq avtomobili cərimə meydançasından təhvil almış, cəriməni isə ödəməmişdir. Həmin günün ikinci yarısı Abşeron Rayon Prokurorluğuna rəsmi yazılı şikayət ərizəsi vermişdir. Sabir Məmmədovun nöqsanı sübuta yetirmədən Abşeron DYP Xidmətinin etdiyi bu qanunsuz hərəkəti qətiyyən qəbul etmir. Hal-hazırda tətbiq olunmuş cəriməyə dəbbə hesablanır. Sabir Məmmədov məsələ ilə bağlı, araşdırılaraq ədalətli, obyektiv qərar verilməsi ilə bağlı Respublika Baş Prokurorluğuna da rəsmi şəkildə yazaraq müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsinə göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Abşeron rayon X8 Yol Patrul Xidməti inspektoru, polis X1 tərəfindən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 06 dekabr 2023-cü il tarixdə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 150 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni əqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun: 1 saylı Əlavənin 3 bəndinə əsasən
1. xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda; (Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir.)
2. faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda;
3. Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda;
4. İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə;
5. Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda;
6. Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır.
Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə üzrə X5 barəsində vəzifəli şəxs tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda quraşdırılmış avadanlığın dəyişdirilməsinin nədən ibarət olması göstərilməmiş, Məcəllənin müvafiq maddəsi qeyd olunmaqla kifayətlənilmiş, heç bir sübuta istina edilmədən qərar qəbul edilmiş, həmçinin şəxsin inzibati xətanı törətməsi və qərar qəbul edilərkən vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və yekun olaraq polis əməkdaşı öz mülahizəsinə əsasən protokol tərtib edilərək, ona 150 manat məbləğində cərimə tətbiq edilmişdir. Qeyd edilən xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X5 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin X8 Şöbəsinin nümayəndəsi sübutları, hadisəni əks etdirən foto və video görüntüləri məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, və şikayətçinin avtomobilində olan konstruksiyasının nədən ibarət olmasını müəyyən edilməməklə qərar qəbul etmiş, bununla bağlı hər hansı mütəxəssis və ya ekspert rəyi alınmamış, hər hansı normativ akta istinad edilməmiş, bu isə öz növbəsində X2 şikayətinin qismən təmin edilməsinə əsas olmuş, barəsinə inzibati tənbeh tətbiq edilmiş şəxsin iştirakı ilə yenidən araşdırılma aparılmasına və qərar qəbul edilməsinə zərurət yaratmışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin X8 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Abşeron Rayon Polis İdarəsinin X8 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Abusət Qasımov