Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-3293/2025 03.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin icraatına Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı 76381989 nömrəli protokol və material daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 101-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İXM-in 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Azərbaycan Respublikası İXM-in 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Hazırki inzibati xəta haqqında protokol Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar əsasında qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, müvafiq cinayət işinin rədd edilməsi barədə qərarın mövcud olması inzibati xəta haqqında icraat başlamış səlahiyyətli vəzifəli şəxsi zərurət olduqda əlavə araşdırma aparma vəzifəsindən azad etmir. Belə ki, yol-nəqliyyat hadisəsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin (şəxslərin) səhhətinə yetirilmiş xəsarətin dərəcəsindən aslı olaraq cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilir. Zərərçəkmiş şəxsin (şəxslərin) səhhətinə yetirilmiş xəsarətin dərəcəsi təyin edilmədikdə və ya yüngül dərəcəli bədən xəsarəti yetirildikdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilir, bundan sonra aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs yalnız rədd materialları ilə kifayətlənməməli, zərurət olduqda iş üzrə əlavə araşdırma apararaq işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və yalnız bundan sonra inzibati xəta haqqında protokol tərtib etməlidir. Belə ki, “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar və həmin qərarla müəyyən edilmiş hallar inzibati xəta haqqında iş üzrə icraat zamanı preyudisial hüquqi əhəmiyyət kəsb etmir. İş materiallarından görünür ki, inzibati xəta haqqında materialına əlavə edilmiş sənədlər kserosurətdən ibarətdir. Bu da özü-özlüyündə rədd qərarından sonra səlahiyyətli vəzifəli şəxs tərəfindən protokol tərtib edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları yenidən alınmamış, yalnız rədd materialından həmin izahatların kserosürətlərini inzibati materiala əlavə etməklə kifayətlənmişdir. İnspektor tam araşdırma aparmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsaslanaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatının alınmasını və qiymətləndirilməsini ona görə zəruri hesab edir ki, məhz onların izahatı alındıqdan və qiymətləndirildikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərinə qiymət verilərək onun inzibati xətaya yol verib-verməməsini müəyyən etmək, o cümlədən İXM-in 19- cu maddəsinə müvafiq olaraq onun son zərurət vəziyyətində hərəkət edib-etməməsi məsələsinə qiymət verilməsi mümkündür Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları isə işin məhkəmə baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin maddədə nəzərdə tutulan əsasları, o cümlədən də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi (maddə 106.0.3) və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması (maddə 106.0.5) məsələlərinə də baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən məhkəmə nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə geri qaytarılmalıdır.. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və materiallar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-3293/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-3293/2025
03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver